Azərbaycanın olimpiya oyunlarında qazandığı uğurlarla hər bir soydaşımız fəxr etməlidir!

Ölkəmizin XXX London Yay Olimpiya Oyunlarında idman tarixinin ən parlaq qələbəsini qazanması hər bir azərbaycanlı tərəfindən sevinclə qarşılandı. İdmanın 16 növündə 53 idmançı ilə təmsil olunduğumuz olimpiadada Azərbaycan idmançıları iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla ölkəmizin idman tarixində ən böyük nəticələr göstərdilər.
Azərbaycan idmançıları komandalar hesabında 30-cu yerdə qərar tutaraq ərazi baxımından bizdən dəfələrlə böyük, əhalisi bizdən dəfələrlə çox olan ölkələri xeyli geridə qoyaraq hər birimizə böyük qürur bəxş etdilər. Bir daha fəxr etdik ki, 21 ildir müstəqil olan ölkəmiz bir çox sahələrdə olduğu kimi, idmanda da neçə-neçə illər bundan öncə dövlət qurmuş xalqları geridə qoymaq şərəfinə nail ola bildi. Bu qüruru duymaq, hiss etmək üçün insanda ancaq Vətən, millət, dövlət sevgisi olmalıdır. Məhz bu sevgiyə sahib olanlar ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara sevinir, XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyimiz möhtəşəm qələbələrlə fəxr edirlər.
Azərbaycan dünyanın qədim idman ənənələrinə malik olan ölkələrindən biridir. Son illər bu sahədə qazanılmış uğurlar Azərbaycanda idmana böyük dövlət qayğısı olduğunu bir daha təsdiq edir. Xatırladaq ki, ölkədə idmana münasibət yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra kökündən dəyişdi. Həmin ildən idmanın inkişafı dövlət siyasətinin prioritetinə çevrildi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilkin nailiyyəti idi. Yaponiyanın Naqano şəhərində 1998-ci ildə keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 idmançı ilə dörd yarışda təmsil olunmuşdur.
Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ulu öndərin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci il martın 5-də isə Heydər Əliyevin imzaladığı yeni bir fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliği və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında Fond yaradıldı.
Həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar və üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Ümummilli liderimiz idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər Azərbaycan idmanının dövlətimizin imicinin möhkəmlənməsində, dünyada tanınmasında müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi idman siyasəti 1997-ci ildən yeni mərhələdə inkişaf etməyə başladı. Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində İlham Əliyevin komitənin prezidenti seçilməsi ölkəmizdə olimpiya hərəkatının yeni zirvələr fəth etməsinə şərait yaratdı, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. ABŞ-ın Solt Leyk siti şəhərində keçirilən oyunlarda idmançılarımız 3 yarışda iştirak etmişlər. MOK Azərbaycanın müstəqil dövlət kimi mötəbər idman yarışlarını təşkil edib keçirməyə qadir olduğunu sübut etmək sahəsində ciddi iş görməyin vacibliyini ön plana çəkmiş və bu sahədə bir sıra tədbirlər həyata keçirmişdir. Beynəlxalq əlaqələrin inkişafı və dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Bakı əvvəlcə Ənvər Çoudrinin şərəfinə boks üzrə beynəlxalq turnirə, 1999-cu ildə boks üzrə yeniyetmələr arasında Avropa, 2001-ci ildə dünya birinciliyi, 2002-ci ilin martında qadın voleybol komandaları arasında Avropa top-komanda kubokunun final mərhələsi, 2002-ci ilin mayında sərbəst güləş üzrə 45-ci Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi etdi. Yarışlar dövründə paytaxtımıza gəlmiş qonaqlar siyasi sabitliyin, təhlükəsizliyin hökm sürdüyü, sülhsevər Azərbaycanda daha böyük miqyaslı yarışların keçirilməsinə hər cür imkanın olduğunu bildirdilər. Azərbaycanda bir-birinin ardınca beynəlxalq yarışların təşkil edilməsi və yüksək səviyyədə keçirilməsi ölkəmizin beynəlxalq idman təşkilatları tərəfindən sabit, inkişafda olan bir dövlət kimi tanınmasının parlaq təzahürü idi. Artıq Azərbaycan idmançıları dünyada əsas rəqiblər kimi tanınmağa başlamışdılar. Təsadüfi deyil ki, 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasında ölkəmiz artıq 1996-cı il Atlanta Olimpiadasında olduğu kimi 197 dövlət arasında 61-ci yeri deyil, iki qızıl və bir bürünc medalla 199 ölkə arasında 34-cü yeri tutmuşdur.
Ölkəmizin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildikdən sonrakı dövrdə də gənclərə və idmanın inkişafına diqqət və qayğısını əsirgəmədi. Ötən illər ərzində Azərbaycan beynəlxalq olimpiya hərəkatında ciddi tərəfdaşa çevrildi. 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiya oyunlarında qazanılan uğurlar bunu deməyə əsas verir. Respublikamız Afina Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medalla 202 iştirakçı dövlət arasında 37-ci yeri tutdu. 2008-ci il Pekin Olimpiya Oyunlarında isə komandamız 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmışdır. 2009-cu ildə şahmat üzrə milli komandamızın Serbiyada Avropa çempionu olması, Ermənistanda keçirilən gənc cüdoçuların Avropa çempionatında, güləşçilərimizin dünya və qitə çempionatlarında, boksçularımızın gənclər arasında dünya çempionatında uğurlu çıxışları idmançılarımızın qələbə əzmini bir daha sübut etmişdir. 2010-cu ildə Sinqapurda 204 ölkədən 3600 idmançının qatıldığı Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında komandamız 12 nəfərlə iştirak edərək, 8 medalla 11-ci yeri tutmuşdur. Komandamızın ABŞ, Almaniya, Böyük Britaniya kimi inkişaf etmiş idman ölkələrini geridə qoyması xalqımıza yeni qələbə sevinci bəxş etmişdir. Prezident İlham Əliyev Azərbaycan idmanının təntənəsi olan bu qələbənin tarixi nailiyyət olduğunu qeyd etmişdir.
Ötən il idman sahəsində daha böyük uğurlar əldə edilmişdir. Əgər 2010-cu ildə təmsilçilərimiz beynəlxalq miqyaslı yarışlarda 675 medal əldə etmişdilərsə, 2011-ci ildə bu medalların sayı artıq 705 (əldə edilən medalların 246-sı olimpiya idman növləri üzrədir) olmuşdur. 2011-ci ildə London Olimpiadasına maksimum sayda lisenziya əldə etmək qarşıda duran ən böyük vəzifələrdən biri olub ki, idmançılarımız bu vəzifənin öhdəsindən layiqincə gəliblər. Ötən il ərzində 10 idman növü üzrə 29 lisenziya əldə edilmişdir. Paralimpiyaçılarımızın qazandıqları lisenziyaların sayı isə 18 olmuşdur.
2011-ci ildə ölkəmizin idman tarixində yeni səhifə də açıldı. Belə ki, Bakı 2020-ci il Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün cəsarətlə öz namizədliyini irəli sürdü və Olimpiya oyunlarına iddia ərizəsini BOK-a təqdim etdi. Sifariş kitabında Bakının olimpiya oyunlarına ev sahibliyi etməsi üçün qurulacaq olimpiya infrastrukturu haqqında ətraflı məlumat öz əksini tapdı...
Bir daha vurğulayaq ki, 2011-ci il Azərbaycan üçün bütün sahələrdə, o cümlədən idman sahəsində böyük nailiyyətlərlə əlamətdar olmuşdur. Ölkəmizdə 42 beynəlxalq idman tədbiri, o cümlədən dünya və Avropa çempionatları keçirilmişdir. Ötən illərdə olduğu kimi, 2011-ci ildə də yarışlara yüksək səviyyədə ev sahibliyi etməyimiz xarici mütəxəssislərin və beynəlxalq idman rəsmilərinin diqqətini cəlb etmiş, onlar çıxışlarında bunu dönə-dönə vurğulamışlar. Azərbaycan idmançılarının nailiyyətləri bütün dünyaya səs salmışdır. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, idman mərkəzlərindən birinə çevrilməsi, yalnız müstəqilliyimizi bərpa etdikdən sonra mümkün olmuşdur. Müstəqilliyimizin ilk illərində xalqımızın öz azadlıq imkanlarından istifadə etməsi o qədər asan deyildi.
Sirr deyil ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və kömək göstərən respublika Prezidenti İlham Əliyevin göstərişi sayəsində son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. Ötən il ölkə futbolunun 100 illik yubileyinin qeyd olunduğu gün idmanımızın tarixində əlamətdar gün kimi yadda qalmışdır. Həmin gün Bakıda olimpiya stadionunun təməli qoyulmuşdur. Prezident İlham Əliyevin iştirak etdiyi tədbir dövlətin idmana qayğı və dəstəyinin əyani göstəricisi idi. Bu, son illər ölkəmizdə futbolun inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin məntiqi nəticəsidir. Bu məqamda xatırladaq ki, ilk dəfə olaraq bu il ölkəmizdə 17 yaşadək qadınlar arasında dünya çempionatı keçiriləcəkdir. Azərbaycan Prezidenti bu mötəbər çempionatın da lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, mütəmadi tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə əyani surətdə tanış olur. Qarşıdakı çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu.
Son vaxtlar Azərbaycanda idmana xüsusi diqqət yetirilməsi beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmayıb. Məsələn, FİFA prezidenti Yozef Blatter əminliklə bildirmişdir ki, Azərbaycanda 17 yaşadək qadınlar arasında keçiriləcək dünya çempionatı yüksək səviyyədə baş tutacaq. Cənab Blatter fikrini belə əsaslandırmışdır ki, o, Prezident İlham Əliyevin idmana, xüsusən də futbola olan sevgisini və onun inkişafına necə böyük həvəslə çalışdığını yaxşı bilir. Bundan əlavə, çempionatla bağlı Azərbaycan tərəfinin təqdim etdiyi sosial və mədəni proqramlar da FİFA tərəfindən yüksək qiymətləndirilib. Tam əminliklə deyə bilərik ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcəkdir. Dünya çempionatı ilə bağlı mütəmadi olaraq Azərbaycana səfər edən FİFA nümayəndələrinin hesabatları bu işə necə böyük məsuliyyətlə yanaşdığımızı bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yeniləşməsi və bu sahənin inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ötən illərdə Naxçıvanda, Gəncədə, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə, Bakının Maştağa kəndində və digər bölgələrdə onlarla Olimpiya İdman kompleksləri tikilmişdir. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir.
Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmayıb. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. Prezident İlham Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir. Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda 2012-ci ilin "İdman ili" elan olunması da dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidir. 2012-ci ilin "İdman ili" elan edilməsi çox əlamətdar hadisədir və bu, idmançıların, məşqçilərin, idman mütəxəssislərinin, ümumilikdə Azərbaycanın idman ictimaiyyətinin üzərinə böyük vəzifələr qoymuşdur. Qətiyyətlə demək olar ki, dövlətimizin bədən tərbiyəsi və idmana diqqət və qayğısı sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib.
XXX London Yay Olimpiya Oyunlarında komandamızın əldə etdiyi nəticələr bizə sevinc bəxş etməklə yanaşı, nikbinliyimizi də artırdı və Azərbaycanın qədim idman ənənələrinə sahib olduğunu bütün dünyaya sübut etdi. Sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kiloqram) və Şərif Şərifov (84 kiloqram) Olimpiya çempionları olmuş, Xetaq Qazyumov (96 kiloqram) bürünc medala layiq görülmüşdür. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov (55 kiloqram) ikinci yeri tutmuş, Emin Əhmədov (74 kiloqram) isə bürünc medal qazanmışdır. Qadınlar arasında güləşçimiz Mariya Stadnik (48 kiloqram) Olimpiadanın gümüş medalına sahib olmuş, Yuliya Ratkeviç (55 kiloqram) isə üçüncü yeri tutmuşdur. Boksçular Teymur Məmmədov (91 kiloqram) və Məhəmmədrəsul Məcidov (91 kiloqramdam çox) bürünc mükafatlara layiq görülmüşlər. Azərbaycanın ağır atleti Valentin Xristov isə (56 kiloqram) bürünc medal qazanmışdır. Beləliklə, Azərbaycan əvvəlki olimpiadalarda qazanılmış medalların sayına görə rekordunu təzələmişdir. Xatırladaq ki, 2008-ci ildə Pekində olimpiyaçılarımız yeddi medal qazanmışdılar.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan komanda hesabında 30-cu yeri tutmaqla bir sıra böyük ölkələri geridə qoyaraq parlaq nailiyyət qazandı. Faktlar da böyük uğur qazandığımıza "şahidlik" edir. Məsələn, ərazisinin böyüklüyünə görə dünyanın 7-ci ən böyük ölkəsi olan və əhalisinin sayı 1 milyardı çoxdan keçən Hindistan siyahıda 55-ci yerdə, yenə ərazisinə görə 16-cı yerdə qərar tutan, əhalisinin sayı 230 milyonu keçən İndoneziya 66-cı yerdə qərar tutduğu halda, Azərbaycan 30-cu yerə yüksələrək, MDB ölkələri arasında 5-ci yerdə qərar tutmuş, təcavüzkar Ermənistanı (61-ci yer) və dost Gürcüstanı (39-cu yer) geridə qoyaraq Cənubi Qafqazın öndəri olmuşdur. Bundan daha böyük sevinc olarmı?
Azərbaycanın olimpiya oyunlarında qazandığı qələbəyə hər bir soydaşımız sevindiyi halda, radikal müxalifət düşərgəsində, necə deyərlər, "pərişanlıq" hökm sürür. Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq aləmdə qazandığı bütün uğurları qısqanclıqla qarşılayan dağıdıcı qaragüruh XXX London Yay Olimpiya Oyunlarında komandamızın əldə etdiyi misilsiz uğurlara kölgə salmaq üçün düşmən dəyirmanına su tökməkdən belə çəkinmədilər. Onlar hər bir beynəlxalq əhəmiyyətli tədbirlər, siyasi, hətta idman hadisələri zamanı müxtəlif anti-Azərbaycan dairələrin yardımı ilə ictimai rəyi çaşdırmağa çalışır, hər yola baş vuraraq hakimiyyətə ləkə yaxmağa cəhd göstərirlər. Lakin hər dəfə də bu cəhdləri uğursuz alınan radikallar və onları maliyyələşdirən qərəzli dairələr daha da aqressivləşərək, növbəti çirkin kampaniyalara start verirlər. XXX London Yay Olimpiya Oyunları başlayanda da belə oldu. Olimpiadanın ilk günlərində komandamızın bəzi nümayəndələrinin zəif çıxışları radikal düşərgədə sevinclə qarşılandı. Hər fürsətdə hakimiyyətə müraciətlə, "sizin idmançılarınız bax budur" -deyir, yersiz tənqidlər səsləndirir, sanki bu zaman düşmən ölkənin idmançılarından bəhs edirdilər.
BBC-nin "Newsnight" proqramında avqustun 10-da efirə gedən buraxılış isə radikal düşərgə üçün göydəndüşmə oldu. Həmin proqramda iddia olunurdu ki, guya, Azərbaycanın London Olimpiadasında boksçuların qələbəsi üçün rüşvət verilib. Proqramda bildirilirdi ki, ötən həftə finalda Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun yaponiyalı həmkarı üzərində "qələbə qazanması" şübhə yaradıb. Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) yalnız yaponların etirazından sonra qərarı dəyişib və Türkmənistandan olan referi Olimpiya yarışlarından kənarlaşdırılıb. Hadisədən dörd gün sonra isə başqa Azərbaycan boksçusu belaruslu idmançını udub. Bu qələbə qərarı da şübhəyə səbəb olub. Belarus nümayəndə heyəti AİBA-ya müraciət etsə də, qərar dəyişməyib və azərbaycanlı Teymur Məmmədov yarımfinalda iştirak edərək bürünc medalla kifayətlənib. Biz bu iftiraların hansı dairələr tərəfindən ortaya atıldığını bilirik. Şübhəsiz, bu, xaricdəki erməni lobbisinin və onların pulla ələ aldıqları şərəfsiz insanların əməlləridir. Maraqlı burasıdır ki, vəziyyət belə ikən, nəyə görə radikal müxalifət nümayəndələri olimpiya oyunları kimi ölkənin imicini müəyyənləşdirən nəhəng idman tədbirində faktiki olaraq yenə ermənilərlə işbirliyi qurdular və erməni tezislərini dəstəklədilər. Bunun cavabı birdir: ancaq ləyaqətsizlər və Vətən xainləri düşmənlə əlbir olar və bu dəfə də biz onların timsalında yenə dağıdıcıları gördük.
Uzağa getməyək. Bu ilin may ayında Bakıda mühüm beynəlxalq tədbir olan "Eurovizion-2012" mahnı müsabiqəsinin keçirildiyi ərəfədə yenə daxili antimilli və xarici anti-Azərbaycan qüvvələrin müsabiqəni siyasiləşdirmək, Azərbaycana qarşı qara piar kampaniyası aparmaq, ölkəmizi nüfuzdan salmaq, beynəlxalq ictimaiyyətin diqqətini süni şəkildə qabardılmış əsası olmayan məsələlərə yönəltmək cəhdləri oldu. Erməni lobbisi, Azərbaycanda müəyyən maraqlarını gerçəkləşdirmək istəyən bəzi Qərb dairələri və dağıdıcı müxalifət sinxron şəkildə Azərbaycan reallıqlarını təhrif etmək, ölkəmizə zərbə vurmaq üçün bütün qüvvələrini səfərbər etdilər. Dağıdıcı müxalifət növbəti dəfə açıq şəkildə öz antimilli, satqın, riyakar simasını nümayiş etdirdi. Öz cılız ambisiyalarını reallaşdırmaq üçün xalqın maraqlarını tapdalayan Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev bir daha sübut etdilər ki, onlar məkrli niyyətlərinə çatmaq üçün istənilən qüvvə ilə, o cümlədən erməni lobbisi ilə əməkdaşlıq edə bilərlər. Həmin günlərdə bəzi Qərb KİV-ləri, o cümlədən BBC qərəzli, böhtan və şantaj xarakterli materialları ilə göstərdilər ki, Avropa mətbuatı heç də iddia edildiyi kimi azad deyil və müəyyən siyasi dairələrin konyuktur maraqlarına xidmət edir. Bütün bunlara baxmayaraq, "Eurovizion-2012" mahnı müsabiqəsi çox yüksək səviyyədə baş tutdu, Bakı Avropadan gələn turistlərlə doldu-daşdı və Azərbaycan müstəqil və güclü dövlət kimi öz iradəsini reallaşdırmaq qüdrətinə malik olduğunu, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bütün maneələri dəf etməyi bacardığını hamıya göstərdi. Bu dəfə də belə oldu. Yenə dağıdıcı müxalifətlə xaricdəki anti-Azərbaycan qüvvələr uğurlarımıza kölgə salmağa, ictimai rəyi çaşdırmağa çalışdılar. Ancaq Azərbaycanın qazandığı möhtəşəm uğurlar onların cəhdlərini kölgədə qoydu. XXX London Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atan idman komandamız düşmənlərimizi məyus etdi, xalqımıza sevinc bəxş etdi və növbəti dəfə Azərbaycan bayrağı mötəbər tədbirdə yüksəldildi.

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında