İdman ocağının şagirdləri daha böyük nailiyyətlər qazanmaq əzmindədirlər

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı daim diqqət mərkəzindədir. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra həyatın digər sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanda da sürətli inkişaf baş vermiş, bu sahənin kütləviləşməsi və geniş yayılması üçün bütün zəruri tədbirlər görülmüşdür. Bu gün ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün hər bir şərait yaradılmışdır. Ölkəmizdə fəaliyyət göstərən uşaq gənclər idman məktəbləri də bu inkişafa öz töhfələrini verirlər.
Bir neçə gündən sonra yeni tədris ilinin başlaması ilə idman məktəblərinin də yeni qayğıları başlayacaq. Uşaq və yeniyetmələr idman ocaqlarında yay tətilindən sonra yenidən sevdikləri idman növləri ilə məşğul olacaqlar.
Təhsil Nazirliyinin tabeliyində olan Sumqayıt Şəhər Təhsil Şöbəsinin 2 nömrəli Uşaq Gənclər İdman Məktəbində müxtəlif idman növlərinin sirlərinə yiyələnən şagirdlər də yüksək əhval-ruhiyyə ilə yeni tədris ilinə başlayacaqlar. Burada onların fiziki tərbiyəsi ilə qayğıkeş və peşəkar məşqçi-müəllim kollektivi məşğul olur. Məktəbin direktoru Qismət Novruzov, əslində şagirdlərlə əlaqənin kəsilmədiyini, onların bəzilərinin yay tətili dövründə belə məşqçi-müəllimləri ilə birgə olduqlarını bildirdi. "Uşaq və yeniyetmələrin hərtərəfli inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsi üçün il boyu müxtəlif tədbirlər həyata keçirilir. Çalışırıq ki, yeniyetmələrimiz gələcəkdə təkcə idmançı kimi deyil, həm də sağlam bədənli və ruhlu gənc kimi formalaşsınlar. Onlar burada müxtəlif növlər üzrə nəzəri və praktiki biliklərini artırmaqla yanaşı, həm də sağlamlıqlarının qeydinə qalır, asudə vaxtlarını səmərəli keçirir, zərərli vərdişlərdən uzaq olurlar", deyə Qismət müəllim əlavə etdi.
İdman ocağı 1979-cu ildən fəaliyyət göstərir. 1996-cı ildən məktəbə rəhbərlik edən Qismət Novruzov hazırda burada 4 idman növü - cüdo, sambo, voleybol, otüstü hokkey üzrə bölmələrin fəaliyyət göstərdiyini bildirdi. Bu bölmələrin 40 tədris qrupunda 487 şagird məşğul olur. Məktəb direktoru idman ocağının yetirmələrinin ölkədaxili yarışlarla yanaşı, beynəlxalq arenalardakı turnirlərdə də fəal iştirak etdiklərini və bir sıra uğurlar qazandıqlarını vurğuladı: "İndi nəinki paytaxtda, habelə bölgələrimizdə uşaqların idmanla məşğul olmaları üçün hər bir şərait vardır. Uşaq gənclər idman məktəbləri də dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq öz işlərini günün səviyyəsində qurmağa çalışırlar. Məktəbimizdə məşğul olan uşaqların hər birinin müəyyən idman növünün sirlərinə dərindən yiyələnməsi üçün məşqçilər əllərindən gələni edirlər. Cüdo, sambo, voleybol və otüstü hokkeyçilərimiz ölkədaxili yarışlarla yanaşı, beynəlxalq miqyaslı yarışlarda da iştirak edir və bir sıra nailiyyətlər qazanırlar", - deyə o, əlavə etdi.
İdman ocağında cüdo üzrə 17 qrupda 206 şagird məşğul olur. Onlar əməkdar məşqçi Əlişan İsgəndərov, idman ustaları Sahib İsmayılov, Elbrus Arzumanov, İlham Qulamov və başqalarının rəhbərliyi altında fiziki hazırlıqlarını artırırlar. Cüdo üzrə məktəbdə 4 daxili yarış keçirilib, 166 idmançı tatamidə gücünü sınayıb. Bu idman növü üzrə ötən il məktəbin yetirmələri Əfsanə Hüseynova və Çinarə Quliyeva Avropa kubokunda bürünc medal qazanıblar.
Müxtəlif təvəllüdlü yeniyetmə idmançılar arasında keçirilən Azərbaycan birinciliyində Lalə Məmmədova, Çinarə Quliyeva qızıl medal əldə ediblər. Komandanın 3 üzvü gümüş və bürünc medallara sahib olublar.
H.Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə idman ocağının yetirmələri də yüksək səviyyədə iştirak edirlər. Bu yarışlarda məktəbin idmançısı Ruhin Əhədov qızıl, Natiq Qurbanov gümüş medal qazanıb. Məktəbin cüdoçuları İdman Məktəblərinin III Respublika Oyunlarında, "Təhsil" RİM-in birinciliyində və digər yarışlarda da fərqləniblər.
Məktəbin tatami ustaları 2012-ci ilin birinci yarısını da uğurla başa vurublar. Mart ayında Yunanıstanda yeniyetmələr arasında keçirilən Avropa kubokunda Cəlil Cəlilov I, Sadiq Qurbanov II yeri tutublar. Antalyada beynəlxalq turnirdə isə Sadiq bürünc medala yiyələnib.
1993-1995, 1996-1998-ci illər təvəllüdlü idmançılar arasında Azərbaycan birinciliyində Əfsanə Hüseynova, Cəlil Cəlilov, Çinarə Quliyeva qızıl, Ağaxanım Vahabova, Aygün Məmmədova, Lalə Məmmədova gümüş, Sadiq Qurbanov, Fuad Ağazadə bürünc medallara sahib olublar. Sumqayıt şəhər birinciliyində isə yeniyetmələr və gənclər arasında Mehman Xəlilov, Pərviz Şükürov, Yusif Bağırov, Çinarə Quliyeva, Aygün Məmmədova, Lalə Məmmədova, Əfsanə Rəsulova, Anaxanım Vahabova, Nicat Ağazadə, Ziya Məmmədov qızıl medal qazanıblar.
Döyüş növlərindən olan sambo üzrə bir çox nailiyyətlər əldə edilib. Ötən il məktəbin təmsilçiləri Pərviz Şükürov və Zülfüqar Quliyev Avropa birinciliyində bürünc medal qazanıblar. Zülfüqar dünya birinciliyində bürünc medal alıb. Məktəbin samboçuları yeniyetmələr arasında Azərbaycan birinciliyində 1 qızıl, 1 gümüş, 3 bürünc, gənclər arsında 1 qızıl, 2 bürünc medala yiyələniblər.
Bu ilin birinci yarısında da gənc samboçular öz aktivlərinə çoxlu medallar yazdırıblar. Ruhin Əhədov Avropa birinciliyində ölkəmizi layiqincə təmsil edərək, bürünc medal qazanıb. Azərbaycan çempionatı da məktəbin döyüşçüləri üçün uğurlu olub. Yeniyetmələr arasında Mehman Xəlilov, Murad Muradov, gənclər arasında Pərviz Şükürov, kişilər arasında isə İslam Cabbarov, Zülfüqar Quliyev qızıl medal qazanıblar. Elvin Ramazanov, Emin Quliyev, Allahverdi Gülüşov isə "bürünc"ə sahib olublar.
Məktəbdə komanda idman növlərinin inkişafını xüsusi vurğulamaq lazımdır. Məktəbin voleybolçularından ibarət komanda Sumqayıt şəhər birinciliyində birinci yeri tutub. Yeniyetmələrin VIII Respublika oyunları da komanda üçün uğurlu olub. Belə ki, bütün rəqib komandaları mübarizədən uzaqlaşdıran idman ocağının yetirmələri birinci pillədə qərarlaşıblar.
Otüstü hokkey bölməsində 70 şagird məşğul olur. Onların fiziki tərbiyəsi ilə əməkdar məşqçi Ramiz Əliyev, idman ustaları Tacəddin Sədiyev, Yusif Qasımov, Saleh Balamiyev məşğul olur. Yeniyetmələrdən ibarət ölkə yığmasının tərkibi əsasən məktəbin yetirmələrindən ibarətdir. Azərbaycanda 10 dəfə yeniyetmələr arasında ötüstü hokkey üzrə Azərbaycan birinciliyi keçirilib və məktəbin yığması bu yarışlarda 7 dəfə I, 3 dəfə II olub. Məktəbin yetirmələri respublika birinciliyi, yüksək və birinci dəstənin "Atasport", "Akkord", "Sumqayıt", "Gənclik", "Təhsil" komandalarında uğurla çıxış ediblər. Onlar Fransa, Misir, Sloveniyada Avropa birinciliklərində mübarizə aparıblar.
Məktəbin direktoru idman ocağının öz fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən "Şəhərlər üzrə ilin ən yaxşı Uşaq Gənclər İdman Məktəbi" nominasiyasında 2008-ci ildə I, 2009-2010-cu illərdə II yerləri tutduğunu, dəfələrlə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomla təltif edildiyini vurğuladı. O, qeyd etdi ki, bu yaxınlarda London Yay Olimpiya Oyunlarında idmançılarımızın möhtəşəm qələbəsi bir daha sübut etdi ki, Azərbaycan gəncləri sağlam, mübariz və güclü gənclərdir. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir. İdmanın kütləviləşməsində, geniş yayılmasına uşaq gənclər idman məktəblərinin rolu böyükdür. Biz bundan sonra da çalışacağıq ki, dövlətin idmana göstərdiyi diqqət və qayğıya əməli işimizlə cavab verək.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında