Şriftin ölçüsü:
22.09.2012 11:12 | Oxunma sayı: 749
Xəbər verdiyimiz kimi, sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda futbol üzrə FIFA U-17 qadınlararası dünya çempionatı keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, sentyabrın 21-də Bakıdakı "Four Seasons" mehmanxanasında dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Çıxış edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlərdən danışmış, idmanın bu növünün təkmilləşdirilməsi üçün yaradılan infrastrukturun əhəmiyyətini yüksək qiymətləndirmiş və respublikamızda az müddətdə qadın futbolu istiqamətində qazanılmış nailiyyətlər barədə məlumat vermişdir.
Bildirmişdir ki, çempionatda iştirak edəcək komandalar artıq Bakıdadır. Bu da bizə imkan yaradır ki, qadın futbolçulara və komandaların nümayəndə heyətlərinə Azərbaycan qonaqpərvərliyini nümayiş etdirək. Azərbaycan dünya çempionatının yüksək səviyyədə təşkil olunması üçün bütün lazımi işləri görüşmüşdür. Bu işlər ölkəmizə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) tərəfindən ezam olunmuş mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
AFFA-nın prezidenti demişdir ki, millimiz gənc və cavan komandadır. Onların qarşısına məqsədlər qoymuşuq. İnanıram ki, futbolçularımız özlərini dünya çempionatında yaxşı tərəfdən göstərə biləcəklər.
Dünyada qadın futbolunun inkişafı istiqamətində Azərbaycanda keçiriləcək mundialın əhəmiyyətini yüksək qiymətləndirən FİFA-nın prezidenti Yozef Blatter çempionatın Avropada ilk dəfə məhz respublikamızda təşkil olunacağını qeyd etmişdir. Vurğulamışdır ki, dünya çempionatının Azərbaycanda keçirilməsi bu ölkə üçün idman sahəsində qazanılan böyük uğurdur. Qədim tarixə, ecazkar təbiətə malik Azərbaycanda bu cür mötəbər yarışların keçirilməsi artıq adət halını almışdır. Bundan sonra da FİFA ilə AFFA arasında bir neçə ali idman yarışının təşkil olunması planlaşdırılmışdır. Artıq bütün dünyaya məlumdur ki, Bakı müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovşağıdır. Əminəm ki, Azərbaycanda keçiriləcək mundial ölkənizə təşrif buyurmuş qonaqlar üçün çox maraqlı olacaqdır.
FİFA-nın prezidenti qeyd etmişdir ki, Azərbaycan hökumətinin bu çempionatı dəstəkləməsi məni çox sevindirir. Ən əsası Azərbaycan Prezidenti İlham Əliyevin yarışın təşkili və keçirilməsi ilə şəxsən maraqlanması bu ölkədə idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkürünü bildirən FİFA prezidenti dünya çempionatının təşkilini yüksək qiymətləndirmişdir.
Dünya çempionatı çərçivəsində azarkeşlər üçün maraqlı matçların keçiriləcəyini diqqətə çatdıran Y.Blatter bunun üçün Azərbaycanda əla mühitin yaradıldığını söyləmişdir. Oyunlar üçün kiçik tutumlu stadionların seçilməsini isə FİFA prezidenti düzgün qərar kimi qiymətləndirmişdir.
Qeyd etmişdir ki, dünya çempionatının açılış mərasimi möhtəşəm olacaqdır. Dünya estradasının ulduzu Cenifer Lopez də açılışa dəvət olunmuşdur. Belə bir ulduzun mundialın açılışında konsert proqramı ilə çıxış etməsi də böyük hadisədir.
FİFA qadın yarışlarının rəhbəri Tatyana Hayenni Azərbaycanda keçiriləcək çempionatda dünyanın ən güclü komandalarının mübarizə aparacağını bildirmiş, futbolçuların və nümayəndə heyətlərinin qonaqpərvərliklə qarşılanmasını və mundialın təşkilini yüksək qiymətləndirmişdir.
Sonra FİFA prezidenti üzərində ali futbol qurumunun loqotipi həkk olunmuş bayrağı və xüsusi hədiyyəni R.Abdullayevə və AFFA-nın baş katibi, "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədova təqdim etmişdir.
FIFA U-17 qadınlararası dünya çempionatı üçüncü dəfə keçiriləcəkdir. 2010-cu il martın 19-da FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirin ev sahibliyi Azərbaycana həvalə olunmuşdu. Bu, Azərbaycanda keçiriləcək ilk FIFA tədbiridir və Avrasiyada baş tutacaq ilk U-17 qadınlararası dünya çempionatıdır.
FIFA U-17 qadınlararası dünya çempionatı ilk dəfə 2008-ci ildə Yeni Zelandiyada keçirilmişdi. Çempionatın qalibi Koreya Xalq Demokratik Respublikasının yığması olmuşdur. İkinci dəfə isə çempionat 2010-cu ildə Trinidad və Tobaqoda təşkil olunmuş və kuboku Koreya Respublikasının futbolçuları qazanmışlar.
Ölkəmizdə təşkil olunacaq mundialda Azərbaycan yığması ilə yanaşı, Kolumbiya, Nigeriya, Kanada, Fransa, ABŞ, Koreya Xalq Demokratik Respublikası, Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya, Çin, Qana, Almaniya və Uruqvay milli komandaları birincilik uğrunda mübarizə aparacaqlar.
Millimiz A qrupunda Kolumbiya, Kanada və Nigeriya yığmaları ilə yarışacaqdır. Qızlarımız ilk oyununu sentyabrın 22-də Kolumbiya yığmasına qarşı keçirəcəklər.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.