Prinsipial matçda qələbə

İstanbulda keçirilən 40-cı Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu ilə turnir məsafəsinin üçdəbir hissəsi arxada qalmışdır. Azərbaycanın kişilərdən ibarət komandası ilk dörd matçda 8 mümkün xaldan 7, qadın şahmatçılarımız isə 6 xal toplamışlar. Başlanğıc ümumən pis deyil. Ən maraqlı hadisələr, medallar uğrunda əsas mübarizə isə hələ irəlidədir. 
Dördüncü turda kişilərin turnirində qrossmeysterlərimiz almaniyalı rəqibləri ilə qarşılaşmışlar. Bu matçda Azərbaycan keçmiş, Almaniya isə hazırkı Avropa çempionu rolunda çıxış etmişlər. Komandalardan heç biri öz üstünlüyünü sübuta yetirə bilməmişdir - 2:2. Hərçənd Şəhriyar Məmmədyarov üçüncü taxtada Georq Meyerlə xalı yarı böldükdən, Teymur Rəcəbov isə birinci masada Arkadi Naydiçə qalib gəldikdən sonra hesab komandamızın xeyrinə 1,5:0,5 idi. Ancaq digər iki taxtada Eltac Səfərli heç-heçə oynamış, Qədir Hüseynov uduzmuşdur.
Şahmatçılarımız beşinci turda Kanada komandası ilə qarşılaşaraq 3,5:0,5 hesabı ilə qalib gəlmişdir. Beləliklə 5 turdan sonra kişilərdən ibarət Azərbaycan komandası 9 xalla 3-cü yeri tutur.
Bu arada Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabrın 1-nə olan reytinq cədvəlini dərc etdirmişdir. Rəcəbov (2788) əvvəlkitək dördüncü mövqedədir. Siyahıya isə norveçli Maqnus Karlsen (2843) başçılıq edir.
Olimpiadanın dördüncü turunda qadınların yarışında Azərbaycan - Ermənistan matçı prinsipial xarakter daşıyırdı. Rəqib komandanın üzvləri reytinqə görə bizim qızlardan bir qədər üstün olsalar da, şahmatçılarımız bir daha sübut etdilər ki, yarış meydanında reytinq heç də hər şeyi həll etmir.
Zeynəb Məmmədyarova (2285), Gülnar Məmmədova (2324), Türkan Məmmədyarova (2245) və Xəyalə İsgəndərova (2205), Elina Danielyan (2476), Lilit Mkrtçyan (2454), Lilit Qaloyan (2349) və Mariya Kursovadan (2338) ibarət komanda ilə matçdan qalib ayrılmağı bacardılar. Matçda üç görüşdən sonra hesab 1,5:1,5 idi və hər şeyi birinci taxtada Zeynəb Məmmədyarovanın Danielyan üzərində qələbəsi təmin etdi.
Nəticədə 2,5:1,5 hesabı ilə qalib gələn Azərbaycan komandası xal ehtiyatını 6-ya çatdırdı.
Qadın şahmatçılarımız 5-ci turda Monqolustan komandasına 3,5:0,5 hesabı ilə qalib gəlmişdir. Komandamız 5 turdan sonra 8 xalla 10-cu yerdədir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında