Azərbaycan güləşçisi Mariya Stadnik Olimpiya oyunlarının gümüş mükafatçısıdır

London Olimpiadasının dünənə təsadüf edən 12-ci günü mübarizəyə qoşulan Azərbaycanın iki təmsilçisindən qadın güləşçi Mariya Stadnikin çıxışlarını bütün ölkəmiz böyük həyəcan və ümidlə gözləyirdi. Üç il əvvəl, dəqiq desək, 2009-cu ilin sentyabrında Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında 48 kq çəki dərəcəsində qızıl medal qazanıb xalqımızı tarixi nailiyyət ilə sevindirən Stadnik elə həmin gündən qadın güləşində Azərbaycanın ilk dünya çempionu kimi fəxri ad daşımağa başladı.
Siz Mariyanın bu böyük qələbədən bir il əvvəl Pekində XXIX Yay Olimpiya Oyunlarında da yüksək ustalıq nümayiş etdirərək fəxri kürsünün üçüncü pilləsində bürünc medalın sevincini yaşadığını, həmçinin müxtəlif vaxtlarda Avropa çempionatının, mötəbər beynəlxalq yarışların, "Qran-Pri" turnirlərinin də qalibi olduğunu bilirsiniz. O, Londona lisenziyanı isə ötən ilin payızında İstanbulda keçirilən dünya çempionatında qazanmışdır.
Olimpiada-2008-in bürünc mükafatçısı Olimpiada-2012-də də öz çəki dərəcəsində haqlı olaraq medallara əsas namizədlərdən biri hesab edilirdi. London xalçası üzərində keçirilən yarışda birinci dövrədən azad olan güləşçimiz mübarizəyə səkkizdəbir finaldan başlamalı idi. Onun rəqibi isə 1/16 final mərhələsində Klarissa Çun (ABŞ) - Şaşa Jao (Çin) görüşünün qalibi olacaqdı.
Mariya Stadnik Pekin Olimpiadasında olduğu kimi Londonda da inamla çıxış etdi. Azərbaycan güləşçisi Klarissa Çun (ABŞ), İvana Matkovska (Polşa) və İrina Merlena (Ukrayna) üzərində inamlı qələbələrdən sonra yalnız finalda yaponiyalı Xitomi Obaraya uduzub XXX Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Hayle İbrahimov 5000 metr məsafəyə qaçışın finalında
Dünənki yarışlarda starta çıxan digər idmançımız Hayle İbrahimov 5000 metr məsafəyə qaçışın təsnifat mərhələsində yüksək sürət nümayiş etdirərək öz qrupunda bütün rəqiblərini qabaqlayıb finiş xəttinə hamıdan irəlidə - birinci yerdə çatdı.
Bu isə o deməkdir ki, Azərbaycan yığma komandasının üzvü final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Ona avqustun 11-də keçiriləcək həlledici yürüşdə də inamlı start və uğurlu finiş arzulayaq.
Bu gün finaldır
İkinəfərlik kanoedə avarçəkənlərimiz Sergey Bezuqlı - Maksim Prokopenko duetinin 1000 metr məsafəyə yarışın təsnifat mərhələsində Braziliya, Rumıniya, Belarus, Kuba və Anqola idmançıları ilə mübarizədə finişə birinci çatıb finala birbaşa vəsiqə qazanması Azərbaycan qayığının həlledici mərhələdə çıxışlarına marağımızı daha da artırmışdır.
Avarçəkmənin bu növündə final yarışları bu günə təyin edilmişdir. Olimpiadanın medalları uğrunda mübarizədə Bezuqlı və Prokopenkonun rəqibləri Rumıniya, Çexiya, Rusiya, Almaniya, Çin, Belarus və Kuba avarçəkənləri olacaq. Göründüyü kimi, medallara səkkiz ölkə nümayəndələri namizəddir. Azərbaycana Olimpiya oyunlarının üç mükafatından birini qazandırmaq əzmində olan qayığımız təsnifat yarışlarında olduğu kimi, final yürüşündə də baş rollardan birini oynaya biləcəkmi? Bu suala bir neçə saatdan sonra cavab alacağıq.
Əzizovlar ABŞ və Kanada taekvondoçularına qarşı
Taekvondoçuların Olimpiya turniri start ərəfəsindədir. İdmanın bu növündə Azərbaycanı iki idmançı Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər.
Taekvondoçularımız sabah mübarizəyə başlayacaqlar. Püşkə əsasən Ramini startda çox çətin sınaq gözləyir. O, ilk görüşdə Olimpiya oyunlarının ikiqat qalibi və beş dəfə dünya çempionu Stiven Lopeslə (ABŞ) qarşılaşacaq. Fəridə isə kanadalı Karin Serjeri ilə görüşəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında