Bugünlər hər bir azərbaycanlı XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı möhtəşəm qələbənin sevincini yaşayır. İdmanın 16 növündə 53 idmançı ilə təmsil olunduğumuz Olimpiadada Azərbaycan idmançıları iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla bir daha təsdiq etdilər ki, ölkəmiz qədim idman ənənələrinə malikdir və bu sahədə uğurlu yüksəlişimiz davam edir. Londonda mübarizəyə qoşulan 200-dən çox ölkə arasında yalnız 35-nin nümayəndələrinin iki və daha çox qızıl mükafata sahib olması və onlar arasında pəhləvanlar diyarı Azərbaycanın da yer alması, yarışları Avropa ölkələri arasında 15-ci, keçmiş sovet respublikaları arasında isə 5-ci mövqedə başa çatdırmağımız da dediklərimizi təsdiq edir. Qazanılan möhtəşəm qələbənin ölkəmizdə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümünə və Yay Olimpiya Oyunlarının 30-cu yubileyinə təsadüf etməsinin xüsusi əhəmiyyəti var. Azərbaycanın dövlət başçısının xüsusi sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunmasını da yada salsaq, onda idmançılarımızın uğurları daha böyük məna kəsb edir.
Dünya səviyyəli mötəbər idman tədbirində Azərbaycan bayrağının yüksəklərə qaldırılması hər birimizdə iftixar hissi oyatdı. Bu məqamda qeyd etmək istərdik ki, bir dövlətin bayrağı dünyada üç halda yüksəyə qaldırılır. Birincisi, səfirliklərin, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların binasının önündə, digəri dövlət başçıları başqa bir ölkəyə səfər etdikdə bayraq yüksəldilir. Üçüncü halda isə idmançılar beynəlxalq yarışlarda qələbə qazandıqda onun təmsil etdiyi ölkənin bayrağı yüksəldilir, dövlətinin himni səsləndirilir. Yəni idmançılarımızın XXX London Yay Olimpiya Oyunlarındakı misilsiz nailiyyəti, həm də böyük siyasi xarakter daşıyır, dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilir. Bu yolla beynəlxalq aləmdə böyük nüfuz qazanan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikasının şan-şöhrəti daha da artır, ölkəmizin həm də idman sahəsində qabaqcıl dövlətlər sırasında yer aldığı bütün dünyaya sübut olunur.
Yay Olimpiya Oyunları həm də dünya dövlətlərinin bir növ güc nümayişi meydanıdır. Yarışlarda daha çox uğur qazanan ölkələrin böyük əksəriyyəti dünyada söz sahibi olanlardır. 200-dən çox ölkə arasında yalnız 35-nin nümayəndələrinin iki və daha çox qızıl mükafata sahib olması və onlar arasında Azərbaycanın da yer alması bir mənada bizim də dünyada söz sahibi olduğumuzun rəmzi hesab oluna bilər. Ölkəmiz XXX Olimpiadada medal qazanmış 85 ölkənin nəticələrini əks etdirən cədvəldə bir çox dövləti, o cümlədən İsveçrə, Norveç, Kanada, İsveç, Meksika, Argentina, Belçika, Finlandiya, Bolqarıstan, Portuqaliya, Yunanıstan, Hindistan, Malayziya, İndoneziya kimi ölkələri qabaqlamışdır. Bu, Azərbaycanın qüdrətli dövlət olduğunu göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını nümayiş etdirir.
Həqiqətən də, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi məhz ölkəmizin payına düşür. Rəsmi Bakının icazəsi olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə reallaşa bilməz. Bu gün Azərbaycan dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən 15 dövlət arasında yer almış, BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq mötəbər qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Və nəhayət, bütün bunlarla yanaşı, bu gün idmançılarımız ölkəmizin beynəlxalq aləmdəki imicini daha da yüksəldərək, XXX London Yay Olimpiya Oyunlarında ikisi qızıl medal olmaqla, on medalla Vətənə qayıtmışlar. Bu, böyük nailiyyətdir.
Bu gün dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki əhəmiyyəti, irqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən olimpiya oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmır, hamı olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır.
Müstəqil Azərbaycan Respublikası da Olimpiya oyunlarına ilk dəfə 1996-cı ildə qatılmışdır. Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, Azərbaycanı güclü idman ölkəsi kimi tanıtdırmağa yetərli deyildi. Dünyaya səs salmaq üçün Olimpiya oyunlarında daha yüksək uğurlar qazanmaq gərək idi. Bu isə ölkədə olimpiya hərəkatının, idmanın sürətlə inkişaf etdirilməsini tələb edirdi. Qətiyyətlə deyə bilərik ki, respublikamızda belə bir inkişaf 15 il öncə - 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə başladı. 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, dövlətimizin 199 ölkə arasında 34-cü olmasını təmin etdilər. 2004-cü ildə Afinada medallarımızın sayı 5-ə, 2008-ci ildə Pekində 7-yə çatdı. İnamlı yüksəlişi davam etdirən idmançılarımız XXX London Yay Olimpiya Oyunlarında daha çox, 10 medal (iki qızıl, iki gümüş və altı bürünc medal) qazanaraq xalqımıza böyük sevinc bəxş etdilər.
Olimpiya hərəkatı yalnız Olimpiya oyunlarında iştirakdan ibarət deyil. Bu, çoxşaxəli, geniş fəaliyyət sahəsidir. Beynəlxalq Olimpiya hərəkatında ön sıralarda olmaq üçün olimpiya oyunlarında yüksək nəticələr göstərməklə yanaşı, hərəkatın bütün istiqamətlərində seçilmək, böyük işlər görmək lazım gəlir. Ölkəmizdə bu sahədə 1997-ci ildə başlanmış işlər bilavasitə möhtərəm Prezidentimizin rəhbərliyi, onun tövsiyə və tapşırıqları əsasında uğurla davam etdirilir. Azərbaycanın bugünkü yüksəlişini daha aydın şəkildə görmək üçün xatırladaq ki, müstəqilliyimizin ilk illərində Bakıda ən kiçik beynəlxalq turnirin təşkil olunması da müşkül məsələ idi. İndi ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda hər il beynəlxalq yarışlar keçirilir. Burada ən mötəbər yarışlar, dünya və qitə çempionatları, Olimpiya oyunlarının lisenziya turnirləri təşkil olunur. Həm də beynəlxalq yarışların təkcə paytaxtda deyil, ölkənin regionlarında da təşkil edilməsi sevindirici haldır.
Ümumiyyətlə, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Elə ay yoxdur ki, ölkəmizdə hansısa mötəbər beynəlxalq tədbir, yarış keçirilməsin. Xatırladaq ki, 2011-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil edilib. Cari ilin altı ayı ərzində isə ölkəmiz artıq 28 beynəlxalq yarışa ev sahibliyi edib. Artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirilir. Bu sıradan Naxçıvan Muxtar Respublikasında keçirilən şahmat, yunan-Roma güləşi, üzgüçülük və digər idman növləri üzrə təşkil edilmiş beynəlxalq turnirlər Naxçıvanın da region ölkələri arasında idman mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardandır. Bütün bunlar ölkənin idman və olimpiya hərəkatında qazandığı nüfuz hesabına mümkün olmuşdur. Biz bu sahədə gələcək irəliləyişi, diqqəti daha yüksək statuslu yarış və tədbirlərin keçirilməsinə yönəltməkdə görürük. Əgər 15 il bundan əvvəl biz hər hansı beynəlxalq yarışa icazə almağa sevinə bilərdiksə, Olimpiya hərəkatında qazandığımız imic indi bizə ən mötəbər yarışlara ev sahibliyi etməyə, kompleks idman tədbirlərinin təşkilinə imkan verir.
Azərbaycan Prezidenti İlham Əliyev Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində keçirilən "Azərbaycan günü" mərasimində iştirakı zamanı etdiyi çıxışında demişdir: "Böyük fərəh hissi ilə qeyd edirəm ki, artıq 15 ildir mən Olimpiya ailəsinin üzvüyəm. On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildim. Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm. Bu illər uğur, dəyişiklik, inkişaf, işə sadiqlik illəri oldu. Bu gün Azərbaycanda idmançı olmağın böyük mənası vardır. İdmanın inkişafı və idmançılara qayğının göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Biz müasir idman infrastrukturuna böyük sərmayələr qoymuşuq. Bu gün Azərbaycanda çoxlu beynəlxalq idman tədbirləri, o cümlədən Avropa və dünya çempionatları keçirilir. Əminəm ki, gələcəkdə Azərbaycanda qonaqlarımızın, o cümlədən atletlərin və turistlərin sayı çox olacaq, bununla da biz dostluğumuzu və əməkdaşlığımızı davam etdirəcəyik".
Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yeniləşməsi və bu sahənin inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Hazırda 34 regional Olimpiya mərkəzi tikilib, 8 mərkəzdə isə tikinti davam edir. Bu sahədə dövlət başçısının qarşıya qoyduğu əsas hədəf hər bir rayon mərkəzində müasir Olimpiya idman kompleksinin olmasıdır ki, Azərbaycan bu hədəfə addım-addım yaxınlaşmaqla yanaşı, artıq bu siyasətin ilk bəhrlərini toplamaqdadır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın hətta bölgələrində də beynəlxalq turnirlərin təşkil edilməsi, regionlarımızın idman infrastrukturunun yüksək səviyyədə olması ilə bağlıdır.
Azərbaycan idmanı sürətlə inkişaf edir. Bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Olimpiya hərəkatı sahəsində qazandığımız daha bir uğuru da qeyd etmək yerinə düşər. Məlum olduğu kimi, Bakı 2016-cı il olimpiya oyunlarına ev sahibliyi etməyə iddia irəli sürdü. Beynəlxalq Olimpiya Komitəsi Bakını iddiaçı şəhər kimi qeydə aldı. Heç kimə sirr deyil ki, hər dövlət bu və ya digər şəhəri üçün olimpiya oyunlarını keçirməyə iddiaçı şəhər statusunu ala bilmir. Çünki bu zaman həm dövlətin, həm də şəhərin imkanları, ölkənin və şəhərin bütün sferalarda inkişaf templəri, xüsusiyyətləri nəzərə alınır. İdman nailiyyətləri, idman obyektləri, olimpiya oyunlarında iştirakın nəticələri, mötəbər beynəlxalq yarışların keçirilməsi təcrübəsi, idmanla bağlı digər məsələləri kənara qoyuruq, şəhər infrastrukturunun vəziyyəti daha vacib tələblər sırasındadır. Bakının 2016-cı il Olimpiya oyunlarını keçirmək istəyən iddiaçı şəhərlər sırasına düşməsi nə qədər irəli getdiyimizi bir daha sübut edir. Əlbəttə, birinci dəfədən olimpiya oyunlarını keçirmək hüququnu qazanmaq çox çətindir və təcrübə də bunu göstərir. Ancaq biz ümidlərimizi itirmirik. Qarşıda yeni olimpiya oyunlarını keçirmək üçün namizədliyi irəli sürmək imkanları vardır. Ölkədə Olimpiya hərəkatı və idman sahəsində görülən işlər, beynəlxalq miqyasda qazanılan nüfuz və etimad bu arzumuzu da gerçəkləşdirəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bizim bu işə sədaqətimiz və bağlılığımız gec-tez məqsədə nail olmağa aparıb çıxaracaqdır.
Dövlət başçısının Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində vurğuladığı kimi, ölkəmizdə idmanın inkişafı və onun dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırılması dövlət siyasətidir: "Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir".
Əslində, Azərbaycan idmançılarının Londonda uğur qazanacağı gözlənilən idi. Çünki son illər həqiqətən də idman sahəsində böyük irəliləyişlər əldə olunmuş, idmançılarımızın uğurları nəzərəçarpacaq dərəcədə artmışdır. Məsələn, Atlanta Olimpiadası ərəfəsində keçirilən beynəlxalq yarışlarda idmançılarımız 71, Sidney Olimpiadası ərəfəsində 146, Afina Olimpiadası ərəfəsində 262, Pekin Olimpiadası ərəfəsində 467, London Olimpiadası ərəfəsində isə 835 medal qazanıblar. Deməli, artım dinamikasına əsasən Londonda qazanacağımız medalların sayı daha çox olacaqdı və belə də oldu. Digər bir fakta nəzər yetirək. Pekin Olimpiadasında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunduq. London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olundular. Pekində Azərbaycanı bir hakim təmsil edirdisə, Londona beş hakimimiz yarışların idarəçiliyinə cəlb olundu. Londonda ölkəmizi təmsil edən 53 idmançıdan 41-i ilk dəfə olimpiya oyunlarının iştirakçıları idi.
Müstəqil respublikamızın Olimpiya oyunlarında cəmi 5 dəfə iştirak etməsinə baxmayaraq, Londonda 10 medal qazanmağımız Azərbaycanın dünyanın inkişaf etmiş idman ölkəsi olduğunu sübut edir. Bütövlükdə, XXX Yay Olimpiya Oyunlarının statistikasını bir daha göz önünə gətirsək, bir çox həqiqətlər ortaya çıxmış olar. Birincisi, məlum olur ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində ən çox medal qazanan ölkədir. İkincisi, ölkəmiz Olimpiadada əldə etdiyi medalların sayına görə, Avropada 15-ci, keçmiş sovet məkanında isə 5-ci mövqedə yer alıb. Üçüncüsü, İslam dünyasında Azərbaycan qazandığı idman uğurlarına görə, ön sırada yer alır. Yəni 204 dövlətin iştirak etdiyi XXX Yay Olimpiya Oyunlarında 30-cu yeri tutan Azərbaycan özünü dünyaya inkişaf etmiş idman ölkəsi kimi də təqdim etdi. Etiraf etmək lazımdır ki, Olimpiya oyunlarında çox güclü idman ənənələri olan ölkələr iştirak edib və bunların sırasında qabaqcıl yeri tutmaq, sözün həqiqi mənasında, böyük uğur sayılır.
İdmançılarımızın London Olimpiadasında qazandığı uğurlar insanlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə zəmin yaratdı. Deyə bilərik ki, qazanılan bütün uğurlar dövlətlə xalqın sıx birləşməsinə və birgə gücün ifadə edilməsinə işarədir. Ümumilikdə, idmançılarımızın zəfərləri milli inkişafa təkan verən vacib amildir. Hər bir azərbaycanlı gənc öz ölkəsinin güclü olduğunu dərk etdikcə, əlbəttə ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin qələbə qazanacağına ictimai inamı daha da artırır. Lakin təəssüflə qeyd etmək istərdik ki, Azərbaycanda ictimai etirazlara baxmayaraq xaricdəki anti-Azərbaycan dairələrinin ianələri hesabına hələ də mövcudiyyətini qoruyan radikal müxalifət bütün bu uğurlarımıza sevinmək əvəzinə? erməni lobbisi tərəfindən ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasında iştirak etməyi üstün tutdu. BBC-nin "Newsnight" proqramında avqustun 10-da efirə gedən buraxılış isə radikal düşərgə üçün göydəndüşmə fürsət oldu. Həmin proqramda iddia olunurdu ki, guya, Azərbaycan London Olimpiadasında boksçuların qələbəsi üçün rüşvət verib. Proqramda ölkəmizin ünvanına bir sıra digər ittihamlar da irəli sürülmüşdü. Qeyd edək ki, keçən ilin sentyabrında da "Newsnight" proqramında Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) gizli olaraq milyonlarla dollar ödəməsi ilə bağlı məlumat yayılmışdı. Gizli mənbələrə istinadən yayılan məlumatda bildirilirdi ki, WSB rəhbəri pulun Azərbaycan boksçularının "London-2012"-də 2 qızıl medal qazanmasına zəmanət olaraq verildiyini iddia etmişdi. Məsələ ilə əlaqədar Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) 5 nəfərdən ibarət xüsusi təhqiqat komitəsi yaratmışdı. Komitə televiziya verilişində səslənən faktların araşdırılması ilə məşğul olmuş və nəticədə aydınlaşmışdı ki, söhbət fərdi sahibkar Həmid Həmidovun Amerika boksuna qoyduğu təmiz kommersiya investisiyalarından gedir. Yalnız bundan sonra Azərbaycana qarşı ittihamlar ciddi sübutlara söykənmədiyi üçün əsassız sayılıb.
London Yay Olimpiya Oyunlarının getdiyi bir vaxtda BBC-nin artıq yalan olduğu tam təsdiq olunmuş məlumatları yenidən yayması və Azərbaycan idmançılarını ləkələməyə çalışması, göstərdi ki, Avropa mətbuatı heç də iddia edildiyi kimi, azad deyil və müəyyən siyasi dairələrin konyuktur maraqlarına xidmət edir. Bütün bunlar göstərir ki, BBC yalan və dezinformasiya ruporuna çevrilib. 2010-cu ilin martında Böyük Britaniyanın xarici işlər naziri D.Milbrend də BBC kanalının müstəqilliyini sual altına almışdı.
Bu kanal həmişə Azərbaycanda seçkilər və ya digər kütləvi tədbirlər zamanı baş verən hadisələri qərəzli şəkildə, birtərəfli, müəyyən anti-Azərbaycan qüvvələrin maraqlarına uyğun şərh edir. Təsadüfi deyil ki, BBC-nin efirində, internet saytında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeyini əks etdirən qərəzli materialların geniş yer almasına dair çoxsaylı faktlar mövcuddur. BBC-nin Azərbaycana qarşı qərəzli mövqeyinin müəyyən səbəbləri var. Şirkət Azərbaycanın qanunvericiliyinə uyğun olaraq BBC radiosunun Azərbaycan redaksiyasının fəaliyyətini dayandırmasını həzm edə bilmir. Onun çoxsaylı müraciətlərinə baxmayaraq Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Qanuna müvafiq olaraq yayımı bərpa etmir. Məhz bundan sonra BBC- 2 kanalında Azərbaycanla bağlı qərəzli sənədli film nümayiş etdirildi. BBC televiziyası Azərbaycana qarşı davamlı qarayaxma kampaniyasına start verdi.
Digər tərəfdən, görünür, son illər Azərbaycanın potensial imkanlarının və nüfuzunun artması ilə əlaqədar dünya səviyyəsində tədbirlərin, turnirlərin mərkəzinə çevrilməsi xaricdəki müəyyən anti-Azərbaycan qüvvələri bərk narahat edir. BBC-nin və ölkəmizdəki radikal müxalifət ruporları olan qəzetlərin dezinformasiyalar, şər, böhtan dolu məlumatlar yaymasının səbəbi də bu idi. Təəssüf ki, qaraguruh bu cür məlumatların yayılmasının bütövlükdə Azərbaycanın imicinə zərbə vurmağa hesablandığını yenə gözardı etdi. Onlar Azərbaycana qarşı piar kampaniyası aparmaq, ölkəmizi nüfuzdan salmaq, beynəlxalq ictimaiyyətin diqqətini süni şəkildə qabardılmış əsası olmayan məsələlərə yönəltmək məsələsində təkrar xaricdəki ermənipərəst dairələr ilə işbirliyi qurdular. Bir daha aydın oldu ki, anti-Azərbaycan qüvvələrin "beşinci kolonu" funksiyasını yerinə yetirən dağıdıcı müxalifət gələn sifarişləri xüsusi canfəşanlıqla yerinə yetirməklə Azərbaycanın imicini ləkələmək üçün bütün mümkün vasitələrdən istifadə etməkdən çəkinmir. Müxalifət mətbuatı, xüsusilə "Azadlıq" qəzeti faktiki rəhbəri Əli Kərimlinin xislətinə uyğun olaraq Azərbaycan haqqında böhtan xarakterli materialları, hətta Ermənistan mətbuatının dezinformasiyalarını canfəşanlıqla təkrarlaması və ictimai rəyi çaşdırmağa çalışması bunu bir daha sübut etdi.
Bu radikalların satqınlığını, xalqın və dövlətin düşməni olduğunu, milli maraqları şəxsi mənafelərinə qurban vermələrini "Eurovision-2012" mahnı yarışması ərəfəsində və müsabiqənin keçirildiyi günlərdə də müşahidə etmişdik. Dağıdıcı düşərgə, xüsusilə də, Əli Kərimli və İsa Qəmbər min-bir çirkin planlar qurdu və onları reallaşdırmağa çalışdılar. Gah icazəli mitinqlər keçirdilər, bunun nəticəsi olmadıqda isə, icazəsiz piketlərə və saxta aclıq aksiyalarına başladılar, hətta saxta tədbirlər təşkil etdilər, çirkin fikirlər yaydılar, şou düzənlədilər. Amma bunların heç birinin əhəmiyyəti olmadı. Bütün bunlara baxmayaraq, "Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar ölkəmiz və xalqımız haqqında ən xoş təəssüratlarla vətənlərinə döndülər. Anti-Azərbaycan qüvvələrin və dağıdıcı müxalifətin bütün niyyətləri, cəhdləri iflasa uğradı, onlar öz məqsədlərinə çata bilmədilər. Azərbaycan müstəqil və güclü dövlət kimi öz iradəsini reallaşdırmaq qüdrətinə malik olduğunu, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bütün maneələri dəf etməyi bacardığını hamıya göstərdi. XXX London Yay Olimpiya Oyunlarında da idmançılarımız möhtəşəm qələbə qazanaraq dövlətimizin qüdrətini bu yolla dünyaya çatdırdılar.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.