İngiltərə paytaxtında Azərbaycan idmançılarının 10 medalı, o cümlədən 2 qızıl mükafatı ilə əlamətdar olmuş XXX Yay Olimpiya Oyunlarının finişə çatmasından iki həftə keçir. Sərbəst güləş ustalarımız Toğrul Əsgərov və Şərif Şərifovun qızıl, Rövşən Bayramov (yunan-Roma güləşi) və Mariya Stadnikin gümüş, "klassik" güləşdə Emin Əhmədovun, "sərbəstlərdən" Xetaq Qazyumov və Yuliya Ratkeviçin, ağırlıqqaldıran Valentin Xristov, boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun bürünc medalları sayəsində 205 dövlət arasında 30-cu pilləyə yüksələn Azərbaycan yığmasının böyük qələbələrinin gözəl təəssüratından hələ tam ayrılmasaq da, artıq paralimpiya "dalğasına" keçmək vaxtıdır. Böyük Olimpiadanın "kiçik qardaşı" start ərəfəsindədir. Avqustun 29-dan sentyabrın 9-dək elə həmin Londonda keçiriləcək XIV Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasiminə az qalır.
Azərbaycan olimpiyaçıları kimi, onların paralimpiyaçı həmvətənləri də ölkəmizin müstəqilliyi dövründə özlərinin sayca beşinci ən məsul yarışında mübarizə aparacaqlar. Həm də bu dəfə daha böyük heyətlə və daha çox idman növündə.
Əgər Azərbaycan Atlanta - 1996-da iki növdə 2 idmançı ilə, bundan dörd il sonra Sidneydə (Avstraliya) üç növdə 7 iştirakçı ilə təmsil olunmuşdusa, Afina - 2004-də XII Paralimpiya Oyunlarında dörd növdə 11 və Pekin - 2008-də yenə dörd növdə 18 nəfərlə mübarizə aparmışdısa, London startlarına vəsiqə qazanmış 21 paralimpiyaçımız altı idman növündə yarışacaq.
İştirakçısı olduğumuz ilk dörd Paralimpiya Oyunlarında ölkəmiz ən yaxşı nəticəsini Çin Xalq Respublikasının paytaxtında keçirilmiş XIII Paralimpiadada göstərmişdir - 2 qızıl, 3 gümüş və 5 bürünc medal. Ağır çəkili cüdoçu İlham Zəkiyev və yadro itələyən Uluxan Musayev Pekindən Bakıya çempion kimi qayıtmışlar.
Bununla da Zəkiyev Afinada qazandığı qızıl medala daha bir ən yüksək mükafat əlavə edərək Paralimpiya Oyunlarının ikiqat çempionu adını daşımağa başlamışdır. Yeri gəlmişkən, Yunanıstanda keçirilmiş XII Paralimpiadada daha bir Azərbaycan idmançısı, uzununa tullanan Oleq Panyutin də fəxri kürsünün zirvəsində çempionluq sevinci yaşamışdı.
Pekində qazanılmış 2 qızıl medalla yanaşı, 3 gümüş və 5 bürünc mükafat respublikamızda Paralimpiya Hərəkatının böyük təntənəsi idi. On səkkiz idmançı üst-üstə 10 medal, yəni hər iki nəfərə birdən də çox mükafat əldə etmişdi.
Bu yarışlar bir daha göstərdi ki, Azərbaycanda fiziki hazırlığında problemlər olan insanların idman məşğələləri geniş dövlət qayğısı ilə əhatə olunmuş və böyük qələbələrə aparan yolda onların məşğələləri üçün hər cür şərait yaradılmışdır. Təcrübəli məşqçilərin rəhbərliyi altında gərgin və məqsədyönlü məşqlər paralimpiyaçılarımızı yüksək zirvələrə ucaldır. Bu idmançıların ixtiyarında hələ dörd il əvvəl Pekində Paralimpiada ərəfəsində Sumqayıtda istifadəyə verilən Paralimpiya kompleksi kimi beynəlxalq standartlara tam cavab verən müasir idman bazası vardır. Kompleksin təntənəli açılış mərasimində Azərbaycan rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bu gözəl bazanın əhəmiyyətini yüksək qiymətləndirmişdi.
Yuxarıda qeyd etdiyimiz kimi, XIV Paralimpiya Oyunlarına ölkəmizin 21 idmançısı lisenziya qazanmışdır və onlar cüdo, yüngül atletika, üzgüçülük, pauerliftinq, oxatma və güllə atıcılığı yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər.
Şübhəsiz, paralimpiyaçılarımız arasında ən adlı-sanlı idmançı İlham Zəkiyevdir. Afina və Pekindən ölkəmizə fiziki cəhətdən qüsurlu idmançıların dünyada bir nömrəli yarışının iki qızıl medalını gətirərək Paralimpiya Oyunlarının ikiqat çempionu olmuş bu mahir tatami ustası Azərbaycanın şöhrəti naminə çox böyük iş görmüş və onun adı ölkə idmanı tarixində xüsusi yer tutur. Azərbaycanın əməkdar idman ustası, otuz iki yaşlı çempion Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə görmə qabiliyyətini itirsə də, taleyin amansız zərbəsindən sarsılmamış, əksinə, dəmir iradəsi və əsl qələbə əzmi sayəsində ümumdünya Paralimpiya Hərəkatında yalnız böyük qaliblərə xas olan dərin bir iz buraxmışdır. Bunu sinəsini bəzəyən "Şöhrət" ordeni, Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" 2012 mükafatı və bir sıra başqa yüksək mükafatlar da təsdiq edir.
Londonda isə İlham üçüncü dəfə Paralimpiya Oyunlarının çempionu olmaq əzmindədir. Zəkiyevin idman istedadının pərəstişkarları möhkəm əmindirlər ki, Afinada, Pekində olduğu kimi, o, İngiltərə torpağında da rəqibləri üzərində üstünlüyünü inamla sübuta yetirib məqsədinə çatacaq və həmvətənləri, bütün Azərbaycan cüdoçumuzun növbəti, artıq üçqat çempionluğundan böyük qürur duyacaq.
Yığma komandamızın bayraqdarı İlham Zəkiyev, habelə yuxarıda adlarını çəkdiyimiz Uluxan Musayev və Oleq Panyutinlə yanaşı, XIV Paralimpiya Oyunlarında Azərbaycan idmanının şərəfini daha 18 təmsilçimiz qoruyacaq. Onların hamısına ölkə idmanının yeni nailiyyətləri və medalları naminə uğurlu start və finişdə qaliblər sırasında olmağı arzulayaq. Həm də diqqətinizə çatdıraq ki, paralimpiyaçılarımızdan səkkizi yüngül atletika, yeddisi cüdo, ikisi ağırlıqqaldırma, bir o qədəri də atıcılıq yarışlarında medallar uğrunda mübarizə aparacaqdır. Üzgüçülük və oxatma turnirlərinin hərəsində isə bir iştirakçı ilə təmsil olunacağıq.
Şübhə etməmək olar ki, Azərbaycan olimpiyaçılarının Londonda uğurlu çıxışları paralimpiyaçılarımızı da yeni qələbələrə ruhlandıracaq və onlar ölkəmizin idman mükafatları xəzinəsini daha da zənginləşdirəcəklər.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.