Şriftin ölçüsü:
11.09.2012 11:16 | Oxunma sayı: 1014
Azərbaycan idmançıları bazar günü Londonda finişə çatmış XIV Yay Paralimpiya Oyunlarından əla əhval-ruhiyyə ilə qayıdırlar. Həmvətənlərimiz 165 ölkə təmsilçilərinin rəqabətində 12 medal - 4 qızıl, 5 gümüş və 3 bürünc mükafat qazanaraq komanda hesabında 27-ci yeri tutmuşlar.
İngiltərə paytaxtında cəmi 74 ölkə nümayəndələrinə medal təqdim olunmuşdur. Oyunlarda 57 dövlətin idmançıları çempion adı qazana bilmişlər. Ümumkomanda hesabında Çin yığması qalib gəlmişdir - 231 medal (95+71+65). İkinci yeri Rusiya idmançıları tutmuşlar - 102 mükafat (36+38+28). Üçüncü yerə Böyük Britaniya komandası sahib olmuşdur - 120 medal (34+43+43).
Paralimpiadada medal qazanmış ölkələrin siyahısında keçmiş sovet respublikalarından Rusiya və Azərbaycanla yanaşı, yalnız Ukrayna (84 medal, 4-cü yer), Belarus (10 medal, 25-ci yer), Latviya (1 qızıl, 1 gümüş mükafat, 47-ci yer) və Özbəkistanı (1 gümüş medal, 67-ci yer) görmək olar.
Türkiyə cədvəldə 43-cü mövqedədir. Qardaş ölkə nümayəndələri 10 medal - 1 qızıl, 5 gümüş və 4 bürünc mükafat qazanmışlar.
Biz XIV Paralimpiadada Azərbaycanı son medallarla üzgüçü Natali Pronina, yüngül atletlər Oleq Panyutin və Vladimir Zayetsin sevindirdikləri barədə artıq məlumat vermişik. Bu gün Londonda ölkəmizə mükafat qazandırmış bütün idmançıları bir daha xatırlatmaq istərdik.
Əlbəttə, qaliblərimiz haqqında danışarkən ilk növbədə Natali Proninanın uğurlarını qeyd etmək lazımdır. O, kompleks üsulla 200, sərbəst üsulla və arxası üstə 100, sərbəst üsulla 50 metr məsafələrə üzgüçülük yarışlarında dörd gümüş medal qazandıqdan sonra brass üsulu ilə 100 metr məsafəyə startlarda Paralimpiadanın çempionu olaraq öz mükafatlarını qızıl medalla daha da zənginləşdirmişdir. Bununla da üzgüçümüz bir növ rekord müəyyən etmişdir. Proninanın dörd gümüş və bir qızıl mükafatı Paralimpiya Oyunları tarixində qeyri-adi göstərici, idmançının özünə və təmsil etdiyi ölkəyə böyük şöhrət qazandıran möhtəşəm nailiyyətdir.
Fəxri kürsünun zirvəsində təbrikləri qəbul edən cüdoçular Ramin İbrahimov (60 kq), Afaq Sultanova (57 kq) və yüngül atlet Oleq Panyutinin də qızıl medalları şərəfinə Paralimpiadada Azərbaycanın dövlət himni səsləndirilmiş, milli bayrağımız ən yüksəyə ucaldılmışdır. Panyutin qələbəni üç təkanla tullananların yarışında bayram etmişdir. İndi o, Paralimpiya Oyunlarının ikiqat çempionudur. Oleq Afina - 2004-də də çıxışlarını qızıl medalla başa vurmuşdu.
Maraqlıdır ki, üç təkanla tullanma yarışlarında gümüş medal da Azərbaycan idmançısına təqdim olunmuşdur. Bu növdə Vladimir Zayets komanda yoldaşı Panyutindən sonra ikinci nəticə göstərmişdir.
Yığmamıza üç bürünc medaldan birini 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçu İlham Zəkiyev qazandırmışdır. Bu, komandamızın bayraqdarının Paralimpiya Oyunlarında ardıcıl üçüncü mükafatıdır. Afina və Pekində qızıl medallar qazanaraq ikiqat çempion olmuş Zəkiyev Londonda da fəxri kürsüyə yüksəlməyi bacarmışdır.
Yüngül atlet Hüseyn Həsənov da ölkəmizə bürünc medalla qayıdır. O, uzununa tullanma yarışlarında üçüncü nəticə göstərmişdir. Daha bir bürünc mükafata Oleq Panyutin, Rza Osmanov, Elçin Muradov və Vladimir Zayetsdən ibarət 4x100 metr məsafəyə estafet komandası sahib olmuşdur.
Beləliklə, XIV Paralimpiya Oyunlarında starta çıxmış 21 idmançımız Azərbaycana 12 medal, o cümlədən 4 qızıl mükafat qazandırmışdır. Buna qədər təmsilçilərimiz ən böyük müvəffəqiyyətə 2008-ci ildə Pekində keçirilmiş yarışlarda nail olmuşdular. Onda 18 nəfərlə təmsil olunan komandamızın üzvləri 2 qızıl, 3 gümüş və 5 bürünc mükafat əldə etmişdilər. İndi isə Azərbaycanın 21 idmançısı 12 medalın sevincini yaşamış və bu mükafatlar Londonda respublikamızı ən yaxşı nəticə göstərən 27 ölkə sırasına çıxarmışdır.
Qazanılmış nailiyyət Azərbaycan idmanının növbəti təntənəsidir və ölkəmizdə təkcə olimpiyaçıların deyil, həm də paralimpiyaçıların hazırlığına, onların təlim-məşq prosesinə göstərilən daimi dövlət qayğısı sayəsində mümkün olmuşdur. Təmsilçilərimiz böyük qələbələri ilə bir daha təsdiq etdilər ki, onlar əsl idman ölkəsində yaşayırlar.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.