Yubiley Olimpiadasının əsas kəşflərindən biri - azərbaycanlı çempion Toğrul Əsgərov

Olimpiya qəhrəmanlarımız
Tezliklə, sentyabrın 17-də o, növbəti ad günü münasibətilə ailə üzvlərindən, yaxınlarından, idmançı dostlarından, məşqçilərindən idman həvəskarlarından təbrikləri qəbul edəcək və çox fərəhli bir gün yaşayacaq. Özü də bu dəfə Toğrulun ad günü 20 yaşına təsadüf edəcək, hamı onu tarixə yubiley Olimpiadası kimi daxil olan XXX Yay Olimpiya Oyunlarının çempionu kimi bir daha bağrına basacaq.
Londonda Azərbaycanın zəfər gününə çevrilən 11 avqustdan bizi cəmi iki həftəlik zaman kəsiyi ayırır. Həmin günün axşamı xalqımızın keçirdiyi hissləri sözlə təsvir etmək çətindir. Avqustun 11-də sərbəst üsulla güləşən Toğrul Əsgərov Olimpiya xalçası üzərində bütün rəqibləri üzərində qazandığı inamlı qələbələrlə adını Olimpiadanın qəhrəmanları sırasına yazdırdı və onun qızıl medalı bütün Azərbaycana hədsiz sevinc hissi yaşatdı, ölkəmizi sevən, onun nailiyyətlərindən böyük qürur duyan hər bir vətəndaşımızın, xaricdəki yüz minlərlə soydaşımızın ürəyindən oldu. Dərhal da hələ final görüşünün başa çatmasına bir neçə saniyə qalmış rusiyalı dördqat dünya çempionu və Pekin Olimpiadası - 2008-in bürünc mükafatçısı Besik Kuduxovun çıxılmaz vəziyyətdə məğlubiyyətlə barışacağını aydın hiss edən insanlar möhtəşəm qələbə münasibətilə yaxından-uzaqdan bir-birlərini təbrik etməyə, gözaydınlığı verməyə başladılar. Toğrul Əsgərov bütün Azərbaycana unudulmaz bir gecə yaşadırdı...
Böyük qələbəyə, Londonda ilk qızıl medalımıza aparan yol isə heç də hamar deyildi. Bu yolda bir-birindən iddialı rəqibləri "aradan götürmək" tələb olunurdu. İlk görüşdə almaniyalı Timo Şlyaxer Toğrulla heç cür bacarmadı, sonra yapon Keniçi Yumoto da onun aqibətini yaşadı. Yarımfinalda ABŞ təmsilçisi Koleman Skott Əsgərovun ustalığı qarısında aciz qaldı. Qızıl "savaşında" isə Besik Kudulovun heç bir bir şansı olmadı. Azərbaycan güləşçisi hər iki hissədə ona inamla qalib gəlib 60 kq çəki dərəcəsində XXX Yay Olimpiya Oyunlarının çempionu adına ən layiqli güləşçi olduğunu məharətlə sübuta yetirdi.
Qızıl finaldan sonra Olimpiya çempionumuz onu təbrik edən jurnalist həmvətənlərinə belə deyəcəkdi: "Bilirdim ki, çempion olmalıyam. Bilirdim ki, ciddi rəqiblərim var. Və başa düşürdüm ki, bu görüş tarixə düşmək üçün bir şansdır. Finalda hər şeyin belə qurtaracağını heç özüm də gözləmirdim. Belə inamlı qələbəni gözləmirdim. Şadam ki, bütün Azərbaycan xalqı bu gün qələbə hissi yaşayır".
Bu görüş barədə Kuduxovun da öz ölkəsinin jurnalistlərinə söylədiyi fikri bir daha xatırlayaq: "Mən yalnız qızıl medal qazanmaq əzmində idim. Finala aparan yolda bütün ciddi rəqiblərimi keçdim. Azərbaycanlı ilə heç vaxt güləşməmişdim və düşünmürdüm ki, o, mənə çətin anlar yaşadacaq. O isə xalça üzərinə çıxdı və dərhal hücum etməyə başladı. Mən görüşü taktiki cəhətdən bir qədər düzgün qurmamışdım. Görüşdən-görüşə daha yaxşı güləşirdim. Finalda isə nə üçün belə olduğunu bilmirəm".
Elə Toğrul Əsgərovu London Olimpiya Oyunlarının 15 sürprizi sırasına daxil etmiş Rusiyanın çempionat.com portalındakı qeydlərə də yenidən diqqət yetirmək yerinə düşər: "Rusiyalı azarkeşlərin ürəyini göynədən daha bir sürpriz Toğrul Əsgərov bu il Avropa çempionu olmuş, iki il əvvəl isə Moskvada dünya çempionatında gümüş medal qazanmışdı. Düzdür, o zaman o, başqa çəki dərəcəsində çıxış edirdi. İndi isə Besik Kuduxovla bir çəkidə idi. Kuduxovla müqayisədə onun bütün nailiyyətləri gölgədə qalırdı. Rusiyalı dörd dəfə dünya çempionatlarında qalib gəlmişdir və finalda aşkar favorit hesab olunurdu. Amma 19 yaşlı azərbaycanlıya uduzdu".
Rusiyalı idman həvəskarları finalda öz sevimli güləşçilərinin məğlubiyyətini ürək ağrısı ilə qarşılasalar da, guman etmək olar ki, onlar həlledici görüşün Kuduxova yaxşı bir şey vəd etmədiyini elə ilk dəqiqələrdən hiss etməyə başlamışdılar. Toğrulda qələbə istəyi daha çox idi, Toğrul adlı-sanlı rəqibinə göz açmağa, özünə gəlməyə imkan vermək fikrində deyildi. Görüşün nəticəsi - birinci hissədə 1:0, ikincidə 5:0 hesabı da Əsgərovun həyatında ən parlaq, ən gurultulu qələbəsinə heç bir şübhə yeri qoymadı. Olimpiya qızılı uğrunda həlledici görüşdə yalnız rəqibindən qat-qat üstün ustalıq nümayiş etdirib aramsız hücumları və dəqiq fəndləri ilə onu şahmat dili ilə desək, mat vəziyyətinə salanlar belə möhtəşəm qələbə qazana bilərlər.
Bir qədər yuxarıda final görüşündən sonra Əsgərovun dediyi "Bilirdim ki, çempion olmalıyam..." sözlərini diqqətinizə çatdırmışıq. Amma Toğrul hələ Olimpiadadan xeyli əvvəl də öz qüvvəsinə möhkəm inam hissi ilə yaşayırmış. Mən belə deyərkən London sınaqlarına təxminən üç ay qalmış, "Olimpiya dünyası" qəzetinin may nömrələrindən birində gələcək Olimpiya çempionu ilə dərc edilmiş geniş bir müsahibəbə o vaxt da, dünən bu sətirləri qələmə alarkən də oxuduğum cümlələrə əsaslanıram. Həmin müsahibədə gənc həmkarlarım Esmira Orucova və Jalə Rzabəylinin suallarından biri belə olmuşdur:
- Əgər London Yay Olimpiya Oyunlarında medal qazansan qələbəni kimə həsr edəcəksən?
- Ümid edirəm ki, Olimpiadada mən də zəfər çalacağam. Əgər medal qazansam, bunu xalqımıza həsr edəcəyəm. Çünki biz idmançılar bütün yarışlarda Azərbaycanımızın üçrəngli bayrağını zirvələrə qaldırırıq. İdmançı olmaq, xalqına xidmət etmək ən şərəfli vəzifələrdən biridir.
Olimpiadanın finalında zəngin təcrübəli, adlı-sanlı rəqibi xalça üzərinə çıxmağayalnız həlledici görüşü tam hazırlıqla qarşılayan Toğrul Əsgərov kimi güləşçilər peşman edə bilərldər. Yaşı hələ heç iyirmiyə də çatmayan bizim çempion sözün əsl mənasında bütün idman aləmini təəccübləndirməyi və sərbəst güləşdə dünyaya son dərəcə istedadlı gənc bir ustanın gəldiyini sübuta yetirməyi bacardı. Məşqlərdə yorulmaq bilməyən bu qoçaq oğlan özünü idman dunyasına sadəliyi və təvazökarlığı, işgüzarlığı və yenilməz qələbə əzmi ilə tanıtdı. Siz onun xalça üzərində özünü necə soyuqqanlı, qüvvəsinə və qələbəsinə zərrə qədər də şübhə etməyən cəsur bir döyüşçü kimi apardığını yadınıza salın. Hələ heç iyirmi yaşı da tamam olmayan və müstəqil Azərbaycan Respublikasında Olimpiya oyunlarının qalibi adını daşıyan ən gənc çempionumuz ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanda "İdman ili" elan olunmuş 2012-ci ildə ən böyük güləş yarışında heç kimdə şəkk-şübhə doğurmayan gözəl qələbənin müəllifi olmuşdur.
Belə olmasaydı, məşqçiləri onun haqqında böyük razılıq və minnətdarlıq hissi ilə danışmazdılar.
Doğma Gəncədə ilk məşqçisi olmuş Elçin Zeynalov: - Final ərəfəsində mən özümü gümüş medala hazırlayırdım. Düşünürdüm ki, Toğrul uduza bilər. Onun rəqibi dörd dəfə dünya çempionudur, Olimpiadada üçüncü olmuşdu. Buna baxmayaraq, Əsgərov daha təcrübəli həmkarına əsl ustad dərsi keçdi. Toğrul çox sağ olsun ki, bizi belə sevindirdi.
Azərbaycan yığma komandasında məşqçisi Firdovsi Umudov da öz müsahibələrində Toğrulun qələbəsinə inandığını, onun məşqlərə ciddi münasibəti, yüksək nizam-intizamı ilə seçildiyini bildirmşdir.
Gənc çempionumuzun qələbəsi respublikamızla yanaşı, dünyanın bir çox ölkəsində diqqət mərkəzində olmuşdur. Məsələn, Olimpiada günlərində AzərTAc-ın xüsusi müxbiri Şəfəq Akifqızı ABŞ-ın Monterey şəhərindən xəbər verirdi ki, nüfuzlu "Vaşinqton Post" qəzeti avqustun 12-dəki buraxılışında London Olimpiadasında güləş idman növünə ayrıca məqalə həsr edərək Azərbaycanın sərbəst güləşçilərinin - 60 kiloqram çəki dərəcəsində Toğrul Əsgərov və 84 kiloqram çəki dərəcəsində Şərif Şərifovun bir gecədə bir-birinin ardınca iki qızıl medal qazanmasını diqqətə çəkmiş, 19 yaşlı Toğrulun dörd dəfə dünya çempionu olan Besuk Kuduxova qalib gələrək hamını heyrətləndirdiyini vurğulamışdır.
Burada öz tərəfimizdən qeyd etmək yerinə düşər ki, London Olimpiadasının sərbəst güləş yarışlarının ən yaxşı iki komandası məhz Azərbaycan və ABŞ olmuşdur. Toğrul Əsgərov və dostları da, amerikalı güləşçilər də İngiltərə paytaxtından müvafiq surətdə Xəzər sahillərinə və okeanın o tanıyına 2 qızıl və 1 bürünc medalla qayıtmışlar.
Onu da razılıq hissi ilə bildirək ki, artıq on doqquz yaşında ikən xalça üzərində qibtəediləcək əzmkarlığı və möhkəm iradəsi ilə düunyanı heyrətə gətirən və bir andaca Azərbaycanın sevimlisinə, onun ən hörmətli övladlarından birinə çevrilən Toğrul Əsgərov indi Azərbaycan Respublikası idmançılarının 1996-cı ildən başlayaraq müstəqil komanda şəklində iştirakçısı olduqları beş yay Olimpiya oyunlarında qızıl medal qazanmış ən gənc idmançımızdır. O, həm də sərbəst güləşdə Namiq Abdullayevdən sonra ikinci, bütövlükdə isə müstəqil ölkəmizin beşinci Olimpiya çempionudur (Sidney - 2000-də Abdullayevlə yanaşı stend atıcısı Zemfira Meftahəddinova, Afina - 2004-də yunan-Roma güləşçisi Fərid Mansurov, Pekin - 2008-də cüdoçu Elnur Məmmədli də Olimpiya oyunlarından Azərbaycana qızıl medal gətirmişlər. Altıncı Olimpiya çempionumuz Şərif Şərifov isə Londonda Toğruldan təxminən bir saat sonra fəxri kürsünün zirvəsinə yüksəlmişdir).
Toğrul Əsgərov istedadının pərəstişkarları ümid edə bilərlər ki, qarşıdakı dörd ildə bir qədər də püxtələşib möhkəmlənəcək bu idmançı məşqlərə indiki kimi peşəkar münasibəti təqdirində 2016-cı ildə uzaq Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiadada da öz çəkisində baş rol oynamaq gücündə olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında