Olimpiyaçılarımız bir daha göstərdilər ki, gənc, müstəqil Azərbaycan güclü dövlətdir, o cümlədən idman sahəsində də güclüdür. Ən sevindirici hal ondan ibarətdir ki, medallar - qızıl, gümüş və bürünc medallar qazanan idmançılar müstəqillik dövründə yetişmiş gənc insanlardır. Azərbaycan idmanına son illər ərzində göstərilən diqqətin hesabına onlar artıq peşəkar idmançılardır. Onlar Azərbaycanın milli bayrağını on dəfə qaldırdılar və dövlət himnimizi iki dəfə səsləndirdilər.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
XXX London Yay Olimpiya Oyunları artıq başa çatsa da bu möhtəşəm dünya miqyaslı tədbirin sensasiyaları planetimizi dolaşmaqdadır. Dünən Rusiya Federasiyasındakı həmkarlarımız "Londonun 15 Qəhrəmanı" adlı internet materialı yayıblar. Bu siyahıda birinci yeri Moldovanın gənc üzgüçüsü tutur, on birinci yeri isə 19 yaşlı Toğrul Əsgərov.
Rusiyalı ekspertlər ürək ağrısı ilə yazırlar ki, dünyanın bütün mütəxəssisləri 60 kiloqram çəki dərəcəsində güləşən idmançılar arasında Besik Kudukovu favorit kimi görürdülər. Ancaq Azərbaycanın Olimpiya oyunlarında ilk dəfə iştirak edən 19 yaşlı güləşçisi Toğrul Əsgərov dördqat dünya çempionu Kudukovu yarışmanın hər iki hissəsində "mat qoydu" (1:0, 5:0). İndi hər birimiz, dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar idmançılarımızın Olimpiya oyunlarında qazandığı möhtəşəm qələbənin sevincini yaşayırıq. İdmanın 16 növündə 53 idmançı ilə təmsil olunduğumuz Olimpiadada Azərbaycan idmançıları iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla ölkəmizin idman tarixinə yeni səhifə yazdılar. İdmançılarımız bir daha sübut etdilər ki, Azərbaycan qədim idman ənənələrinə malikdir. İldən - ilə qazanılan uğurlarımız da bundan xəbər verir.
Londonda mübarizəyə qoşulan 205 ölkə arasında 30-cü pillədə qərarlaşan ölkəmizin bu uğuru dünya miqyasında böyük göstəricidir. 175 ölkənin bu yarışmada Azərbaycandan geridə qalması dünyada böyük əks - səda doğurmuşdur. Müstəqil dövlətimiz London olimpiadasında qazandığı nailiyyətlərə görə Avropa ölkələri arasında 15-ci, keçmiş sovet respublikaları arasında isə 5-ci olmuşdur. London Olimpiadası bir də ona görə yaddaşlara əbədi həkk olunacaq ki, bu parlaq qələbələr ölkəmizdə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci və Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümünə təsadüf edib. Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması idmançılarımızı daha da ruhlandırmış və onlar London Olimpiadasında möhtəşəm qələbəyə imza ataraq dünyada Hindistan, İndoneziya, Avropada Norveç, İsveç, Belçika kimi ölkələri arxada qoymuşdur. Bu, ölkəmizin dünya birliyində qüdrətli dövlətlər sırasına qoşulmasından xəbər verir.
Azərbaycan London Olimpiadasında yeni rekord müəyyənləşdirib. Yığmamız XXX London Yay Olimpiya Oyunlarında 10 medala sahib olmaqla, ilkə imza atıb. Bunadək olimpiyaçılarımızın ən yaxşı nəticəsi Pekində qeydə alınmışdı. Həmin vaxt ölkəmiz yarışları 7 medalla başa vurmuşdu. Londonda isə medalların sayı 10-a çatmaqla, yeni rekord müəyyənləşdirildi.
Qeyd edək ki, Azərbaycan müstəqil ölkə kimi 1996- cı ildən Olimpiya oyunlarına qatılıb. Həmin il Atlanta Olimpiya Oyunlarında -1, dörd il sonra - 2000- ci ildə Sidneydə -3, 2004- cü ildə Afinada -5 və 2008- ci ildə Pekində 7 medal qazanmışıq.
London Olimpiadasının qızıl medalını hələ 20 yaşı tamam olmayan sərbəst güləşçimiz qazandı və bununla da ən gənc Olimpiya çempionumuz olub. 60 kiloqramda çıxış edən Toğrul Əsgərov buna ad gününə az qalmış nail olub. Olimpiya çempionumuz 1992-ci ilin sentyabrın 17-də Gəncədə anadan olmuş və 20 yaşın tamam olmasına 37 gün qalmış karyerasında ən böyük uğuruna imza atmaqla özünə ən yaxşı hədiyyə edib. Toğrul Əsgərov eyni zamanda 12 ildən sonra ölkəmizə sərbəst güləş növündə 2-ci Olimpiya çempionluğu qazandırıb. İlk belə uğuru qazanan Namiq Abdullayev həm də ilk Olimpiya çempionumuz kimi tarixə düşüb. Ölkəmizin Olimpiada tarixində 6 qızıl medalı var ki, bunun 4-ü güləş, 3-ü güləşin sərbəst növündə qazanılıb.
Azərbaycan Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etmiş, ölkəmizin idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirmiş, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulamışdır.
Azərbaycan dövlət müstəqiliyini bərpa etdikdən sonra bütün sahələr üzrə qazanılan nailiyyətlərə, ölkəmizin beynəlxalq aləmə və dünya birliyinə inteqrasiyası yolunda atılan qətiyyətli addımlara görə ulu öndər Heydər Əliyevə borcluyuq. Elə idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar da bu dövrə təsadüf edir.
İdmançılarımızın müstəqil dövlətimizin adından ilk dəfə Olimpiya oyunlarına qatıldığı vaxtı gözlərimiz önünə gətirsək, bir daha şahidi olarıq ki, onlara ilk xeyir - duanı ulu öndər Heydər Əliyev verdi, idmançılarımızı qələbələrə ruhlandırdı, onlara bildirdi ki, Azərbaycanın bayrağını yüksəkliyə qaldırmaq, dövlət himnimizi səsləndirmək böyük şərəfdir. Bu böyük hadisə hər bir azərbaycanlının fəxridir, qürur mənbəyidir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev XXVI yay olimpiadasında (Atlanta, ABŞ) iştirak edəcək Azərbaycan idmançıları ilə 1996-cı il iyunun 29-da görüşərkən demişdir: "İlk dəfədir ki, dünya olimpiya oyunlarında müstəqil Azərbaycanın yığma komandası iştirak edir. Mən heç şübhə etmirəm ki, gələn olimpiya oyunlarında Azərbaycanın yığma komandası sayca bundan da çox, keyfiyyətcə daha yüksək olacaqdır. Çünki xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma, bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır. İndi isə xalqımızın, millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək fürsəti almışıq. Bu, böyük hadisə, böyük nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var.
Əziz idmançılar, olimpiya oyunlarına yola düşən Azərbaycan komandasının üzvləri, yenə də deyirəm, bu hüququ, haqqı siz özünüz qazanmısınız. Əminəm, siz çalışacaqsınız ki, əldə etdiyiniz bu nailiyyəti XXVI olimpiya oyunlarında da məharətlə nümayiş etdirəsiniz. Şübhəsiz ki, sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI olimpiya oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir. Birinci tərəfi ondan ibarətdir ki, siz XXVI olimpiya oyunlarında Azərbaycanı təmsil etmək hüququ qazanmısınız və Azərbaycan xalqı adından dünya olimpiya oyunlarında iştirak edəcəksiniz. Ancaq hər birimiz, güman edirəm, Azərbaycanın hər bir vətəndaşı sizin orada iştirakınızın nəticələrini gözləyəcəyik".
Qısa vaxt ərzində idmançılarımız beynəlxalq yarışlarda uğurla iştirak edərək bir-birinin ardınca ölkəmizin idman tarixinə parlaq qələbələr seriyası həkk etdilər. 1997-ci ildən 2000-ci ilə qədər Azərbaycan idmançıları beynəlxalq, Avropa, müxtəlif regional səviyyəli yarışlarda fəal iştirak etmiş və 571 medal qazanmışlar. 571 medaldan 220-si qızıl, qalanları isə gümüş və bürünc medallar idi. Bütün bunlar idmana dövlət tərəfindən göstərilən qayğının nəticəsi idi.
Azərbaycan xalqı, milləti öz genetik, fiziki hazırlığına görə idmanın bütün növləri ilə məşğul olmaq qabiliyyətinə malikdir. Biz həmişə idmançılarımızla, onların qazandıqları qələbələrlə fəxr etmişik. Baxmayaraq ki, ölkəmizdə idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, təbliğ olunması məsələsinə dünyanın bir çox ölkələrindən, xalqlarından bəlkə də gec başlamışıq, ancaq bu gün idman sahəsində qazandığımız nailiyyətlərə görə dünyada öncül yerlərdən birini tuturuq. Bunu XXX Yay Olimpiya Oyunlarında 175 ölkənin Azərbaycandan geridə qalması da təsdiqlədi. İndi dünyanın inkişaf etmiş dövlətlərinin idmançıları Azərbaycan idmançılarından çəkinirlər, onlarla mübarizəyə başlayanda çox ehtiyatlanırlar. Ölkəmiz Sovetlər İttifaqının tərkibində olarkən də idman inkişaf edirdi, Azərbaycan idmançıları parlaq qələbələr qazanırdılar, yadda qalan nəticələr göstərirdilər. Ancaq biz müstəqil olmadığımıza görə, digər sahələrdə olduğu kimi, idmanda da əldə edilən nailiyyətlər keçmiş SSRİ - nin adına yazılırdı. İndi isə respublikamızda, müstəqil Azərbaycan dövlətində idmançılarımızın qazandıqları hər bir qələbə öz adımıza yazılır, ölkəmizin adını uca zirvələrə qaldırır.
Dövlətimizin, onun başçısının idmana, idmançılara göstərdiyi diqqət və qayğı özünü yüksək səviyyədə biruzə verir. Son illərin nailiyyətləri onu göstərir ki, ölkəmizdə idmana, Olimpiya hərəkatına, gənclərimizə göstərilən qayğı artıq öz bəhrəsini verir. Azərbaycanda Milli Olimpiya hərəkatı son illər sürətlə inkişaf edir. Bütün bunlar ictimaiyyətin gözü qarşısındadır.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafınin daim diqqət mərkəzində saxlanıldığıni xüsusi vurğulayaraq demişdir ki, bundan sonra da bu sahəyə yüksək səviyyədə diqqət yetiriləcək:" Biz, həmçinin ölkəmizdə idmanın inkişafına və Olimpiya hərəkatına böyük diqqət yetiririk. Müasir idman infrastrukturunun yaradılmasına çoxlu sərmayələr yatırılır. Son 12 ildə bütün ölkə üzrə 34 Olimpiya mərkəzi tikilib istifadəyə verilib və bu proses davam edir. Bu il Azərbaycanda "İdman ili" elan edilib. Bu, həmçinin Azərbaycanda idmanın inkişafına və Olimpiya hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə bu oyunlarda 53 atletdən ibarət ən böyük komanda ilə iştirak etməkdən fərəhlənirik. Bu, həm də onu göstərir ki, idmana qoyulan sərmayə və idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə yönələn dövlət siyasəti yaxşı nəticələr verir".
Azərbaycanın tanınmış idmançıları, bədən tərbiyəsi və idman xadimləri idmançılarımızın XXX Yay Olimpiya Oyunlarında qazandıqları möhtəşəm qələbəni yüksək qiymətləndirir və bununla fəxr etdiklərini deyirlər.
Rasim Muradov, Respublika Olimpiya İdman Liseyinin direktoru:
- Dünya səviyyəli mötəbər idman tədbirində Azərbaycan bayrağının yüksəklərə qaldırılması hər birimizdə iftixar hissi oyatdı. Respublika Olimpiya İdman Liseyi kollektivinin isə sevinci daha böyükdür. Çünki qazanılan qələbələrdə bizim kollektivin də az da olsa, zəhməti, payı var. Bildirmək istəyirəm ki, Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında iştirak edən idmançılardan 8-i bizim məzunumuzdur. Bu böyük müvəffəqiyyətdir. Ümumiyyətlə, nüfuzlu beynəlxalq turnirlərdə, Avropa, dünya birinciliklərində, Olimpiya oyunlarında idmançılarımız həmişə yüksək nəticələr göstərir.
London Olimpiadasında qazanılan qayğını dövlət başçımızın idmana göstərdiyi yüksək diqqət və qayğının təzahürü kimi dəyərləndirirəm. Biz bu qayğını hər gün hiss edirik. Gələn il liseymizin 50 yaşı tamam olacaq. Ötən illəri gözlərimiz önünə gətirsək, bir daha aydın olur ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən və möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə idmançılara, o cümlədən məktəbimizə belə yüksək qayğı göstərildiyini hiss etməmişdik. Yetirmələrimizin soraqları həmişə Avropa və dünya birinciliklərindən eşidilir. Elə il olmur ki, bizim məzunlarımız yüksək səviyyəli turnurlərdə mükafata layiq yerlər tutmasın. Bu gün yunan - Roma və sərbəst güləş, boks, cüdo və digər idman növləri üzrə yığma komandaların əksər üzvləri liseyimizin məzunlarıdır. Elə XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Teymur Məmmədov liseyimizdən yenicə ayrılıb. Cəbrayıl Həsənov, Həsən Əliyev, Əşrəf Əliyev, Vitali Rəhimov və digərləri də bizim məzunlarımızdır. Elə il olub ki, bizim yetirmələrimizin 3-4 nəfəri Avropa və dünya miqyaslı turnirlərdə eyni yarışda mükafata layiq yerlər tutublar. Onların adlarını sadalamaqla qurtaran deyil. İstər yeniyetnələr, istərsə də gənclər arasında keçirilən Avropa və dünya birinciliklərində liseyimizin yetirmələrinin uğurlu çıxışları dövlət başçımızın idmana göstərdiyi qayğının nəticəsidir. Son on ildə liseyimizin idmançılarının nailiyyətlərinə diqqət yetirsək, bir daha aydın olar ki, elə il yoxdur ki, biz mötəbər beynəlxalq turnirlərdən əliboş qayıdaq. Yeniyetmələrin Sinqapur Olimpiya Oyunlarında yetirməmiz Murad Bazarovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması idmançılarımızı daha da ruhlandırdı. Onun ardınca Türkiyədə keçirilən Avropa yeniyetmələrinin XI Olimpiya festivalında gimnastımız Elvin Ağadədəyev IV yeri tutdu. Çoxlu sayda belə faktlar var. Məqsədimiz bundan sonra da yüksək nəticələr əldə etmək, müxtəlif idman növləri üzrə ölkə yığma komandasına güclü, istedadlı idmançılar verməkdir.
XXX Yay Olimpiya Oyunları uzun müddət yaddaşımızdan silinməyəcək. Çünki bu yarışmada Azərbaycan rekord göstəriciyə nail oldu və 205 ölkə arasında 30-cu yeri tutdu. İnanıram ki, növbəti olimpiadalarda daha yüksək nəticələr əldə edəcəyik. Çünki ölkəmizdə idmanın inkişafı dövlət başçısının xüsusi önəm yetirdiyi sahələrdəndir.
Oqtay Hüseynov, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Beynəlxalq dərəcəli hakim:
- Olimpiya oyunları nadir beynəlxalq hadisələrdəndir, həm də dünya dövlətlərinin bir növ güc nümayişi meydanı kimi qəbul edilir. Belə yarışlarda bütün dünyadan gəlmiş idmançılar qalib adı uğrunda mübarizə aparır və hər bir ölkə daha çox medal qazanmağa çalışır. Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə 1996-cı ildə Olimpiya oyunlarına qoşulub. Həmin vaxt cəmi bir medal qazandıq. Bu, bizi ruhdan salmadı. XXX London Yay Olimpiya Oyunlarında isə medalların sayı 10-a çatdı. Göründüyü kimi, bu çox böyük nəticədir. Azərbaycanın müstəqil ölkə kimi beşinci dəfə qatıldığı Yay Olimpiya Oyunlarında 10 medal qazanması ölkə başçısının idmana göstərdiyi qayğının nəticəsidir. Göründüyü kimi hər dəfə irəliyə doğru qətiyyətli addımlar atılmışdır. Sevinirəm ki, budəfəki yarışmada mənim də yetirməm mübarizə aparırdı. Mən özüm dəfələrlə Avropa və dünya birinciliklərində hakimlik etmişəm. Hər dəfə də eşitmişəm ki, Azərbaycanda idmanın inkişafına yüksək səviyyədə qayğı göstərilir. Sevinirəm ki, ölkəmizdə idman və idmançılara göstərilən qayğı beynəlxalq aləmə də bəllidir. Mən də qabaqcıl idmançı kimi dövlət başçısının bu qayğısını hiss etmişəm. Bir qədər əvvəl möhtərəm Prezidentimiz mənə ev bağışladı. Bu qayğını Avropa və dünya birinciliklərində uğurla çıxış edən idmançılarımızın hər biri hiss edir.
Hamı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. İdmançılarımız London Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərdilər. Azərbaycanın bayrağı on dəfə qaldırıldı. İki dəfə isə ən yüksəkliyə qaldırıldı. İki dəfə dövlət himnimiz səsləndirildi. Bu hər bir azərbaycanlı üçün fəxrdir və qürur mənbəyidir. Ölkəmizdə idmana göstərilən qayğı gələcəkdə daha yüksək nəticələr qazanacağımızdan xəbər verir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.