Bakıda keçirilən yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatının təntənəli açılış mərasimi olmuşdur

Avqustun 21-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatının təntənəli açılış mərasimi olmuşdur. 
Əvvəlcə Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarındakı iştirakından bəhs olunan video-çarx nümayiş olunmuşdur.
Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər. Bədii hissə Müslüm Maqomayevin "Azərbaycan" mahnısı səsləndirilməklə yekunlaşmış və iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bildirmişdir. O demişdir ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Azərbaycanda bir çox idman növlərinin inkişafı müşahidə olunur və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur.
Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarında 10 medal qazandığını vurğulayan İ.İsmayılov bundan 7-nin güləşçilərimizin payına düşdüyünü xüsusi qeyd etmişdir.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, keçirilən yarışın əhəmiyyətini qeyd etmişdir. R.Martinetti dünya çempionatının yüksək səviyyədə təşkil olunduğu üçün ölkə rəhbərliyinə və Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirmişdir.
AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev bildirmişdir ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biridir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illər Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Əminəm ki, dünya çempionatının da təşkili və keçirilməsi yüksək səviyyədə olacaq, yarışlar ədalətli idman mübarizəsi şəraitində keçəcək, qonaqlarımız ölkəmizdən xoş təəssüratla ayrılacaqlar.
Qeyd olunmuşdur ki, 2012-ci il ölkəmizin başçısı tərəfindən Azərbaycanda "İdman ili" elan edilmişdir və bu da təbiidir ki, idmanın inkişafına yeni təkan verəcəkdir. Biz çox şadıq ki, dünya çempionatı kimi mötəbər bir yarış da məhz bu il Bakıda keçirilir. Olimpiyaçılarımızın Londandakı möhtəşəm qələbəsindən danışan N.Əliyev iştirakçılara uğurlar arzulamış və yarışı açıq elan etmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra FİLA tərəfindən AGF-nin nümayəndələri təltif edilmişlər. AGF-nin Beynəlxalq Yarışların Təşkili üzrə Daimi Komissiyasının sədri Sahir Məmmədxanov Bakıda keçirilən beynəlxalq yarışların yüksək səviyyədə təşkilindəki xidmətlərinə görə FİLA-nın qızıl medalı ilə təltif olunmuşdur. Federasiyanın baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov Azərbaycanda güləşin inkişafındakı xidmətlərinə və güləş qaydalarının yüksək səviyyədə tətbiqinə görə FİLA-nın gümüş medalı ilə mükafatlandırılmışdır.
Yarışda dünyanın 41 ölkəsindən 850 idmançı birincilik uğrunda mübarizə aparır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında