XXX London Yay Olimpiya Oyunlarında Azərbaycana parlaq qələbələr bəxş etmiş idmançılar və onların məşqçiləri mükafatlandırılmışlar

Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında Azərbaycana parlaq qələbələr bəxş etmiş idmançılar və onların məşqçiləri avqustun 24-də mükafatlandırılmışlar. 
Bu münasibətlə Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən təntənəli mərasimdə XXX London Yay Olimpiya Oyunlarının yekunları barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanaraq xalqımıza xoş anlar yaşatmışlar. Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq), sərbəst güləşçi Xetaq Qazyumov (96 kq), qadın güləşçi Yuliya Ratkeviç (55 kq), boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və ağır atlet Valentin Xristov (56 kq) bürünc medallar qazanmışlar. İdmançılarımızın bu qələbəsi dövlətimizin, bütövlükdə xalqımızın qələbəsidir.
Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olmuşdur. Millimiz Avropa ölkələri arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yerdə qərarlaşmışdır. Ölkəmiz türkdilli dövlətlər arasında yalnız Qazaxıstandan geri qalmışdır.
Eyni zamanda, tədbirdə Prezident İlham Əliyevin XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarını ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə mükafatların müəyyən edilməsinə dair imzaladığı sərəncam diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, Azərbaycan Prezidentinin 2012-ci il 3 iyul tarixli Sərəncamına əsasən, Olimpiya Oyunlarında birinci yeri tutan hər idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri tutan idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri tutan idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat məbləğində mükafatlar müəyyən edilmişdir.
Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə London Yay Olimpiya Oyunlarında möhtəşəm qələbələrə imza atmış idmançılarımızı təbrik etmiş və onlara növbəti Olimpiya oyunlarında uğurlar arzulamışlar.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün öz bəhrəsini verir. Eləcə də bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında müstəsna xidmətləri vardır. İdmana göstərilən dövlət qayğısının nəticəsidir ki, müstəqil Azərbaycanın övladları ölkəmizin şərəfini müxtəlif idman yarışlarında ləyaqətlə qoruyurlar.
Tədbirin sonunda London Yay Olimpiya Oyunlarında Azərbaycana medallar qazandırmış idmançılara və onların məşqçilərinə mükafatlar təqdim edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında