ABŞ-ın Kaliforniya ştatına budəfəki ezamiyyətim sekvoya ağaclarının məskəni olan Kalaveras Milli Parkı ərazisinə təsadüf etmişdir. Nəhəng uzunömürlülərə baxmaq üçün parkın qonaq kitabında "Bakı, Azərbaycan" yazarkən qəbul masasında oturan Henry Ferqüsson dilləndi: "Azərbaycan? Əhsən olsun ölkənizə, Londonda yaman medallar qazanırsınız! Cəmi 9 milyonluq ölkə üçün Olimpiadadan 10 medalla qayıtmaq bilirsinizmi necə böyük uğurdur?"
Dörd min nəfər əhalisi olan ucqar Amerika şəhərinin sakininin Vətənim haqqında bu fikri söyləməsi məni hədsiz dərəcədə sevindirdi. Lakin Azərbaycan milli yığmasının XXX Yay Olimpiya Oyunlarında nümayiş etdirdiyi yüksək idman peşəkarlığı ilə bağlı amerikalı dost-tanışlarım məni artıq təbrik etməyə başlamışdı. Xüsusilə də, Azərbaycan güləşçilərinin yarışa qatıldıqlarından sonra zənglərin ardı-arası kəsilmirdi. İdmançılarımızın qazandığı uğurlar təkcə Amerikada yaşayan həmyerlilərimizin qürur mənbəyinə çevrilməmişdir, "Vaşinqton Post" kimi nüfuzlu qəzetin başlıqları arasında da yer almışdır. Avqustun 12-dəki buraxılışında "Vaşinqton Post" qəzeti London Olimpiadasında güləş idman növünə ayrıca məqalə həsr edərək Azərbaycanın sərbəst güləşçilərinin - 60 kiloqram çəki dərəcəsində Toğrul Əsgərov və 84 kiloqram çəki dərəcəsində Şərif Şərifovun bir gecədə bir-birinin ardınca iki qızıl medal qazanmasını diqqətə çəkmiş, 19 yaşlı Toğrulun dörd dəfə dünya çempionu olan Besik Kuduxova qalib gələrək hamını heyrətləndirdiyini vurğulamışdır. "Vaşinqton Post" ABŞ milli komandasının məşqçisi Zik Consa istinadla yazmışdır: "Güləşdə amerikalıların qalib gəlməsi getdikcə çətinləşir. Çünki dünya getdikcə daha rəqabətcil və təşkilatlanmış olur". Amerikada güləş üzrə məşqçilərin rəyinə görə, beynəlxalq idman yarışlarında ən çətin rəqiblər məhz Azərbaycanın güləş məktəbinin yetirmələridir. Buna görə də, ABŞ milli komandasının məşqçisi Zik Cons öz yetirmələrini mümkün qədər tez-tez Azərbaycandakı yarışlara aparıb, oradakı idmançılarla birgə məşq etməyə, yarışmaya çalışır.
XXX Yay Olimpiya Oyunlarında Azərbaycanın iştirakı və xüsusilə də yunan-Roma və sərbəst güləşçilərimizin yadda qalan çıxışlarını yaxından izləyən Kaliforniya ştatında fəaliyyət göstərən üç məşqçi ilə söhbət etdim. 40 ildir güləş idman növü üzrə məşqçi olan Bill Qrant, keçmiş tələbələri Trevis Selfric və Panama adından beynəlxalq yarışlarda çıxış edən Roberto Dikson Azərbaycan güləşçilərinin Londonda apardığı mübarizəni böyük maraqla izləyib təhlil edirdilər. Onların fikrincə, Azərbaycan idmançılarının qazandıqları medalların sayı dörd ildən sonra Braziliyada ikiqat artacaqdır. Çünki ölkəmizdə idman sahəsinə yüksək qiymət verilir.
Bill Qrant: "Statistikaya görə, Olimpiya Oyunlarında güləş üzrə qazanılan medalların 80 faizdən çoxu Qafqaz bölgəsindən gələn idmançıların payına düşür. Ona görə də, Azərbaycan güləşçilərinin belə parlaq çıxışına o qədər də təəccüblənmədim. Lakin mənə elə gəlir ki, 19 yaşlı Toğrulun bu qələbəsi hamı üçün gözlənilməz oldu".
Doğrudur, - deyərək Trevis Selfric razılaşır: "Təkcə qızıl medal qazananlar deyil, hətta bürünc medal uğrunda mübarizə aparan Azərbaycan güləşçilərini gördünüzmü? Hamısı gənclərdir. Bu yaşda gəncin Amerikada milli olimpiya komandasına seçilməsi heç yadıma gəlmir".
Roberto Dikson söhbətə qoşulur: "Əvvəl beynəlxalq idman yarışına gedəndə əsas rəqibinin kim olacağını yəqin təxmin edə bilərdin. O da, əsasən Rusiyadan olardı. Amma Azərbaycan güləş məktəbinin yetirmələri son dörd il ərzində o qədər sürətlə irəliləyiblər ki, indi xalça üzərində görüşəndə, bilirsən ki, azərbaycanlı güləşçi qarşına çıxsa, çox çətin mübarizə olacaqdır".
Məşqçilərdən "Sizcə, Azərbaycan güləşçilərinin uğuru nəyə bağlıdır?" soruşuram. Bill Qrant dərhal bildirir ki, güləş məktəbinizin uzun tarixi və ənənələri var. Lakin bundan da çox, Azərbaycanda idmanı dəstəkləyən müvafiq mühitin olmasıdır: "Biz bildiyimiz qədər, Azərbaycandan medal qazananlara külli miqdarda pul verirlər. Amerikada belə sistem yoxdur. Ona görə, güləşçilər yarışlara qatılıb medal gətirmək əvəzinə pul çıxan idman şoularına qatılmağa üstünlük verirlər. Bir halda ki, səni həm dövlətin, həm də xalqın dəstəkləyir, nəyə görə medal gətirməyəsən? Azərbaycanda idmançılar üçün bu şərait yaradılıb. Bizdə isə, bu haqda hələ yeni fikirləşməyə başlayıblar".
Trevis Selfric Azərbaycan güləşçilərinin yüksək texnikasını qeyd edərək deyir: "Onlar qüvvətli olmaqla yanaşı, həm də cəld və çevikdirlər. Hamı rəqibini qaldıra bilər. Lakin azərbaycanlılar rəqiblərini qaldırıb, ayaqda fırladıb məğlub edə bilir. Texnikanız mükəmməldir. Bir də ki, müəllimimiz düz deyir. Sizin Prezident ailəsi ilə birlikdə gedib idmançılarınıza şəxsən dəstək verirdi. ABŞ Prezidenti də bu cür hərəkət etsəydi, bəlkə biz də daha çox medal qazanardıq".
Roberto Dikson həmkarı ilə razılaşır: "Texnika barədə çox düzgün qeyd etdin. Bizim idmançılarımız da rəqibini qaldırır. Amma azərbaycanlılar onu qaldırıb elə fırladır ki, udmağa imkan vermirlər. Görəcəksiniz, sizin güləş yalnız yüksələcəkdir. Belə getsə, Braziliyada o biri idmançılar gərək ehtiyatlı olsunlar. Biz də, daha çox məşq edib hazırlıqlı olaq. Azərbaycanlılarla yarışda üz-üzə gələndə ciddi mübarizəyə hazır olmalıyıq".
Qocaman məşqçi Bill Qrant deyir: "Ümumiyyətlə, sizin ölkədəki idmançılar şanslıdırlar. Onlar hər baxımdan dəstəklənirlər. Lap gənc yaşlarından həm ailədən, həm də dövlətdən idmana, xüsusilə də güləş növünə qayğı görürlər. Biz, onlara yalnız uğurlar arzu edirik".
Roberto Dikson söhbəti yekunlaşdırır: "Bu yaxınlarda Azərbaycanla bağlı bir sənədli filmə baxmışdım. Paytaxtda məşəl formasında olan binalardan danışırdılar. Ölkənin yüksək səviyyəli rəsmilərindən biri dedi ki, biz gördüyümüz hər bir işdə yüksək nəticə əldə etmək istəyirik. Görünür, bu, doğrudan da belədir. London Olimpiya Oyunlarının nəticələri də məhz bunu sübut etdi".
Trevis Selfric isə arzusunu bildirir: "Bildiyimizə görə, Kaliforniyanın Monterey şəhəri ilə Azərbaycanın Lənkəran şəhəri arasında yaxın əlaqələr vardır. Bu münasibətlərdən istifadə edib, Azərbaycanın Olimpiadadakı güləşçi ulduzlarını buraya gətirmək istərdik. Kaliforniyadakı "məşq klinikalarımızda" mübadilə proqramında iştirak edib bizim də uşaqlara Azərbaycan güləşinin sirlərini öyrətsinlər".
{nl}
Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Monterey
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.