Ölkəmizin müstəqil komanda şəklində təmsil olunduğu sayca beşinci Yay Olimpiya Oyunları da tarixə çevrildi. İndi 16 il ərzində keçilmiş yola nəzər salıb uğurlarımızı, qazandıqları medallarla həm öz adlarını olimpiadaların qəhrəmanları siyahısına yazdıran, həm də beynəlxalq dairələrdə Azərbaycan idmanının şöhrətini daha da artıran qalib idmançılarımızı bir daha onlara dərin minnətdarlıq hissi ilə xatırlamaq olar.
Atlanta - 1996. Azərbaycan özünün elə ilk Olimpiadasında medallarının hesabını ABŞ-ın bu şəhərində açmışdır. Sərbəst üsulla güləşən Namiq Abdullayev yalnız final görüşündə gərgin mübarizədən sonra hesabda kiçik fərqlə uduzaraq çıxışlarını fəxri kürsünün ikinci pilləsində başa vurmuş və XXVI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olmuşdur.
Olimpiyaçılarımız vətənə qayıtdıqdan sonra isə respublikamıza rəhbərlik etdiyi bütün illər ərzində Azərbaycan idmanının və idmançılarının ən yaxın dostu olmuş ulu öndər Heydər Əliyev Namiqin gümüş medalının əhəmiyyətini çox yüksək qiymətləndirərək onu qızıla bərabər tutmuşdur. Olimpiya oyunlarında ilk medalımız Azərbaycana hədsiz sevinc gətirmiş, onun sahibi böyük rəğbətlə qarşılanmışdı. Bu qələbə ölkənin hər yerində əsl toy-bayrama çevrilmişdi.
Sidney - 2000. Namiq Abdullayev dörd il əvvəl okeanın o tayında itirdiyi qızılı Avstraliyada tapdı. Bu dəfə güləşçimiz bütün rəqiblərinə qalib gəldi və nəhəng idman sarayında onun böyük qələbəsi şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi, milli bayrağımız ən yüksəyə ucaldıldı. Bununla da idman tariximizə ən görkəmli şəxsiyyətlərdən biri kimi düşmüş Abdullayev Olimpiya oyunlarının ikiqat qəhrəmanı oldu. Ardıcıl iki Olimpiadada gümüş və qızıl medallar ona bütün dünyada böyük şöhrət qazandırdı. Yeri gəlmişkən, indiyə qədər Olimpiya oyunlarında Azərbaycan idmançılarının ən böyük nailiyyətlərinin də müəllifi məhz Namiq Abdullayevdir.
Həmin Olimpiadada ölkəmizə daha bir qızıl medalın sevincini isə stend atıcılığı yarışlarında Zemfira Meftahətdinova yaşatdı. O da bütün rəqiblərindən üstün ustalıq nümayiş etdirib Olimpiya oyunlarının çempionu olması münasibətilə fəxri kürsünün zirvəsinə dəvət olundu.
Sidneydə fərqlənən daha bir Azərbaycan idmançısı isə boksçu Vüqar Ələkbərov idi. Rinq ustamız öz çəki dərəcəsində üçüncü yeri tutub bürünc medala sahib olmaqla müstəqil ölkəmizə Olimpiya oyunlarının boks yarışlarında ilk mükafat qazandırdı. Burada qeyd etmək yerinə düşər ki, Ələkbərovun həmin müvəffəqiyyətindən sonra Azərbaycan boksçuları heç bir Olimpiadadan mükafatsız qayıtmamışlar. Yaxşı ənənədir!
Afina - 2004. Müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhərində keçirilən XXVIII Olimpiya Oyunlarında beş həmvətənimizə medal təqdim olundu. Onların arasında ən böyük müvəffəqiyyəti Fərid Mansurov qazandı. O, yunan-Roma üsulu ilə güləşənlərin turnirində bütün rəqiblərini məğlubiyyətlə barışmağa məcbur edib güləşin bu növündə müstəqil Azərbaycan Respublikasının ilk Olimpiya çempionu adını daşımağa başladı.
