Şriftin ölçüsü:
18.08.2012 03:34 | Oxunma sayı: 736
"Xalq qəzeti"nin mənə yaratdığı imkandan istifadə edərək, ilk növbədə, Londonda XXX Yay Olimpiya Oyunlarında ölkəmizin şərəfini layiqincə qoruyub beynəlxalq dairələrdə onun nüfuzunu daha da artırmış Azərbaycan idmançılarını və onların məşqçilərini ürəkdən təbrik edirəm. Həmvətənlərimiz Olimpiadada möhkəm iradə və yenilməz qələbə əzmi nümayiş etdirərək əvvəlki Olimpiya oyunları ilə müqayisədə rekord nəticə göstərmişlər - 10 medal və 30-cu yer! Qazanılmış medallardan ikisinin qızıl olması isə bu gün keçirdiyimiz böyük bayrama xüsusi yaraşıq verir.
Pekin - 2008-dəkindən 3 medal, o cümlədən 1 qızıl mükafat çox qazanaraq dünya idmançılarının ən ali məclisi - Olimpiya oyunlarında ən yaxşı nəticə göstərmiş 30 ölkə sırasına daxil olmuşuq. Bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Sadəcə onu deyim ki, nə az, nə çox - düz 175 ölkəni qabaqlayıb hər bir Azərbaycan vətəndaşının ürəyindən olan böyük qələbənin sevincini yaşayırıq. Bunun üçün çempionlarımıza, mükafatçılarımıza, məşqçi və mütəxəssislərə, bütün idman nümayəndə heyətimizə, - çox sağ olun, dostlar! - deyirəm.
Bugünkü qələbəmizin əsası hələ lisenziya yarışlarında qoyulmuşdu. Dörd il əvvəl Pekində 44 idmançı ilə təmsil olunan Azərbaycan bu dəfə Olimpiadaya daha çox - 53 vəsiqə qazanmış və Londona daha mötəbər nümayəndə heyəti ilə getmişdi.
Başqa cür ola da bilməzdi. İnsan həyatının ayrılmaz tərkib hissəsi olan idmanın inkişafına böyük qayğı göstərib onu gündəlik nəzarətdə saxlayan dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev Azərbaycan idmançılarının XXX Yay Olimpiya Oyunlarına hazırlığı ilə əlaqədar xüsusi sərəncam imzalamışdı. Olimpiyaçılarımızın gərgin və məqsədyönlü məşqləri hədər getmədi. Azərbaycan idmanının ən yaxşı nümayəndələri ölkəmizin idman mükafatları xəzinəsini 2 qızıl, 2 gümüş və 6 bürünc medalla daha da zənginləşdirdilər. Bu, idmanımızın növbəti böyük təntənəsidir.
Mən güləşçilərimizə, xüsusən də təxminən bir saat ərzində iki dəfə fəxri kürsünün zirvəsində gördüyümüz Toğrul Əsgərov və Şərif Şərifova dərin minnətdarlığımı bildirmək istərdim. Onlar, eləcə də komanda yoldaşları, gümüş mükafatçılar Rövşən Bayramov və Mariya Stadnik, ölkəmizə bürünc medallarla qayıdan Emin Əhmədov, Yuliya Ratkeviç, Xetaq Qazyumov ölkə idmanının bütün pərəstişkarlarını sevindirdilər, zəngin ənənələrə malik Azərbaycan güləş məktəbi yetirmələrinin layiqli davamçıları olduqlarını inamla təsdiq etdilər. Bürünc mükafatçılar - boksçular Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov, ağırlıqqaldıran Valentin Xristov da Olimpiya medallarına aparan yolda böyük əzmkarlıq göstərdilər.
Bir mütəxəssis kimi bir neçə kəlmə də Aliyə Qarayeva və Şakir Şıxəliyevin çıxışları haqqında danışmaq istərdim. Aliyə bədii gimnastların yarışlarının final mərhələsində üç qalib sırasına daxil ola bilməsə də, dördüncü yer də Olimpiya oyunlarında pis nəticə deyil. Şakir isə Azərbaycanı idman gimnastikası yarışlarında təmsil edirdi. 1992-ci ildə Barselona Olimpiadasında Müstəqil Dövlətlər Birliyi komandasının bayrağı altında çıxış edən bizim Valeri Belenki o zaman Olimpiya çempionu olmuşdu. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olan Şakir Şıxəliyev, bəlkə də, kifayət qədər təcrübəsi olmadığı üçün Londonda imkanlarından tam istifadə edə bilmədi. Mən inanıram ki, o, gələcək yarışlarda daha yaxşı nəticə göstərəcək.
Bir sözlə, İngiltərə paytaxtında Azərbaycana medal qazandırmış idmançılar da, çıxışlarını mükafatsız başa vuranlar da çətin sınaqlarda ölkəmizin şərəfini layiqincə qorumaq üçün əllərindən gələni etdilər və son nəticədə biz 10 medalın sevincini yaşadıq, Azərbaycan idmanının daha bir zəfəri ilə qürur duyduq.
{nl}
Elşad NƏRİMANOV, beynəlxalq dərəcəli hakim, əməkdar bədən tərbiyəsi və idman xadimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.