Dünya çempionatı dörddəbir finala yaxınlaşır

Azərbaycanda keçirilən 17 yaşınadək qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turu ərəfəsində çempionat haqqında müxtəlif saytlarda verilmiş qeydləri gözdən keçirərkən iki xəbər diqqətimi cəlb etdi. 
Onlardan birində bildirilirdi ki, Beynəlxalq Futbol Federasiyasının (FİFA) yaydığı statistik göstəricilərə əsasən Azərbaycanda dünya çempionatının ilk səkkiz oyununu 87600 azarkeş, yaxud orta hesabla hər görüşü 10950 nəfər izləmişdir. Bu isə o deməkdir ki, orta göstərici 2008-ci ildə Yeni Zelandiyada və 2010-cu ildə Trinidad və Tobaqoda keçirilmiş ilk iki çempionatın orta göstəricilərindən xeyli yüksəkdir.
Digər xəbərdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Futbol Komitəsinin rəhbəri Keir Radnedgenin fikirləri yer almışdı: - "Bakıya ilk dəfədir səfər edirəm. Burada gördüyüm inkişaf məni heyran etdi. Azərbaycanın 17 yaşlıların dünya çempionatına ev sahibliyi etməsi beynəlxalq idman aləmində böyük hadisədir. Bu mötəbər idman yarışının Bakıda keçirilən açılış mərasimi isə həqiqətən möhtəşəm oldu".
Azərbaycan və dünya çempionatı haqqında deyilmiş bu xoş sözlərdən sonra qayıdaq ikinci turun görüşlərinə.
"A" qrupu. Kolumbiya - Kanada - 0:1. Gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində davam edən bu oyunun taleyini 51-ci dəqiqədə kanadalı Klarkın vurduğu yeganə qol həll etdi.
Azərbaycan - Nigeriya - 0:11. Yığmamız bu dəfə meydançanı daha ağır məğlubiyyətlə tərk etdi. Nigeriya isə çempionatın açılışı günü "B" qrupunda KXDR komandasının Qambiya yığması ilə görüşdəki rekord nəticəsini təkrar etdi.
İki turdan sonra qrupda hərəyə 4 xala malik Nigeriya və Kanada dörddəbir finala daha yaxındırlar. Onlardan 1 xal geri qalan Kolumbiya da dünya çempionatının ən güclü səkkiz iştirakçısı sırasında mübarizəni davam etdirmək imkanını hələ itirməyib. Azərbaycan yığması isə sonunucu yerlə kifayətlənməli olacaq. Bu gün qrupda ilk üç yeri tutan komandalardan məhz hansı iki kollektivin dörddəbir finala vəsiqə qazanacağı sentyabrın 29-na təyin edilmiş Azərbaycan - Kanada və Kolumbiya - Nigeriya görüşlərindən sonra qəti məlum olacaq, hərçənd Kanada bu məqsədə, demək olar, çatmışdır.
"B" qrupu. Fransa - KXDR - 1:1, ABŞ - Qambiya - 6:0. Bu qrupda da liderlər - Koreya və ABŞ futbolçuları 4 xal toplamışlar. Fransızların 2 xalı vardır, Qambiya komandası üçün isə növbəti oyun bu çempionatda sonuncu görüş olacaq. Qarşıdakı şənbə günü qrupda Qambiya - Fransa və ABŞ - KXDR matçları keçiriləcəkdir.
Digər iki qrupda ikinci turun görüşləri dünən axşam oynanılmışdır. Birinci turdan sonra "C" qrupunda Yaponiya və Meksika, "D" qrupunda isə Çin və Almaniya komandalarının işləri daha yaxşı gedirdi. Onların dördü də startda qələbəyə sevinmişdi. Bu qruplarda ikinci tura Meksika - Braziliya, Yeni Zelandiya - Yaponiya, Uruqvay - Qana və Çin - Almaniya görüşləri ilə yekun vurulmuşdur.
***
Meksika - Braziliya - 0:1, Uruqvay - Qana - 0:5, Yeni Zelandiya - Yaponiya - 0:3, Çin - Almaniya - 1:1.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında