Avropada birinci, dünyada ikinci, Olimpiadada üçüncü

Avropada birinci, dünyada ikinci, Olimpiadada üçüncü
Azərbaycan boksunun yenicə parlamağa başlayan ulduzu Teymur Məmmədovun 2013-cü il yanvarın 11-də 20 yaşı tamam olacaq. Lakin hələ gənc olsa da, dünya rinqində 91 kiloqramadək çəki dərəcəsində ən layiqli rəqiblərdən birinə çevrilib, yaxşı ad-san qazanmağı bacarmışdır. Təkcə son iki ildə üç böyük qələbəsi ilə özü və seçdiyi cəsarətli döyüş üslubu haqqında idmanın mərdlik sevən bu növünün pərəstişkarlarında xoş təəssürat yaratmışdır.
O, usta boksçularla bir sırada yarışmazdan əvvəl Bolqarıstanda yeniyetmələrin Avropa birinciliyinin qalibi olmuş, Bakıda gənclərin dünya çempionatının finalında mübarizə aparmışdı. Artıq 2010-cu ildə isə böyüklər arasında Azərbaycan çempionu adını qazanmışdı.
Növbəti iki il Məmmədovun idman həyatında hələlik ən uğurlu illər kimi yadda qalacaq. Əvvəlcə ötən ilin iyun ayında Ankarada keçirilən Avropa çempionatının qızıl medalını qazandı. Turnirdə bütün rəqiblərindən, o cümlədən yarımfinalda almaniyalı Yohan Vittdən, finalda isə bolqar Tervel Pulevdən üstün boks nümayiş etdirən Teymur həlledici görüşdən sonra diqqət mərkəzində oldu, məşqçilərindən, komanda yoldaşlarından, Azərbaycan Boks Federasiyası rəsmilərindən, dostlarından çoxlu təbrik aldı.
Məhz Teymur Məmmədovun, eləcə də Salman Əlizadənin (49 kq) qızıl medalları və Heybətulla Hacıəliyevin (64 kq) bürünc mükafatı sayəsində Azərbaycan yığması komanda hesabında yalnız Rusiyadan (2 qızıl, 4 gümüş medal) geri qalıb ikinci yeri tutdu. Qardaş ölkədə dəri əlcək ustalarımız üçün çox uğurlu nəticə ilə başa çatan Avropa çempionatı elə həmin ilin sentyabr - oktyabr aylarında Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçiriləcək dünya çempionatı qarşısında boksçularımızın öz qüvvələrinə, bizim isə onların növbəti qələbələrinə ümidimizi artırdı.
Yüz iyirmidən çox ölkə təmsilçilərini paytaxtımızda öz bayrağı altına toplayan dünya çempionatına maraq bir də ona görə böyük idi ki, onun iştirakçıları medalla yanaşı, XXX Yay Olimpiya Oyunlarında lisenziya uğrunda da mübarizə aparacaqdılar. Deməli, Londona yol Bakı rinqindən keçirdi. Təbii ki, yarış sahibləri, o cümlədən Teymur Məmmədovun Olimpiada - 2012-yə lisenziya arzusu daha böyük idi. İngiltərə paytaxtına getmək üçün öz pərəstişkarları qarşısında vəsiqə qazanmaq Azərbaycan boksçularına ikiqat sevinc gətirərdi.
Teymur Məmmədov bu sevinci yaşadı. Mübarizəyə onaltıdabir finaldan başlayan Avropa çempionumuz bu mərhələdə barbadoslu Emmanuel Andersonla görüşdə heç bir çətinliklə üzləşmədi - 23:5. Səkkizdəbir finalda macar Yozef Darmoş, növbəti mərhələdə kubalı Xose Larda, yarımfinalda Çin təmsilçisi Xuanxuan Vanq da Teymurun dəqiq və sərrast zərbələri ilə bacarmayaraq finala aparan yolda onun qarşısından geri çəkilməli oldular. Bundan sonra dünya çempionatının qızıl medalına cəmi bir qələbə qalırdı. Onu ukraynalı Aleksandr Usiklə həlledici görüşdə qazanmaq lazım idi. Döyüş Teymurun istədiyi kimi başa çatmasa da, gümüş mükafat da böyük müvəffəqiyyət idi. Yayda Avropa çemptonu olmuş gənc Azərbaycan boksçusu cəmi üç-dörd aydan sonra, payızda dünya çempionatının gümüş medalını qazanmışdı. Başlıcası isə Olimpiadanın qapısını öz üzünə açmışdı.