Yunanıstan paytaxtında startlar həmçinin dörd bürünc medalla yadda qalmışdır. İlk növbədə Meftahətdinovanın müvəffəqiyyətini qeyd edək. Stend atıcımız bu dəfə çempionluq zirvəsinə yüksələ bilməsə də, o da Namiq Abdullayev kimi ardıcıl iki Olimpiadada fəxri kürsüyə qalxmış və Olimpiya oyunlarının ikiqat mükafatçısıdır. Zemfiranın qızıl və bürünc olimpiya medalları onun dünya və Avropa çempionatlarında, mötəbər beynəlxalq yarışlarda qazandığı çoxsaylı mükafatlar kolleksiyasında xüsusi yer tutur.
Güllə atıcısı İradə Aşumova da Afinadan bürünc medalla qayıtdı. Bir Olimpiadada iki qadın idmançımızın mükafatçılar sırasında yer tutması onların əzmkarlığının və yüksək ustalığının bəhrəsi idi.
XXVIII Olimpiya Oyunlarından ölkəmizə daha iki bürünc medalla qayıdanlar isə boks üzrə ilk azərbaycanlı dünya çempionu Ağası Məmmədov və Fuad Aslanov oldular.
Pekin - 2008. Çin Xalq Respublikasının paytaxtında XXIX Olimpiadada Azərbaycan idmançıları arasında baş rolu cüdoçu Elnur Məmmədli oynamışdır. Tatami ustamız rəqiblərinə aman verməmiş, onların hər birini görüşlərin lap əvvəlində məharətlə yerinə yetirdiyi ippon fəndi ilə çıxılmaz vəziyyətə salmışdır. Elnurun qələbəsindən sonra idmançılarımızın olimpiadalarda qazandıqları qızıl medalların sayı 4-ə çatmışdır. Namiq Abdullayev, Zemfira Meftahətdinova və Fərid Mansurovdan sonra Elnur Məmmədli də qızıl qazanmağı, olimpiya fəxri kürsüsünün zirvəsini fəth etməyi bacarmışdır.
İki min səkkizinci ilin səkkizinci ayının səkkizinci günü başlanan Pekin Olimpiadasında Azərbaycanın daha iki idmançısı finalın iştirakçısı olmuşdur. "Klassiklər" Rövşən Bayramov və Vitali Rəhimov yalnız həlledici görüşlərdə uduzub gümüş medalçılar sırasında yer tutmuşlar.
Mariya Stadnik və Xetaq Qazyumov da güləş yığmamızdakı komanda yoldaşları Bayramov və Rəhimov kimi fəxri kürsüyə yüksəldilər, Oyunların bürünc mükafatçıları oldular. Bu Olimpiadada daha iki gümüş medalı isə Şahin İmranov rinqdə və Mövlud Mirəliyev tatami üzərində qazandılar.
Beləliklə, Olimpiada - 2008-də təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyətə cüdoçular nail oldular - 1 qızıl, 1 bürünc medal. Güləş ustalarımızdan heç kim bu dəfə çempionluq zirvəsinə yüksələ bilməsə də, 4 mükafat - 2 gümüş və 2 bürünc medal da bizə böyük sevinc gətirdi. Azərbaycan güləşçiləri buna qədər heç vaxt Olimpiya oyunlarında bu qədər çox mükafat qazana bilməmişdilər. Pekində isə onların uğurları şərəfinə dörd dəfə milli bayrağımız qaliblərin mükafatlandırılması mərasimində yüksəyə qaldırıldı. Şahin İmranov da öz növbəsində bürünc medal qazanmaqla boksçularımızın olimpiadalarda ənənəsini davam etdirərək Azərbaycanın dəri əlcək ustalarının mükafatlarının sayını 4-ə çatdırdı.
Pekin sınaqlarında idmançılarımız həm də Olimpiadadan Olimpiadaya öz medallarının sayını iki mükafat artırmaq ənənəsini davam etdirdilər. Bu səbəbdən də çoxlarımız növbəti, XXX Olimpiya Oyunları ərəfəsində, bəlkə də, bu ənənənin pozulmamasına, bu dəfə doqquz medal qazanılmasına etiraz etməzdik.
London - 2012. Yaxşı ki, ənənə pozuldu. Azərbaycan Pekin Olimpiadası ilə müqayisədə iki yox, üç medal çox qazandı və ölkəmizə birdən-birə 10 mükafat gətirildi. Bu nailiyyətdə ən böyük pay sahibləri isə güləşçilər oldular. Əgər xalça ustalarımız Atlanta, Sidney, Afina və Pekində üst-üstə yeddi medala sevinmişdilərsə, İngiltərə paytaxtında təkcə bir Olimpiadada yeddi dəfə fəxri kürsüyə dəvət olundular. Bu isə o deməkdir ki, Azərbaycan güləşçilərinin artıq 14 olimpiya mükafatı vardır. Olimpiadalarda qazandığımız medalların yarıdan çoxu güləş məktəbi yetirmələrimizin payına düşür.
Yubiley Olimpiadasının azərbaycanlı qızıl güləşçiləri Toğrul Əsgərov və Şərif Şərifovun idman hünəri haqqında çox deyilib, çox yazılıb və bu barədə söhbətlər hələ də davam etməkdədir. Əgər mütəxəssislər, şərhçilər, icmalçılar, sadəcə güləş pərəstişkarları təcrübəli və təbii ki, daha çox çətin sınaqlardan çıxmış, dünya çempionu adı daşıyan Şərifovun qələbəsini qanunauyğun bir hal kimi qiymətləndirirlərsə, hələ çox gənc, qarşıdakı sentyabrda yalnız 20 yaşı tamam olacaq Əsgərovun çempionluğundan heyrətə gəldiklərini gizlətmir, Toğrulu Olimpiadanın ən böyük kəşflərindən, sürprizlərindən biri adlandırır və bu zaman onun yüksək ustalığına heyran qaldıqlarını bildirirlər. Doğrudan da, güləş məşğələlərində ilk addımlarını doğma Gəncədə atmış və böyük əzmkarlığı sayəsində sərbəst güləşin incəliklərinə dərindən yiyələnmiş gənc olimpiya çempionumuz güləş aləmini, o cümlədən finalda göz açmağa imkan vermədiyi rusiyalı dördqat dünya çempionu Besik Kuduxovu təəcübləndirməyi bacarmışdır.
Final görüşündən sonra Kuduxovun öz ölkəsinin müxbirlərinə söylədiyi bir fikrə diqqət yetirək: "Mən yalnız qızıl medal qazanmaq əzmində idim. Finala aparan yolda bütün ciddi rəqiblərimi keçdim. Azərbaycanlı ilə heç vaxt güləşməmişdim və düşünmürdüm ki, o, mənə çətin anlar yaşadacaq. O isə xalça üzərinə çıxdı və dərhal hücum etməyə başladı. Mən görüşü taktiki cəhətdən bir qədər düzgün qurmamışdım. Görüşdən-görüşə daha yaxşı güləşirdim. Finalda isə nə üçün belə olduğunu bilmirəm..."
İndi isə Toğrul Əsgərovu London Olimpiya Oyunlarının 15 sürprizi sırasına daxil etmiş Rusiyanın cempionat.com portalındakı qeydləri nəzərdən keçirək:
"Rusiyalı azarkeşlərin ürəyini göynədən daha bir sürpriz Toğrul Əsgərov bu il Avropa çempionu olmuş, iki il əvvəl isə Moskvada dünya çempionatında gümüş medal qazanmışdır. Düzdür, o zaman o, başqa çəki dərəcəsində çıxış edirdi, indi isə Besik Kuduxovla bir çəkidə idi. Kuduxovla müqayisədə onun bütün nailiyyətləri kölgədə qalırdı. Rusiyalı dörd dəfə dünya çempionatlarında qalib gəlmişdi və finalda aşkar favorit hesab olunurdu. Amma 19 yaşlı azərbaycanlıya uduzdu".
Həqiqətən də, Toğrul hamıya sübut etdi ki, əgər Olimpiada sınaqlarını tam hazırlıqla qarşılayırsansa, ad-sanından asılı olmayaraq, bütün rəqiblərə, hətta səndən çox təcrübəli olan və güləş xalçası üzərində böyük qələbələri ilə dərin iz buraxmış dörd dəfə dünya çempionuna da qalib gəlmək olar.
XXX Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında yeddi çəki dərəcəsindən ikisində hamıdan güclü olmuş Toğrul Əsgərov və Şərif Şərifov kimi, gümüş mükafatçılar Rövşən Bayramov və Mariya Stadnik, bürünc medalların sahibləri Emin Əhmədov, Xetaq Qazyumov və Yuliya Ratkeviç, habelə ağırlıqqaldıran Valentin Xristov, boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da onlara göstərilən etimadı doğrultdular və Londonda Azərbaycan olimpiyaçılarının hesabına 10 medal yazıldı. Bununla da müstəqil Azərbaycan Respublikası idmançılarının beş Olimpiadada qazandıqları medalların ümumi sayı 26-ya çatmışdır.
Bizə böyük qürur hissi yaşadan bu medalların hər bir sahibi Azərbaycanın fəxri, milli sərvətimizdir. Onlar Olimpiya oyunları kimi ən böyük idman yarışında, son dərəcə kəskin rəqabətdə əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərmiş, zirvəyə aparan yolda çox zəhmət çəkmiş və buna mükafat olaraq bütün xalqımızın hüsn-rəğbətini qazanmışlar. Axı Olimpiya oyunlarının çempionu və mükafatçısı olmaq dünya idmançılarının ən ali məclisində iştirak etmək hüququ qazanan hər idmançının işi deyil.
İyulun 3-də XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini Heydər Əliyev Mərkəzində Londona yolasalma mərasimində dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev öz nitqində demişdi: "Azərbaycan dövlətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar".
Medallara, fəxri kürsüyə aparan yolda çəkilən zəhmət bəhrəsiz qalmır. Qaliblərin hər bir medalı əsl qəhrəmanlıq nümunəsidir. Bu medallar onları bütün ölkənin sevimlisinə çevirir.
Bu gün xüsusilə fərəhlidir ki, Azərbaycan özünün təkcə olimpiya çempionları və mükafatçıları ilə deyil, həm də olimpiadalarda ölkə hakimlik məktəbinin zəngin ənənələrini layiqincə davam etdirən mütəxəssislərlə də fəxr edir. Londonda güləş yarışları zamanı təmsilçilərimiz, olimpiya kateqoriyalı hakimlər Hicran Şərifov və Əjdər Cəfərovu tez-tez xalça üzərində görür və işlərini dəqiq, yüksək səviyyədə yerinə yetirmələrinin şahidi olurduq. Hicran müəllimin Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən XXX Yay Olimpiya Oyunlarının ən yaxşı üç hakimindən biri seçilib "Qızıl fit"ə layiq görülməsi Azərbaycanın idman ictimaiyyəti üçün qürurverici hadisə idi.
Olimpiada - 2012-də daha bir hakimimizə yüksək etimad göstərilmişdir. Rövşən Hüseynov rinqdə səkkiz döyüşün hakimi olmuş, o cümlədən 52 kq-dək çəki dərəcəsində Robeysi Ramires Karrasan (Kuba) ilə Tuqstsoqt Nyambayar (Monqolustan) arasında keçirilmiş final görüşündə hakimlik etmişdir.
Göründüyü kimi, Azərbaycan idmançıları ilə yanaşı, onların həmvətənləri olan hakimlər də ölkəmizin Olimpiya hərəkatı tarixinə yaddaqalan səhifələr yazırlar. Qarşıda isə onları dörd ildən sonra Rio-de-Janeyroda (Braziliya) keçiriləcək XXXI Yay Olimpiya Oyunları və şübhəsiz ki, yeni-yeni medal və mükafatlar gözləyir. Londonda əldə olunmuş böyük uğurlar təmsilçilərimizi Pelenin vətənində növbəti qələbələrə ruhlandıracaq.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.