Azərbaycan güləşçiləri beynəlxalq meydanda uğurlarını davam etdirirlər

Ölkəmizdə güləşin inkişafına göstərilən böyük qayğı gözəl bəhrə verir və idmanın bu növünün ustalarına layiqli ehtiyat qüvvə yetişir. London Olimpiadasından 7 medal, o cümlədən 2 qızıl mükafatla qayıtmış güləşçilərimizin böyük uğurlarını hələ də fəxrlə xatırladığımız günlərdə onların davamçılarının Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yeniyetmələr arasında dünya çempionatında qələbələrinə sevinirik.
Sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə turnirləri özündə birləşdirən dünya çempionatı paytaxtımızda bütün əvvəlki yarışlar kimi, yüksək səviyyədə təşkil olunmuşdur və idman həvəskarlarımız görüşləri böyük maraqla izləyirlər. Qırxdan çox ölkə təmsilçilərinin mübarizə apardıqları dünya çempionatının açılış mərasimində Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinettinin də iştirakı dünya güləşi rəhbərlərinin yeniyetmələrin çempionatına necə böyük əhəmiyyət verdiklərini bir daha təsdiq edir. Yeri gəlmişkən, Azərbaycana əvvəlki səfərlərində də ölkəmizdə güləşin, bütünlükdə idmanın inkişafına göstərilən dövlət qayğısından məmnun qalan cənab Martinetti yenə də bu barədə razılıq hissi ilə danışmışdır.
Dünya çempionatı sərbəst üsulla güləşənlərin yarışları ilə başlanmış və turnirin elə birinci günü qaliblərin mükafatlandırılması mərasimində çempionat sahiblərinə beş medal - iki qızıl, iki gümüş və bir bürünc mükafat təqdim olunmuşdur.
Təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyəti Coşqun Məmmədov (42 kq) və Cahid Həsənzadə (58 kq) qazanmışlar. Onlar bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qızıl medallara sevinmişlər.
Çempionların komanda yoldaşları Ruslan Surxayev (50 kq) və Çermen Babayev (85 kq) yalnız finalda uduzaraq çıxışlarını gümüş mükafatla başa vurmuşlar. Şamil Sədullayev (69 kq) isə bürünc medal qazanmışdır.
"Sərbəstlərin" dünya çempionatında qalan beş çəki dərəcəsində qalib və mükafatçılar dünən axşam müəyyənləşmişdir. Bu gün və sabah isə xalça üzərində bacarıqlarını qadın güləşçilər nümayiş etdirəcəklər. Sonrakı iki gündə medallar uğrunda yunan-Roma üsulu ilə güləşənlər mübarizə aparacaqlar. Yeniyetmələrin dünya çempionatına avqustun 27-də "Crescent Beach" mehmanxanasında çimərlik güləşi yarışları ilə yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında