Azərbaycan idmançıları dünyanın ən güclülərindən olduqlarını bir daha sübut etdilər

XXX Yay Olimpiya Oyunları başa çatsa da, xalqımız bu yarışmanın xoş təəssüratlarından hələ də ayrıla bilmir. Son zamanlar bütün olimpiadalarda yüksək nəticələr əldə edən idmançılarımız London Olimpiadasında 10 medal qazanmaqla rekord nəticəyə imza atdılar. Güləşçilərimizin qazandığı uğurları xüsusilə qeyd etmək istərdim. Əlbəttə, mən bütün idman növləri üzrə mükafata layiq yer tutanları alqışlayıram. Ancaq yunan - Roma güləşi üzrə məşqçi olduğuma görə güləşçilərimizin qazandıqları uğurlar mənə daha çox sevinc bəxş etdi. 
Çünki Olimpiya iştirakçıları arasında mənim də yetirməm var idi. Olimpiyaçılarımızın 2 qızıl, 2 gümüş, 6 bürünc, ümumilikdə 10 medal qazanmaqla ölkəmizi 205 dövlət arasında 30-cu pilləyə qaldırmaları dünyada yaşayan bütün azərbaycanlıların qürur mənbəyidir. Bu, müstəqil Azərbaycan dövləti üçün çox yaxşı bir nəticədir. Çünki ölkəmiz 1996-cı ildən müstəqil dövlət kimi Olimpiya oyunlarına qoşulub və qısa vaxtdan sonra dünyanın inkişaf etmiş dövlətlərini geridə qoydu. Təbii ki, qazanılan bu möhtəşəm qələbəyə görə ilk növbədə dövlətimizin başçısı, Milli Olimpia Komitəsinin prezidenti cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki onun birbaşa idmana rəhbərliyi, idmançılara göstərdiyi böyük qayğıya görə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri arasında, Olimpiya hərəkatında misilsiz uğur qazanıb. İdmana dövlət səviyyəsində göstərilən qayğı bizə ümid verir ki, növbəti Olimpiya oyunlarında, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində daha yaxşı nailiyyətlər qazanacağıq və medallarımızın da sayı artacaq.
Ulu öndər Heydər Əliyev gənclərimizə böyük ümid bəsləyir, onların idmanla məşğul olmaları, beynəlxalq turnirlərdə iştirakını təmin etmək üçün hər cür şərait yaradırdı. 1996-cı il iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Atlantada keçirilmiş XXVI Yay Olimpiadasında iştirak etmiş idmançılarımızla görüşü zamanı demişdir ki, bu, Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk çıxışıdır. Ona görə də hər biriniz müstəqil dövlətimizin adının daha yüksəkliklərə ucaldılması üçün ciddi mübarizə aparmalısınız. Ulu öndər gənclərə güvəndiyini, inandığını bildirərək demişdir:"İdmanımızın, bədən tərbiyəmizin çox geniş imkanları var. Biz bunu ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün adi bir adət-ənənə olsun. Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandan kənarda qalmasın. Biz buna nail olmalıyıq. Bu, xalqımızın gələcəyi üçün lazımdır. Müstəqil Azərbaycanı gələcəkdə də yaşatmaq, onu daha da möhkəmləndirmək, dünya miqyasında böyük dövlətə çevirmək üçün gənclərimiz bu gündən hazırlaşmalıdırlar. Həm şüuri, zehni, mənəvi cəhətdən, həm də fiziki cəhətdən hazırlaşmalıdırlar. Ona görə də sizin qarşınızda bu sözləri deməyi çox vacib hesab edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, gənclərimiz xalqımızın gözəl ənənələrindən istifadə edərək öz sağlamlığını qoruyacaq, özlərini fiziki cəhətdən möhkəmləndirəcək, mətinləşdirəcəklər, mənəvi sağlamlıqlarını qoruyacaq və möhkəmləndirəcəklər.
Azərbaycanın böyük gələcəyi var. Azərbaycanın bir dövlət kimi, böyük təbii sərvətlərə malik olan bir ölkə kimi böyük gələcəyi var. Amma bu gələcəyi biz sizinlə birlikdə qurmalı, yaratmalıyıq və gənclər Azərbaycanın gələcəyini öz çiyinlərində irəliyə aparmalıdırlar. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan gəncləri məhz bu müqəddəs məqsədlərə sadiq olacaqlar və öz həyat tərzləri, istedadları ilə ölkəmizin gözəl gələcəyini təmin edəcəklər".
Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev idmanın inkişafına xüsusi qayğı göstərdi. Biz bunun gözəl bəhrəsini indi də görürük. Respublikamızın bütün regionlarında idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşü zamanı da bunu xüsusi vurğulayaraq dedi:"İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır. Hazırda 34 regional Olimpiya Mərkəzi tikilmişdir, 8 mərkəzdə tikinti davam edir. Əminəm ki, yaxın zamanlarda hər bir rayon mərkəzində müasir Olimpiya İdman Kompleksi açılacaqdır. Bu siyasəti biz 2000-ci ildən başlamışıq və son 12 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir olimpiya kompleksləri tikilmişdir. Gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim milli Olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri də öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş olimpiya komplekslərində başlamışlar.
Yenə də qeyd etmək istəyirəm ki, bu, həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir. Bunu da qeyd etmək istəyirəm və çox şadam ki, Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişir və Olimpiya komandamızın tərkibindəki idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq Olimpiya Oyunlarında iştirak edəcəkdir. Yəni, bu, onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların yerlərini tuturlar".
Gənclərin idmana olan marağının xüsusilə böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıran dövlətimizin başçısı dedi ki, bu maraq, eyni zamanda, beynəlxalq yarışların nəticələrində də özünü göstərir. Gənclər arasında keçirilən birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 10-cu yeri tutmuşlar. Bu, onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər idmana böyük maraq göstərir. Beləliklə bu, bizə imkan verəcəkdir ki, bundan sonra bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişdikcə uğurlarımız da davamlı olsun. Kütləviliyə gəldikdə, bir daha demək istəyirəm ki, əlbəttə, idman, hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır. Azərbaycan Prezidenti hər bir gəncə, hər bir vətəndaşa idmanla məşğul olmağı tövsiyə etdi. Bildirdi ki, idmanın çox böyük xeyri vardır. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə, Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar.
Azərbaycan nisbətən gənc, müstəqil dövlətdir. Bizim müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Biz beynəlxalq idman ailəsində layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Biz bu adı öz əməyimizlə, idmançılarımızın zəhməti, məşqçilərin əməyi ilə qazanmışıq.
Möhtərəm Prezidentimiz bizim əsas məqsədlərimizdən birinin ölkə idmanını inkişaf etdirməkdən və Azərbaycanın uğurlarını təmin etməkdən ibarət olduğunu bir daha diqqətə çatdırdı. London Olimpiadası bir daha təsdiqlədi ki, ölkəmizin idman sahəsindəki reytinqi getdikcə yüksəlir və idmançılarımız artıq dünyada ən güclü olduqlarını təsdiqlədilər. Olimpiadadan Olimpiadaya medallarımızın sayının artması, yeni idman qəhrəmanlarımızın ortaya çıxması da bundan xəbər verir. İdmançılarımız və biz məşqçilər Azərbaycanda idmana, Olimpiya hərəkatına dövlət tərəfindən böyük qayğı göstərilməsindən daha da ruhlanırıq.
Mənim sevincim isə digərləri ilə müqayisədə daha çoxdur. Çünki olimpiyaçılar arasında mənim də yetirməm var idi. Ötən Olimpiya Oyunlarının mükafatçısı olmuş Vitali Rəhimov, Yeniyetmələrin Sinqapur Olimpiya oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Murad Bazarov və London Olimpiadasının iştirakçılarından biri Həsən Əliyev mənim yetirmələrimdir. Mən beynəlxalq yarışlarda böyük uğurlara imza atmış daha bir yetirməmə də böyük ümid bəsləyirəm. Yeniyetmələr arasında 3 dəfə Avropa çempionu olmuş, dünya birinciliyində 2 dəfə gənclər arasında dünya birinciliyinin mükafatçısı olmuş Eldəniz Əzizli çox perspektivli güləşçidir. İnanıram ki, növbəti Olimpiya oyunlarında onun da adını qaliblər sırasında görəcəyik.
Azərbaycanda idmançılara, idmana göstərilən qayğı ildən - ilə daha da yüksəlir. Hazırda respublikamızın müxtəlif rayonlarında beynəlxalq standartlara uyğun olmpiya idman kompleksləri tikilb istifadəyə verilir. Bu, regionlarda da güclü idmançıların yetişdirliməsinə əlverişli şərait yaradır. Dövlətimizin başçısının sərəncamı ilə 2012-ci ilin Azərbaycanda "İdman ili" elan olunması idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir.
İdmançılarımız London Olimpiadasına yola düşməzdən əvvəl yaxşı bilirdilər ki, bu il ölkəmizdə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci və Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümüdür. Bu əlamətdar günləri parlaq qələbələrlə qarşılamaq böyük sevinc olardı. İdmançılarımız bu sevinci bizə - dünya azərbaycanlılarına bəxş etdilər.
İndi dünyanın məşhur idmançıları, məşqçiləri, aparıçı kütləvi informasiya vasitələri Azərbaycan idmançılarının, xüsusilə də sərbəst güləşçimiz - 19 yaşlı Toğrul Əsgərovun parlaq qələbəsindən danışır, məqalələr dərc edirlər. Mən Rusiya Federasiyasında bəzi kütləvi informasiya vasitələrində dərc olunan məqalələrə istinadən deyirəm ki, Rusiya idman ictimaiyyətinin təmsilçiləri hələ də Azərbaycan pəhləvanı Toğrul Əsgərovun 4 qat dünya çempionu, rusiyalı Besik Kudukova gözünü açmağa imkan verməməsi şokundan ayıla bilməyiblər. Fərəhlidir ki, Toğrul kimi perspektivli, ümidverici idmançılarımız yetişməkdədir. Elə mənim məşqçi kimi fəaliyyət göstərdiyim Respublika Olimpiya İdman Liseyində də belə ümidverici idmançılar çoxdur. Biz onlara çox inanırıq. Ümid edirik ki, növbəti Olimpiya Oyunlarında daha çox medallar qazanacaq, Azərbaycanın idman tarixinə daha şanlı səhifələr yazacağıq.

{nl}

Vaqif FEYZULLAYEV, Azərbaycanın əməkdar məşqçisi, Respublika Olimpiya İdman Liseyinin idman işləri üzrə direktor müavini

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında