Şriftin ölçüsü:
25.09.2012 03:15 | Oxunma sayı: 1039
Azərbaycanda 17 yaşınadək qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatının start görüşləri artıq arxada qalmış və azarkeşlərdə bütün rəqiblər haqqında müəyyən təsəvvür yaranmışdır. Seçmə yarışları sınaqlarından şərəflə çıxmış on beş ölkə təmsilçiləri və çempionat sahibi kimi bu sınaqlardan azad olmuş Azərbaycan yığması bayramsayağı bəzədilmiş Bakı və Lənkəran stadionlarında özlərinin ən yaxşı oyun keyfiyyətlərini göstərib mümkün qədər çox diqqət mərkəzində olmağa çalışırlar. Ancaq birinci turun görüşləri barədə danışmazdan əvvəl keçmişə qısaca nəzər salaq.
Yaşlı futbol pərəstişkarlarının yadında olar. Artıq bir dəfə - 1985-ci ildə respublikamızda dünya çempionatı final mərhələsinin görüşləri keçirilmişdir. İyirmi yeddi il əvvələ təsadüf etmiş həmin yarış SSRİ-də təşkil edilən gənclər arasında dünya çempionatı çərçivəsində baş tutmuşdu. Onda dörd ilkin qrupdan birinin oyunları Azərbaycana həvalə olunmuşdu. Açılış mərasimində FİFA-nın o vaxtkı prezidenti Joao Avelanjın da iştirak etdiyi turnirin görüşləri Bakıda Respublika stadionunda və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmişdi.
İndi isə Beynəlxalq Futbol Federasiyası müstəqil Azərbaycan Respublikasına qrup turnirini yox, dünya çempionatının bütün final mərhələsini etibar etmişdir. Çox böyük etimaddır və biz də öz növbəmizdə ölkəmizin dünya futbol bayramının təşkilatçısı olmasından qürur duyuruq. Şübhəsiz, respublikamızda keçirilən və FİFA prezidenti Yozef Blatterin də təşkilini yüksək qiymətləndirdiyi dünya çempionatı Azərbaycanın və onun idmanının onsuz da böyük olan beynəlxalq nüfuzunu daha da artıracaqdır. Digər tərəfdən də, yenidənqurma işlərindən sonra libasını tamamilə dəyişib gözəl görkəm almış Tofiq Bəhramov adına Respublika stadionunda, "Dalğa Arena" və "Şəfa"da, "Bayıl" və "8-ci km" stadionlarında, Lənkəranda keçirilən oyunlar ölkəmizdə qızlar arasında futbolun daha da inkişafına öz müsbət təsirini göstərəcək. Bir sözlə, oktyabrın ortalarınadək davam edəcək dünya çempionatı Azərbaycan idmanı tarixində özünə layiqli yer edəcəkdir.
Birinci turda qeydə alınmış nəticələrə gəldikdə, Azərbaycan komandasının çempionata böyük hesablı məğlubiyyətlə başlaması (0:4) yarışın təntənəli açılış mərasimindən aldığımız gözəl təəssürata müəyyən dərəcədə xələl gətirə bilər. Lakin kolumbiyalı qonaqlarımızın yığmamızın qapısına vurduqları dörd cavabsız topu bizim qızlara çox da irad tutmayaq. Onlar cəmi iki ildir ki, bir yerdə məşq edirlər və hələ böyük yarışların tələb etdiyi yüksək hazırlıq səviyyəsindən uzaqdırlar. Bir də ki, çempionat sahibləri oyunun bütün cəhətlərində kifayət qədər güclü təsir bağışlayan bir komandaya uduzdular. Yığmamızın belə rəqiblə görüşdən nə kimi fayda götürdüyünü qarşıdakı turlarda biləcəyik.
Azərbaycan və Kolumbiya ilə birlikdə "A" qrupunda çıxış edən Nigeriya və Kanada komandalarının görüşündə qüvvələr bərabər olmuş və rəqiblər meydandan heç -heçə ilə ayrılmışlar - 1:1. Nəticədə 3 xala malik Kolumbiya futbolçuları birinci turdan sonra qrupun vahid lideri olmuşlar.
Start turunun qalan oyunlarında hakimlər aşağıdakı nəticələri qeydə almışlar: "B" qrupu. Fransa - ABŞ- 0:0, KXDR - Qambiya - 11:0 (bu hesab çox güman ki, çempionatda rekord nəticə olacaq), "C" qrupu. Meksika-Yeni Zelandiya - 1:0, Braziliya - Yaponiya- 0:5, "D" qrupu. Uruqvay - Çin- 0:4, Qana - Almaniya- 1:2.
Bu gün ikinci turun dörd oyunu keçiriləcəkdir. Azərbaycan futbolçuları Lənkəran şəhər stadionunda Nigeriya komandası ilə qarşılaşacaqlar. Kolumbiya və Kanada yığmaları "Şəfa"da üz-üzə gələcəklər. Fransa - KXDR və ABŞ - Qambiya görüşləri isə "Dalğa Arena"da baş tutacaq. Tura sabah Meksika - Braziliya, Yeni Zelandiya - Yaponiya, Uruqvay - Qana və Çin - Almaniya matçları ilə yekun vurulacaq.
Xatırladaq ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala çıxıb medallar uğrunda mübarizəni davam etdirəcəklər. Bu mərəhələnin görüşləri oktyabrın 4-5-nə təyin edilmişdir. Dörddəbir finalın üç oyunu Bakıda, biri isə Lənkəranda keçiriləcəkdir. Qaliblər oktyabrın 9-da yarımfinalda oynayacaqlar. Nəhayət, yarımfinallarda qələbə qazanan komandalar okyabrın 13-də final görüşündə qarşılaşıb dünya çempionunu müəyyənləşdirəcəklər. Üçüncü yer uğrunda oyun da elə həmin gün keçiriləcəkdir.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.