Bir ildə iki qələbə - Avropa çempionatının qızıl və dünya çempionatının gümüş medalları Teymuru Azərbaycanda tarixin səhifələrində özünə olimpiyaqabağı il kimi yer etmiş 2011-ci ilin qəhrəmanlarından birinə çevirdi. Təsadüfi deyil ki, dekabrda respublika Gənclər və İdman Nazirliyinin mütəxəssisləri ənənə üzrə ilin ən yaxşı idmançılarını müəyyənləşdirərkən qaliblərin siyahısında onun da adına yer ayırmışdılar.
Qarşıdan isə Olimpiya ili gəlirdi. İndi məşqlərə ikiqat məsuliyyətlə yanaşıb, Olimpiadanı böyük ruh yüksəkliyi şəraitində tam hazırlıqla qarşılamaq üçün hər cür əsas var idi. Bunu həm də Azərbaycan boksçularının Sidney - 2000-də yaratdıqları və Pekin - 2008-də davam etdirdikləri ənənə tələb edirdi. Vüqar Ələkbərovun Avstraliyadan, dörd il sonra Ağası Məmmədovla Fuad Aslanovun Afinadan, 2008-ci ildə isə Şahin İmranovun Çin paytaxtından gətirdikləri üst-üstə dörd bürünc medala London rinqində yeni mükafatlar əlavə etmək pis olmazdı.
Bəri başdan deyək ki, ənənə davam etdirildi, Məmmədov və onun komanda yoldaşı, ən ağır çəkili boksçumuz Məhəmmədrəsul Məcidov Azərbaycana daha iki medal qazandırıb bu növdə mükafatlarımızın sayını 6-ya çatdırdılar. Düzdür, onlar da finala çıxa bilməyib üçüncü yerlə kifayətlənməli oldular. Lakin dəri əlcək ustalarımız bu dəfə də Olimpiya rinqini medalsız tərk etmədilər, hərçənd boksçularımızın hazırlıq səviyyəsi onların "gümüş" və hətta "qızıl" uğrunda da mübarizə aparmaq gücündə olduqlarını bildirirdi.
London rinqində mübarizəyə səkkizdəbir finaldan başlayan Teymur avstraliyalı Cey Tapu Opetay ilə görüşün üçüncü raundunda gərgin mübarizənin taleyini öz xeyrinə həll etdikdən sonra (birinci raundda 5:5, ikincidə 4:4, üçüncü raundda isə 3:2 hesabı qeydə alındı) dörddəbir finalda Belarus təmsilçisi Sergey Korneyevi də məğlubiyyətə uğradıb yarımfinala çıxdı və bununla da ən azı bürünc medalı özünə təmin etdi.
Finalın astanasında isə Azərbaycan boksçusunu italiyalı Klemente Russo ilə döyüş gözləyirdi. Təmsilçimiz avqustun 11-də baş tutan bu görüşə inamla başlayıb, ilk iki raundda müvafiq surətdə 3:2 və 6:4 hesabı ilə qələbə qazanaraq, sonuncu raunddan əvvəl üç xal fərqlə irəli çıxdı (9:6). Lakin üçüncü raundda hakimlər Russonun xeyrinə 9:4 hesabı qeydə aldılar və finala italiyalı çıxdı (15:13).
Bu qələbənin nə dərəcədə ədalətl olması barədə yarımfinaldan sonra çox söz-söhbət getdi, hətta Azərbaycan komandasının məşqçiləri Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AİBA) apellyasiya verdilər. Ancaq assosiasiya döyüşün nəticəsini qüvvədə saxladı, hərçənd ikinci raundda Teymur Klementeni iki dəfə noqdauna salmışdı.
Görüşdən sonra rəqiblərin, eləcə də dünya çempionu adı qazanmıvş ilk azərbaycanlı boksçu Ağası Məmmədovun söylədikləri fikirləri diqqətinizə çatdırmaq istərdik.
Teymur Məmmədov: - Mən yarımfinalda italyana uduzmadım, bu hakimlərin qərarı idi. Onların işi ümumiyyətlə arzuolunan səviyyədə deyildi. Ancaq bu məni dayandırmayacaq. Bundan sonra da öz üzərimdə işləmək, Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya qazanmaq və orada nəticəyə nail olmaq fikrindəyəm.
Klemente Russo: - Elə ilk raunddan hər şey istədiyim kimi getmədi. Məmmədov dəqiq, sərrast zərbələr endirirdi. Mən bu gənci tanıyıram, onunla birlikdə təlim-məşq toplanışlarında olmuşam. Yaxşı boksçu, layiqli rəqibdir. Mənim üçün asan olmadı, o, məni əsəbiləşməyə məcbur etdi. Amma mən iki dəfə noqdauna düşdükdən sonra da inanırdım ki, qalib gələ biləcəyəm.
Ağası Məmmədov: - Teymurun döyüşü zamanı hakim kobud səhvlərə yol verdi. Məmmədov ilk iki raundu əla keçirdi. İkinci raundda Klemente Russo noqdauna düşdü. Vəziyyətlərdən birində italiyalı bir-iki dəqiqə özünü itirdi və hakim üçüncu noqdaunu qeydə almalı idi. Başa düşə bilmirəm, nə üçün o, bunu etmədi. Bu suala müvafiq orqanlar cavab verməlidir. Lakin fakt-faktlığında qalır - hakimlər Russoya kömək etdilər. Teymurun üçüncü raundda necə döyüşməyi mənim xoşuma gəlmədi. O, sanki, hər şeyi ilk iki raundda həll etmək istəyirdi, ona görə də sonuncu raund üçün qüvvə saxlamamışdı. Mənim fikrimcə, Teymur Russo ilə döyüşdən qalib ayrıldı...
Bu olduqca xoş bir haldır ki, Teymur Məmmədovun XXX, yubiley Olimpiadasında Azərbaycanın idman qənimətləri xəzinəsinə verdiyi medal respublikamızda "İdman ili"nə təsadüf etmişdir. Olimpiyaqabağı 2011-ci ilin Avropa çempionatının qızıl, dünya çempionatının gümüş medallarından sonra Olimpiya ilinin bürünc mükafatı idman ictimaiyyətimizə, bütün xalqımıza gözəl töhfədir.
Güman etmək olar ki, bütün bunlar yalnız başlanğıcdır. Qarşıda yeni döyşlər - növbəti dünya və Avropa çempionatları, beynəlxalq turnirlər, 2016-cı ildə Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar durur. London Olimpiadasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuş Məmmədov Teymur Fizuli oğluna bundan sonra da uğurlar aruzulayaq və bir daha məmnuniyyətlə qeyd edək ki, o, artıq öz mükəmməl döyüş bacarığı ilə ən böyük qələbələrə layiq olduğunu inamla sübuta yetirmişdir.
Elə Azərbaycan milli komandasının baş məşqçisi Nəriman Abdullayev də müsahibələrində Teymur haqqında onun gələcəkdə daha yüksək zirvələr fəth edəcəyinə inam hissi ilə danışır. Məşqçi "Olimpiya dünyası" qəzetinin 14-17 sentyabr 2012-ci il tarixli sayına müsahibəsində demişdir:
- Teymur Məmmədov gənc və perspektivli idmançıdır. O, hələ Olimpiya oyunlarına qədər dünya çempionatında gümüş medal qazanaraq, öz iddiasını ortaya qoymuşdu. Boksçumuza olan ümildlər çox böyük idi. İnanırdıq ki, o da XXX London Yay Olimpiya Oyunlarında xalqımızı medalla sevindirəcək. İdmançımız da ona bəslənilən ümidləri doğruldaraq, bürünc medal qazandı. Baxmayaraq ki, bu medal qızıl da ola bilərdi... Hakimlər tərəfindən Məhəmmədrəsul Məcidova göstərilən ədalətsiz mövqe Teymurdan da yan keçmədi. O, döyüşü udduğu halda hakimlər qələbəni italiyalı boksçuya verdilər...

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında