Olimpiadanın bürünc medalı son hədd deyil

Müsahibələrindən birində dediyi kimi, Məhəmmədrəsul Məcidov boksla gec, 19 yaşından məşğul olmağa başlayıb. Bir çox idmançılar isə bu yaşda artıq özlərinin böyük qələbələrini qazanır, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında fəxri kürsüyə yüksəlirlər. Müqayisə üçün uzağa getməyək. Məcidovun Azərbaycan yığmasındakı komanda yoldaşı 19 yaşlı Teymur Məmmədov Avropa çempionu, dünya çempionatının gümüş və Olimpiya oyunlarının bürünc mükafatçısıdır. Digər tərəfdən də, Məhəmmədrəsul rinqə gec qədəm qoysa da, dünya çempionu adı qazanmış və Teymur kimi, Azərbaycana London Olimpiadasının bürünc medalı ilə qayıtmışdır. 
M.Məcidovun Ağası Məmmədovdan sonra boks üzrə ikinci dünya çempionumuz olduğunu da xüsusi qeyd etmək lazımdır. Afinada XXVIII Yay Olimpiya Oyunlarının bürünc mükafatını da qazanmış Məmmədov 2003-cü ildə Tailandda keçirilən dünya çempionatında birinci yeri tutub idmanın bu növündə ilk azərbaycanlı dünya çempionu olduqdan sonra doqquz il idi ki, ölkəmizdə bu adı tək-tənha daşıyırdı. Ötən ilin oktyabrından isə Məcidovun da adı onunla yanaşı çəkilir.
Payız - 2011-də planetin rinq ustaları Bakıya toplaşmışdılar. Paytaxtımızda təşkil edilən dünya çempionatının ən yaxşı boksçularını medallarla yanaşı, Olimpiyada - 2012-yə lisenziyalar da gözləyirdi.
Ən ağır çəki dərəcəsində keçirilən görüşlərdə azərbaycanlı idman həvəskarlarının diqqəti təbii ki, Məhəmmədrəsula yönəlmişdi. O da, sağ olsun, ümidləri tam doğrultdu, döyüşdüyü rəqiblərin heç birinə aman verməyib 91 kq-dan yuxarı çəki dərəcəsində dünya çempionatının ən güclü boksçusu olduğuna şəkk-şübhə qoymadı. Məcidova qızıl medalı və Azərbaycanın ikinci dünya çempionu adını ilkin mərhələlərdə özbəkistanlı və kolumbiyalı rəqiblər üzərində qələbələr, sonra güclü boks dövlətləri kimi tanınan Kuba və Qazaxıstan təmsilçiləri ilə görüşlərdə müvəffəqiyyət, finalda isə ingiltərəli Entoni Çoşua ilə döyüşdə rəqibin endirdiyi zərbələrdən bir artıq zərbə təmin etdi. Həlledici görüşün taleyi yalnız bir xal fərqlə həll olunsa da (22:21) bu, Azərbaycan boksçusunun dünya çempionu adı qazanması üçün kifayət etmişdi. Heydər Əliyev adına İdman - Konsert Kompleksində Məcidovun qələbəsi şərəfinə dövlət himnimizin əzəmətli melodiyalarını dinləmək bir vaxtlar ulu öndərin təşəbbüsü ilə inşa olunmuş gözəl idman sarayına toplaşan boks həvəskarlarımıza böyük zövq verirdi, hamı bu qələbəni öz qələbəsi kimi qəbul edirdi.
Amma, sən demə, dünya çempionu bu tarixi nailiyyətə doğru yolda çətinliklərlə üzləşmiş, rinqə zədəli halda çıxmışdı. Çempionatdan dərhal sonra Azərbaycan komandasının o vaxtkı baş məşqçisi Yevgeni Kotov bu barədə qısaca belə deyəcəkdi: - Çoxları bilmirdi ki, Məhəmmədrəsul Məcidov dünya çempionatı döyüşlərinə sınıq qabırğa ilə başlamışdır.
Göründüyü kimi, zədə ona mane olmamış, çətinliklər qarşısında geri çəkilməmişdir. Məşğələlərə gec başlamasına və təbii ki, bir boksçu kimi xuüsusi istedadı olmamasına baxmayaraq, möhkəm iradəsi, əzmkarlığı və yüksək fiziki hazırlığı Məhəmmədrəsula bütün rəqiblərindən yaxşı döyüşüb dünya çempionatının qızıl medalını qazandırmışdır. İdman - Konsert Kompleksində final görüşündən sonra tamaşaçıların çempionu necə böyük sevinclə alqışladıqları indiyə qədər yaxşı yadımdadır. Onu da xatırlayıram ki, qaliblərin mükafatlandırılması mərasimində Məcidova qızıl medalı final görüşlərini sarayın tribunasından izləyən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev təqdim etmişdi.
Dünya çempionunun həyatında bu unudulmaz və çox fərəhli an 2011-ci ilin oktyabrında baş vermişdi. İlin sonunda isə o, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) yaydığı bir xəbərə sevindi. Həmin xəbərdə bildirilirdi ki, Azərbaycan yığma komandasınn üzvü Məhəmmədrəsul Məcidov ilin ən yaxşı boksçusu hesab edilmişdir. Elə buradaca onu da qeyd etmək yerinə düşər ki, dünya çempionu 2011-ci ildə Azərbaycanın ən yaxşı idmançısı kimi də təbrikləri qəbul etmişdir.
Nəticədə ili yüksək nailiyyət və gözəl əhval-ruhiyə ilə başa vuran yığma komandamızın boksçusu özünə yaxşı hörmət qazandı, hər yerdə rəğbətlə qarşılandı. Bu barədə özü bir dəfə belə demişdir:
- Dünya çempionatında qələbədən sonra daha populyar olmuşam. İndi hamı mənim uğurlarımla maraqalanır. Azarkeşlərin çoxaldıqca isə bu sənin üçün çox fərəhli haldır.
Həqiqətən də, Olimpiya ili olan 2012-ci ilə inamlı addımlarla, böyük ruh yüksəkliyi və dünya idmançılarının ən ali məclisinin ən yüksək mükafatını qazanmaq arzusu ilə qədəm qoymaq üçün yaxşı zəmin, hər cür əsas yaradılmışdı. Bütün hazırlıq prosesi də məhz bu məqsədə nail olunmasına yönəldilmişdi.
Burada olimpiya rinqində və onun ətrafında baş verən hadisələr haqqında danışmazdan əvvəl zamanı bir qədər qabaqlayıb Məhəmmədrəsul Məcidovun müsahibələrindən birində söylədiyi fikrə diqqət yetirək:
- London Olimpiya Oyunlarında əsas məqsədim qızıl medal qazanmaq idi. Amma hakimlərin rəqibin xeyrinə qərar verməyi istəyimə çatmağa mane oldu. Düzdür, zədəli olmağım da çıxışıma öz mənfi təsirini göstərirdi. Hazırda bürünc medalla kifayətlənirəm. Altı il yarımdır ki, boksla məşğul oluram. Bu idman növü ilə bir qədər gec, 19 yaşımda məşğul olmağa başlamışam. Yeni-yeni uğurlar qazanacağıma inanıram.
İndi isə qayıdaq London rinqinə. Olimpiadanın onuncu günü idi. Məcidov dörddəbir finalda Rusiya boksçusu, layiqli rəqib kimi yaxşı tanıdığı Məhəmməd Ömərovla qarşılaşırdı. Bu görüşün qalibi adını yarımfinalçılar sırasına yazdıracaqdı. Birinci raundda rəqiblərdən heç biri üstünlük qazana bilmədi - 4:4. İkinci raundda rusiyalı bir xal fərqlə hesabda irəli oldu - 7:6. Həlledici raundda fiziki cəhətdən daha yaxşı təsir bağışlayan və zərbələri də daha dəqiq olan (7:3) Məhəmmədrəsul qələbəsinə heç bir şübhə yeri qoymadı. Döyüşdən 17:14 hesablı qələbə ilə ayrılan Azərbaycan idmançısı artıq yarımfinalda idi. Bundan əvvəl, səkkizdəbir finalda Konqo Demokratik Respublikasının təmsilçisi Məci Muanbanı döyüşü vaxtından əvvəl dayandırıb rinqi ağır məğlubiyyətlə tərk etməyə məcbur edən boksçumuz indi bir qədər rahat nəfəs ala bilərdi, o, ən azı bürünc medalı özünə təmin etmişdi.
Təəssüf ki, yarımfinalda Roberto Kamarellanı (İtaliya) keçmək mümkün olmadı. Hər iki rəqib üçün çox çətin və gərgin görüşdə iki raunddan sonra 10:10 hesabı qeydə alındı (birincidə 6:4, ikincidə 4:6), üçüncü hissədə isə hakim italiyalının kiçik fərqlə qalib gəldiyini bildirdi, hərçənd çoxlarının fikrincə, Məcidov də qələbəyə layiq idi.
Məhəmmədrəsul Londona Olimpiya oyunlarının qızıl medalını qazanmaq arzusu ilə getmişdi və bunun üçün əlindən gələni əsirgəmədi, var qüvvəsini rinqdə qoydu. Birinci olmaq məqsədinə çatmasa da, hər halda, Azərbaycana bürünc medal qazandırdı və Olimpiadanın mükafatçısı olması ilə fəxr edə bilər.
Təsadüfi deyil ki, yığma komandamızın İngiltərə paytaxtının olimpiya meydanlarında qazandığı on medaldan birinin sahibi Azərbaycanda böyük hörmətlə qarşılandı, çıxışı yüksək qiymətləndirildi. Dövlət başçımız cənab İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında qazandıqları nailiyyətlərə görə Olimpiadada fəxri kürsüyə yüksəlmiş digər idmançılarımızla yanaşı, onu da mükafatlandırdı, "Tərəqqi" medalına layiq gördü. Məhəmmədrəsul doğulub boya-başa çatdığı Dağıstanın Akuşin rayonunun Urxuçimaxi kəndində də hamının sevimlisinə çevrilmiş, burada ünvanına çoxlu tərif söylənilmiş, müxtəlif mükafatlar almış, doğma kəndində yenicə inşa olunmuş idman zalına onun adı verilmişdir. Bu isə o deməkdir ki, indi həmin zalda məşğul olan yeniyetmələr, gənclər Məcidovdan nümunə götürməyə, ona oxşamağa çalışacaqlar.
Sentyabrın 27-də Məhəmmədrəsul Məcidov özünün növbəti ad gününü qeyd etmiş, 26 yaşı tamam olmuşdur. O, məhz bu yaşda Olimpiya oyunlarında fəxri kürsüyə yüksəlmişdir. Lakin bürünc medalla kifayətlənmək fikrində deyil. Dörd ildən sonra Braziliyada keçiriləcək XXXI Olimpiadaya da lisenziya qazanmaq, sonra da onu qızıl medala çevirmək istəyir:
- Əlbəttə, 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək Olimpiadaya səylə hazırlaşacağam. İdmançı dostlarım və məşqçim növbəti Olimpiya oyunlarında iştirak etməyi məsləhət görürlər. Görək, növbəti Olimpiada ərəfəsində hansı formada olacağam. Dörd il böyük müddətdir. Qabaqcadan böyük ümidlər bəsləsəm də, necə deyərlər, hər günün öz hökmü var. Lakin Rio-De-Janeyroda çıxış etməyi, qələbə qazanmağı qarşıma məqsəd qoymuşam. Ümid edirəm ki, bu mənə qismət olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında