Olimpiya qəhrəmanlarımız . İkiqat gümüş mükafatçı

Ömrünün ən yaxşı illərini böyük idmana həsr edib bu yolda yüksək zirvələrə can atan hər kəs Olimpiya oyunlarının iştirakçısı olmaq, dünyanın, demək olar, bütün ölkələrinin təmsilçilərini öz bayrağı altına toplayan möhtəşəm yarışdan zövq almaq, vətəninə medal qazandırmaq arzusu ilə yaşayır. Təəssüf ki, heç də hamının arzusu həyata keçmir, olimpiadalarda ustalığını nümayiş etdirmək, ölkəsinə medal sevinci bəxş etmək imkanını yalnız ən güclülər, həmvətənimiz, yunan-Roma güləşi ustası Rövşən Bayramov kimi möhkəm iradəli, əzmkar idmançılar qazanırlar. 
Üstəlik də, Bayramov ardıcıl iki Olimpiya oyunlarında xalça üzərinə çıxıb, onların hər ikisində finalda güləşib, Azərbaycana iki gümüş medal gətirib. Bununla da Rövşən idmanımızda ən görkəmli simalardan biri kimi ölkə tarixində özünə çoxlarının qibtə edəcəyi layiqli bir yer etmişdir. Lakin bu da son hədd deyil, 55 kq çəki dərəcəsində dünyanın ən yaxşı "klassiklərindən" biri olimpiya xalçası üzərində ən kəsərli sözünü hələ deməyib və düşünmək olar ki, dörd ildən sonra Rio-de-Janeyroda (Braziliya) keçiriləcək növbəti Olimpiadada daha böyük qəhrəmanlıq göstərmək, Pekin - 2008-də itirdiyi, London - 2012-də tapa bilmədiyi qızıl medalı 2016-cı ildə Pelenin vətənində axtarmaq istəyir.
Bu barədə o özü avqustun 24-də Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında XXX Yay Olimpiya Oyunlarında medal qazanmış idmançıların mükafatlandırılması mərasimindən sonra həmkarlarımla söhbətində belə deyib: - Mən Pekin Olimpiadasında da gümüş medal qazanmışdım. Londonda da ikinci oldum. Bu dəfə də finala çıxdım və yenə də qızıl medal qazana bilmədim. Bu, məni bir az məyus etdi. Amma buna baxmayaraq, sevinirəm. Tanrıya şükür edirəm ki, Londonda da mükafatçılar arasında yer ala bildim. Məşqlərimi davam etdirəcəyəm. İnşallah, növbəti Olimpiadada arzumu reallaşdırmağa çalışacağam.
Mahir usta olmağı ilə yanaşı, təvazökarlığı ilə də idman ictimaiyyətimizin rəğbətini qazanmış Rövşən Bayramov nə dediyini yaxşı bilir. O, fəxri kürsünün zirvəsini hələ özünün ilk Olimpiadasında, Pekində fəth etməyə yaxın idi. Onda rusiyalı Nazir Mankiyevlə bərabər səviyyədə davam edən həlledici görüşdə yalnız gərgin mübarizədən sonra uduzmuşdu və finalda Rövşən də qələbəyə layiq idi.
Çin paytaxtındakı kimi, Olimpiada - 2012-də də final yenə rəqibin üzünə güldü. Buna qədər isə Azərbaycan güləşçisi Minqyan Semyonov (Rusiya), Tomaş Manqo (ABŞ), İstanbulda dünya çempionatının yarımfinalında da məğlubiyyətə uğratdığı çinli Li Sujin və Cənubi Koreya təmsilçisi Quiçin Çon üzərində ardıcıl qələbələrlə özü üçün finala yol açmışdı. Rövşən final görüşündə iranlı Həmid Reyhanpura uduzsa da, bu uğursuzluğu heç kim ona irad tuta bilməzdi. Azərbaycanın yunan-Roma güləşçilərinin lideri ikinci dəfə Olimpiya oyunlarının gümüş mükafatçısı olmuş, Pekindən sonra Londonda da onun müvəffəqiyyəti şərəfinə milli bayrağımız nəhəng idman sarayında yüksəyə qaldırılmış, hər birimiz bu gözəl mərasimi böyük razılıq hissi ilə, qürurla izləmişdik.
Bu zaman Rövşənin necə məyus olduğunu, hətta ağlamsındığını da görmüşdük. Amma qızıl medala hücum cəhdinin bu dəfə də baş tutmamasına baxmayaraq, o, çox iş görmüş, bütün güləş aləminin məhəbbətini qazanmışdır. Olimpiya oyunlarının ikiqat finalçısının iki gümüş medalı onların sahibinin yüksək ustalığının etirafı və ölkəsinin tarixdə əbədi yaşayacaq nailiyyətləridir. Axı Olimpiya medalı həsrəti ilə yaşayan onlarla ölkə, on minlərlə idmançı vardır, onların nə vaxtsa məqsədə çata bilib-bilməyəcəkləri də heç kimə məlum deyil.
Xalça üzərində adlı-sanlı rəqibləri dəfələrlə çıxılmaz vəziyyətə salmış rəngarəng fəndlər ustası Rövşən Bayramovun böyük, yaddaqalan uğurları təkcə Olimpiya oyunlarının iki gümüş medalı ilə məhdudlaşmır. Ötən may 25 yaşı tamam olmuş güləşçimizin idmançı həyatında gurultulu qələbələr o qədər çox olmuşdur ki, onların hamısını birnəfəsə xatırlamaq mümkün deyil. Həmvətənimizi təkcə doğma Bakıda, Azərbaycanda yox, Pekin və Londonla yanaşı, dünyanın bir çox şəhərində, məsələn, Tamperedə (Finlandiya), Moskvanın "Olimpiyski" İdman Kompleksində, Quançjouda (Çin Xalq Respublikası), Herninq (Danimarka), Sofiya, İstanbul və digər şəhərlərdə alqışlamışlar.
Avropa və dünya çempionatlarında, "Qızıl Qran-Pri" turnirlərində, daha neçə-neçə beynəlxalq yarışda qazanılmış çoxsaylı mükafatlar, dünya və Avropa çempionatlarının qızıl medalları böyük istedadına heç kimdə şübhə yeri qoymayan Rövşəni göylərə, şöhrətin zirvəsinə qaldırmış və onu bütün dünyaya ən mahir "klassiklərdən" biri kimi tanıtmışdır. Özü də indi yox, hələ bir neçə il bundan əvvəl. Məsələn, Bayramovun Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2008-ci ilin ən yaxşı yunan-Roma güləşçisi hesab edilməsi çox şeydən xəbər verirdi və Azərbaycan güləş məktəbi yetirməsinin yüksək ustalığını bir daha təsdiq edirdi. Həmin il o, Pekin Olimpiadasının finalında uduzub gümüş medalla kifayətlənsə də, beynəlxalq güləş dairələrində diqqət mərkəzində olmuşdur.
Çin paytaxtında XXIX Yay Olimpiya Oyunları ili Olimpiadanın gümüş mükafatçısı üçün bir də onunla əlamətdar olmuşdur ki, 2008-ci ildə Rövşən Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. Onda cəmi 21 yaşı var idi. Bu yaşda Vətənin yüksək mükafatının sevincini yaşamaq isə hər kəsə nəsib olmur.
Bu ilin yanvar ayında Prezident sərəncamı ilə 2012-ci il Azərbaycan Respublikasında "İdman ili" elan olunmuşdur. Bütün idman ictimaiyyətimiz kimi, Rövşənin də bu sərəncamı necə razılıq hissi ilə qarşıladığını təsəvvür etmək çətin deyil. Prezident sərəncamı ölkəmizdə idmana və idmançılara göstərilən daimi dövlət qayğısının növbəti parlaq təzahürüdür. Məhz bu qayğının nəticəsidir ki, həyatın bütün sahələrində olduğu kimi, idmanda da sürətli inkişaf yolunda olan respublikamız artıq neçə illərdir ki, bütün dünyada əsl idman ölkələrindən biri kimi tanınır, uğurlarımız hər yerdə geniş əks-səda doğurur.
Dünya şöhrətli güləşçimiz də "İdman ili"nə öz töhfəsini vermiş, Londonda XXX Yay Olimpiya Oyunlarında fəxri kürsünün ikinci pilləsinə yüksəlməklə olimpiadalarda Azərbaycana ikinci dəfə gümüş medal qazandırmışdır. Bununla da o, vətənə əsl xidmət nümunəsi göstərmişdir.
İngiltərə paytaxtında güləşçimizin medalının lap yerinə düşdüyünü də xüsusi qeyd etmək olar. Olimpiadanın doqquzuncu günü idi. Bizim isə hesabımıza buna qədər yalnız bir mükafat - yarışların ikinci günü ağırlıqqaldıran Valentin Xristovun qazandığı bürünc medal yazılmışdı. Sonrakı bir həftə ərzində təmsilçilərimizin fəxri kürsüyə yüksəlmək cəhdləri nəticə verməmiş və idman ictimaiyyətimizdə, bütün xalqımızda bir narahatlıq yaranmışdı. Nəhayət, həyəcanlarımız arxada qaldı, Rövşən Bayramov medallarımızın sayını ikiyə çatdırdı, onunla, demək olar, eyni saatlarda güləş yığmamızda komanda yoldaşı Emin Əhmədov da Azərbaycanı sevindirdi, gecəyarısı isə boksçu Teymur Məmmədov London rinqində yarımfinala çıxmaqla ən azı bürünc medalı ölkəmizə təmin etdi. Bir gündə üç mükafat sonrakı qələbələrimizə, xüsusən də Olimpiadanın finişində sərbəst güləş ustaları Toğrul Əsgərovla Şərif Şərifovun qızıl uğurlarına təkan verdi.
Bir sözlə, Rövşən təkcə xalça üzərində öz işinin öhdəsindən məharətlə gələn "qrossmeyster" deyil, həm də uğurları ilə Azərbaycanın milli komandasındakı dostlarına da daxili bir rahatlıq gətirən, onları ruhlandıran, qələbə və medallara ümidlərini artıran nümunəvi bir insandır.
Dünyanın ən güclü "klassik" güləş ustalarından biri kimi tanınan və istedadı Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti, Olimpiya oyunlarının üçqat çempionu rusiyalı Aleksandr Karelin və bir çox digər görkəmli mütəxəssis tərəfindən yüksək qiymətləndirilən dünya və Avropa çempionatlarının, "Qızıl Qran-Pri"lərin dəfələrlə qalib və mükafatçısı, iki Olimpiadanın finalçısı Rövşən Bayramov hələ çox gənc həyatında gözəl günlər yaşayır.
Biz onun dörd il əvvəl, Pekin Olimpiya Oyunlarından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görüldüyünü və onda 21 yaşında olduğunu yuxarıda xatırlamışdıq. Budur, dövlət başçımız Rövşənin uğurlarını bir daha yüksək qiymətləndirmişdir. Prezidentin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə XXX London Yay Olimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycanın bir qrup idmançısı vətənin yüksək mükafatlarına layiq görülmüşdür. Əlbəttə, onların arasında "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuş Bayramov Rövşən Cənnət oğlu da var.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında