Şriftin ölçüsü:
10.08.2012 03:12 | Oxunma sayı: 703
Artıq finişin astanasında olan London Olimpiadasının güləş yarışlarında ikinci dəfə "qızıl balıq" sürüşüb əlimizdən çıxsa da, Mariya Stadnikin (48 kq) idman hünəri və ölkəmizə qazandırdığı gümüş medala görə bir daha qürur hissi keçirib, ona təbriklərimizi çatdıraq, ən xoş arzularımızı bildirək.
Zarafat deyil, dünya və Avropa çempionu adını daşıyan və idman ictimaiyyətimizin, bütün xalqımızın sevimlisinə çevrilib öz çəkisində planetin ən hörmətli qadın güləşçilərindən biri kimi tanınan Stadnik indi həm də Olimpiya oyunlarının ikiqat gümüş mükafatçısıdır. Mariya Pekin - 2008-də qazandığı bürünc medalı London - 2012-də daha yüksək əyarlı gümüş mükafata çevirməyi bacarmışdır. İstedadlı idmançımızın gündəlik gərgin məşqləri bəhrəsiz qalmamışdır.
Mariya Stadniklə eyni gündə yarış meydanına dəvət olunub 5000 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində finişə birinci çatmaqla final startlarına birbaşa vəsiqə qazanan təmsilçimiz Hayle İbrahimovun iştirakı ilə həlledici mərhələnin avqustun 11-də keçiriləcəyini artıq diqqətinizə çatdırmışıq. İndi həmin xəbərə onu da əlavə edək ki, Londonun Olimpiya stadionunda baş tutacaq finalda onun rəqibləri iki keniyalı atlet, Böyük Britaniya nümayəndəsi, ABŞ-ın üç idmançısı, bir o qədər efiopiyalı qaçışçı, habelə Mərakeş, Uqanda, Kanada, Meksika və Cibuti təmsilçiləri olacaq.
Olimpiadanın 12-ci günündən sonra medal qazanmış ölkələrin siyahısında 75 dövlətin adı var idi. Hesabında 2 gümüş və 2 bürünc medal olan Azərbaycan (yığma komandamızın boks turnirində artıq özünə təmin etdiyi iki mükafatın əyarı məlum olmadığından onları hələlik yadda saxlayırıq) cədvəldə 44-cü mövqedə idi. Liderlər üçlüyünü isə 76 medal (36+22+18) qazanan Çin, 80 (34+22+24) mükafata malik ABŞ və 48 (22+13+13) medala sevinən Böyük Britaniya komandaları təşkil edirdi.
London sınaqlarının 13-cü gününə təsadüf edən dünənki yarışlardan sonra Azərbaycanın medallarının sayının artıb-artmayacağı isə kanoedə 1000 metr məsafəyə avarçəkmə yarışlarının final mərhələsinə çıxmış Sergey Bezuqlı - Maksim Prokopenko duetindən və qadın güləşçimiz Yuliya Ratkeviçdən (55 kq-dək) asılı idi. Bezuqlı və Prokopenko Olimpiadanın medalını Dorni gölündə Rumıniya, Çexiya, Rusiya, Almaniya, Çin, Belarus və Kuba idmançıları ilə mübarizədə axtardılar. Onlar az qala məqsədə çatacaqdılar. 1000 metrlik məsafənin 750 metrində liderlik edən avarçəkənlərimiz təəssüf ki, bu üstünlüyü sonadək qoruyub saxlaya bilmədilər. Finişdə qələbəni almanlar bayram etdilər, gümüş və bürünc medalları Belarus və Rusiya idmançıları qazandılar. Biz isə yalnız dördüncü olduq...
Güləşçimiz Ratkeviç rəfiqəsi Mariya Stadnikin bir gün əvvəl yarışdığı idman sarayında ilk addımı səkkizdəbir finalda yunanıstanlı Mariya Prevolorakiyə qarşı görüşdə atmağa hazırlaşırdı. Mariya kimi, Yuliyanın da sarayı medalla tərk edə bilib-bilməyəcəyi axşam məlum olacaqdı.
Daha bir idmançımız Aliyə Qarayevanın da çıxışları maraqla gözlənilirdi. Azərbaycanda bədii gimnastikanın lideri Olimpiadanın təsnifat mərhələsində çıxışlarına həlqə və topla təmrinlərin icrası ilə başladı. Bu hərəkətlərdə finala çıxmaq üçün Aliyə onların hər biri üzrə yarışların yekununda ən yaxşı on nəticə göstərən iştirakçılar qrupuna daxil olmalı idi.
Olimpiada təqvimində Azərbaycan idmançılarının iştirakı ilə bu günə nəzərdə tutulmuş yarışları da xatırladaq. Boksçular Teymur Məmmədov (91 kq-dək) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) italiyalı rəqiblərə qarşı keçirəcəkləri yarımfinal görüşlərində finala çıxmağa çalışacaqlar. Sərbəst üsulla güləşən Əşrəf Əliyevin çıxış etdiyi 74 kq-dək çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. Taekvondoçular Ramin Əzizov (80 kq-dək) və Fəridə Əzizovanın da (67 kq-dək) necə nəticə göstərəcəklərini bu axşam biləcəyik. Aliyə Qarayeva çoxnövçülüyün təsnifat mərhələsində çıxışlarını davam etdirəcək. Kanoedə 200 metr məsafəyə avarçəkmə yarışlarında Valentin Demyanenko da bu gün təsnifat mərhələsində starta çıxacaq.
***
Azərbaycan güləşçisi Yuliya Ratkeviç bürünc medal uğrunda görüşdə rusiyalı rəqibinə qalib gələrək Olimpiadada ölkəmizə növbəti medal qazandırdı.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.