İdmanın bu sahəsinin tədqiqatçıları, idman jurnalistləri, peşəkar və həvəskar futbolçular, məşqçilər, hakimlər, milli komandamızın təəssübkeşləri, eləcə də bütün oxucular... Ustad həmkarımız, əməkdar jurnalist, Moskva Olimpiadasının hakimlərindən biri, Azərbaycan Futbol Muzeyinin direktoru Abas Əzimovun "Azərbaycan Milli Komandası" adlı yeni kitabının oxucuları bax bu şəkildə geniş auditoriyanı əhatə edəcək. İndiyədək "Neftçi-70" , "Futbolumuzun futzal salnaməsi" və "Xatirələrdə yaşayanlar" kitablarıyla oxucu rəğbəti qazanmış həmkarımız indi daha böyük bir mövzu ilə öz oxucularının görüşünə gəlir. Müəllifin yeni kitabını nə üçün belə qiymətləndiririk?
Çünki bu kitabda Azərbaycanın dövlət müstəqilliyindən cəmi bir yaş kiçik olan Milli futbol komandamızın son 20 ildə keçdiyi yolun bütün dolanbac və kəşməkeşləri, çətinlikləri, azarkeşlərinə bəxş etdiyi sevincli anlar və bizi üzləşdirdiyi üzüntülü məqamlar ən kiçik detallarına qədər öz əksini tapıb. Sabir demişkən, düzü düz yazıb, əyrini də həmvar. Kitabda o qədər faktlar və rəqəmlər toplanıb ki, adam bu müəllifin səbrinə və dözümünə heyran olur. Üstəlik, yeni kitab ilk növbədə milli komandamızın yaranmasının 20 illiyinə həsr olunsa da, burada oxuculara ümumilikdə Azərbaycan futbol tarixi haqqında çox dəyərli məlumatlar təqdim olunur.
Məsələn, bu sahəyə xüsusi maraq göstərən mütəxəssisləri istisna etsək, Azərbaycan oxucularının böyük əksəriyyəti milli futbol komandamızın yaranma tarixini dəqiq bilmir, bu oyunun ölkədə kütləviləşməsini Sovet dönəmi ilə bağlayırdılar. Doğrudur, Sovet dönəmində Azərbaycan futbolu böyük inkişaf yolu keçib. Ancaq oxuculara yenicə təqdim olunan bu kitabda göstərilir ki, Azərbaycan Milli Futbol Komandasının rəsmi tarixi 1911-ci ildən başlanır. O vaxta qədər Bakıda mövcud olmuş komandalar məhəlli xarakter daşıyır, öz aralarında yarışırdılar.
Müəllif yazır ki, iyirminci əsrin iyirminci illərində Bakı futbolçuları Zaqafqaziyanın ən güclülərindən sayılırdı. Məsələn, 1926-cı ildə Tiflisdə keçirilən Zaqafqaziya birinciliyində Azərbaycan futbolçuları gürcüləri 4:3, erməniləri isə 4:0 hesabıyla məğlub etmişdilər. 1927-ci ildə isə gürcülər bizim komandaya müqavimət göstərə bilsə də (1:1), ermənilərə daha böyük hesabla qalib gəlmişdik (6:0). 1929-cu ildə Tehranda bu şəhərin komandasına 11:0 hesabıyla qalib gələn futbolçularımız elə həmin il İranın seçmə komandasını da 4 :1 hesabıyla məğlub etmişdi. Yəni Abas müəllim milli futbol tariximizin müstəqillik dövrü ilə kifayətlənməyərək, bütövlükdə Azərbaycan futbolunun keçmişinə ötəri də olsa nəzər salır. Burada "ötəri" ifadəsi təsadüfi deyil. Çünki müəllif qarşıya qoyduğu məsələyə-bu sahənin son 20 ildəki tarixinin öyrənilməsinə elə dərindən yanaşır, elə faktları və statistik göstəriciləri ortaya çıxarır ki, onların yanında əvvəlki illərin tarixi haqqındakı məlumatlar doğrudan da ötəri görünür.
" Azərbaycan Milli Komandası" kitabının əsas məziyyətlərindən biri də odur ki, oxucu bu kitabda çoxsaylı suallara cavab tapa biləcək. Məsələn, Azərbaycan yığması neçənci ildən Avropa, neçənci ildən dünya çempionatlarının seçmə yarışlarında iştirak edir? Millimiz nə üçün özünün ilk beş "ev oyununu" Türkiyədə keçirməli olmuşdur? Milli komandamız indiyədək neçə beynəlxalq görüşdə qüvvəsini sınamışdır? Neçə oyunda qələbə qazanmışıq, neçə oyunda meydanı məğlub tərk etmişik, topların fərqi necədir? Qeyri-rəsmi görüşlərdə qələbəmiz çoxdur, yoxsa məğlubiyyətimiz? Millimiz ilk yoldaşlıq görüşünü və ilk rəsmi beynəlxalq görüşünü kiminlə, neçənci ildə keçirib? O zaman baş məşqçi kim idi? Ən ağır məğlubiyyəti kimin əlindən dadmışıq? Bəs ən uğurlu görüşümüz kiminlə olub? Dünya çempionatının seçmə oyunlarında yaxşı göstəricilərimiz çoxdur, yoxsa Avropa çempionatının? Millidə ən çox qol vuran oyunçumuz kim olub? Bəs millinin formasını ən çox geyinən futbolçumuz kimdir? Seçmə komandamızın məşqçiləri, kapitanları, oyunların hakimləri barədə nə bilirik? Hansı baş məşqçi millimizi meydana daha çox çıxarıb? Hansı ölkənin komandası ilə daha çox oynamışıq? Bu və bu kimi yüzlərlə sualların cavabını bilmək istəyən oxucu həmin cavabı Abas Əzimovun az qala ensiklopediya xarakterli kitabında tapa biləcək. Maraq üçün həmin suallardan ikisinin cavabını hörmətli oxuculara təqdim edək:Rəsmi beynəlxalq oyunlarda kapitan sarğısı ilə meydana ən çox çıxan futbolçumuz Rəşad Sadıqovdur (46 oyun). Milli komandada ən çox oynamış futbolçumuz isə Aslan Kərimovdur ( 80 oyun). Maraqlıdır ki, Rəşad Sadıqovdan da (44 oyun), Aslan Kərimovdan da sonra ( 74 görüş) Tərlan Əhmədovun adı gəlir.
Bir sözlə, bu kitab kimin əlinə keçəcəksə, mütləq öz dostuna və yoldaşına da ötürməli olacaq. Çünki orada paylaşmalı çox məqamlar var. Elə müəllif haqqında geniş məlumatı da oxucular kitabdan öyrənə biləcəklər. Biz isə ustad həmkarımıza can sağlığı və uğurlar arzulayırıq.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.