Hər iki matçda Azərbaycanın xeyrinə 4:0

Azərbaycan komandaları İstanbulda keçirilən 40-cı Ümumdünya Şahmat Olimpiadasına inamlı qələbələrlə başlamışlar. Kişi qrossmeysterlərimiz Teymur Rəcəbov, Eltac Səfərli, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov Lüksemburq, qadın şahmatçılarımız Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Xəyalə İsgəndərova isə Puerto Riko komandalarını 4:0 hesabı ilə məğlubiyyətə uğradaraq startda maksimum nəticə göstərmişlər. 
Kişilərin turnirində medallara əsas namizədlərin iştirakı ilə keçirilmiş digər görüşlər belə nəticələnmişdir: Ukrayna - İraq - 4:0, ABŞ - İordaniya - 4:0, Rusiya - Dominikan Respublikası - 3,5:0,5, Çin - Zambiya - 3,5:0,5, Macarıstan- Qırğızıstan - 3:1, Ermənistan - Boliviya - 3:1.
Dünən axşam ikinci turun matçları oynanılmışdır. Azərbaycanın kişilərdən ibarət komandası bu dəfə İrlandiya yığması ilə görüşmüş, qadın şahmatçılarımız isə rumınlarla qarşılaşmışlar.
Qeyd edək ki, kişilərin yarışında medallar uğrunda 158, qadınların turnirində isə 131 komanda mübarizə aparır. Olimpiada İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Hər komandanın heyətinə beş şahmatçı - dörd əsas və bir ehtiyat oyunçu daxildir. Qaliblər komanda xallarının daha çox miqdarına görə müəyyənləşəcək.
Çox təəssüf ki, kişilərdən ibarət komandamızın liderlərindən biri Vüqar Həşimov yığmamıza kömək edə bilməyəcək. Sağlamlıq vəziyyəti ilə əlaqədar həkimlər onun Olimpiadada iştirakına icazə verməmişlər. Buna baxmayaraq, mütəxəssislər yenə də Azərbaycanı medallar uğrunda mübarizədə əsas rəqiblərdən biri hesab edirlər.
Komandamızın kapitanı Vladimir Tukmakov heyətə Rəcəbov, Məmmədyarov, Səfərli və Məmmədovla yanaşı, Qədir Hüseynovu daxil etmişdir.
Qadın şahmatçılarımız isə Məmmədyarovalar, Məmmədova, İsgəndərova və Nərgiz Umudovadan ibarət heyətlə yarışırlar. Onların kapitanı Fikrət Sideifzadədir.
Ümumdünya Olimpiadasına sentyabrın 9-da yekun vurulacaqdır. Təşkilatçılar yarış iştirakçıları üçün iki istirahət günü də nəzərdə tutmuşlar. Rəqiblər sentyabrın 2-də və 8-də dincələcəklər. Turlar Bakı vaxtı ilə saat 17-də başlanır, yalnız sonuncu, 11-ci tur saat 13-ə təyin edilmişdir.
Xatırladaq ki, olimpiadalar hər iki ildən bir keçirilir. Bundan əvvəlki yarış 2010-cu ildə Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunmuş və öz bayrağı ətrafına 143 ölkə komandalarını toplamışdı. Növbəti, 41-ci Olimpiadanın iştirakçıları 2014-cü ildə Norveçin Tromse şəhərində görüşəcəklər. Bundan iki il sonra isə Olimpiadanı hansı şəhərin qəbul edəcəyi Beynəlxalq Şahmat Federasiyasının bu günlərdə İstanbulda keçiriləcək konqresində müəyyənləşəcək. Artıq idman həvəskarlarımıza məlum olduğu kimi, Ümumdünya Şahmat Olimpiadası - 2016-nın təşkilinə namizəd şəhərlərdən biri də Azərbaycan paytaxtı Bakıdır.
Tarixdə ilk belə yarışın 1924-cü ildə 16 ölkə komandalarının iştirakı ilə Parisdə keçirildiyini də qeyd edək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında