Şriftin ölçüsü:
07.08.2012 11:40 | Oxunma sayı: 748
Bayramov, Əhmədov və Məmmədovun qələbələri şərəfinə Londonda milli bayrağımız ucaldıldı
İngiltərə paytaxtında XXX Yay Olimpiya Oyunlarının doqquzuncu günü Azərbaycan idmançılarının böyük uğurları ilə yadda qalacaq. Həmin gün mübarizəyə qoşulan beş təmsilçimizdən üçü Olimpiadanın mükafatçısı oldu.
Əvvəlcə yunan-Roma güləşi ustalarımız Rövşən Bayramovla (55 kq-dək) Emin Əhmədovun (74 kq-dək) müvafiq surətdə gümüş və bürünc medallarının sevincini yaşayıb, onların qələbələri şərəfinə milli bayrağımızın yüksəklərə ucaldılmasından böyük qürur duyduq, günün sonunda isə (Bakı vaxtı ilə gecəyarısı) Teymur Məmmədovun 91 kq-dək çəki dərəcəsində çıxış edən boksçuların turnirində yarımfinala çıxıb ən azı bürünc mükafatı özünə təmin etməsinin şahidi olduq.
Ötən ilin sentyabrında İstanbulda keçirilən London Olimpiadasına lisenziya xarakterli dünya çempionatında bütün rəqiblərinə qalib gələrək öz çəkisində planetin ən yaxşı boksçusu adını daşımağa başlayan Bayramov Olimpiya xalçası üzərində rusiyalı Minqyan Semyonov, ABŞ idmançısı Tomas Manqo, çinli Li Sujin, yarımfinalda isə Cənubi Koreya təmsilçisi Quicin Çoi üzərində inamlı qələbələrdən sonra finalda Həmid Reyhanpura (İran) uduzsa da, Olimpiya oyunlarının gümüş mükafatı özünüzün yaxşı bildiyiniz kimi çox böyük nailiyyətdir. Dörd il əvvəl Pekində çıxışlarını fəxri kürsünün ikinci pilləsində başa vuraraq sevimli Vətəni Azərbaycanı gümüş medalla sevindirən 25 yaşlı istedadlı güləşçi indi Olimpiya oyunlarının ikiqat gümüş mükafatçısı olması ilə haqlı olaraq fəxr edə bilər. Dünya idmançılarının ən ali məclisində ardıcıl iki dəfə finalda çıxış etmək və hər dəfə də ikinici yeri tutmaq hər idmançının hünəri deyil. Bir sözlə, əhsən, Rövşən!
Digər "klassikimiz" Emin Əhmədovu da ürəkdən təbrik edib çox sağ ol deyək. O da kəskin rəqabət şəraitində keçən yarışda möhkəm iradə və əsl qələbə əzmi ilə mübarizə apardı və məşqçilərinin, bütün ölkəmizin ümidlərini doğrultdu. Əhmədovun əzmkarlığının mükafatı bürünc medal oldu.
Turnirə səkkizdəbir finaldan başlayıb bu mərhələdə xorvatiyalı Nevey Zuqayı "aradan götürən", ikinci dövrədə gürcüstanlı Zurab Datunaşviliyə də qalib gəlməyi bacaran Emin yarımfinalda uduzmasına baxmayaraq, ruhdan düşmədi. Azərbaycan idmançısı bürünc medal uğrunda görüşdə Aleksandr Kikinov (Belarus) üzərində qələbə qazanıb fəxri küsünün üçüncü pilləsində təbrikləri qəbul etdi. Bürünc medalın ona necə böyük sevinc gətirdiyini təsəvvür etmək çətin deyil. Emin Əhmədov güləşçi həyatında ən ağır sınaqdan şərəflə çıxmışdır.
Olimpiadanın doqquzuncu gününün daha bir azərbaycanlı qəhrəmanı isə boksçu Teymur Məmmədov (91 kq-dək) oldu. Avropa çempionumuz, dünya çempionatının gümüş mükafatçısı dörddəbir finalda ağır döyüşdə belaruslu rinq ustası Sergey Korneyevdən üstün ustalıq nümayiş etdirdi. Bu isə o deməkdir ki, yarımfinalın qapısını öz üzünə açan Azərbaycan boksçusu ən azı ölkəmizə bürünc medalı təmin etmişdir. İndi isə Məmmədov bu mükafatı daha qiymətli medala, gümüşə, kim bilir, bəlkə də hətta qızıla çevirməyə çalışacaq. Bunun üçün imkan var və şübhəsiz, Teymur yarımfinaldan da qalib ayrılıb finala çıxmaq üçün əlindən gələni edəcək.
Hələlik isə o, son üç Olimpiya oyunlarından bürünc medalla qayıtmış Vüqar Ələkbərov, Ağası Məmmədov, Fuad Aslanov və Şahin İmranovun yaratadıqıları xoş ənənəni davam etdirməyi bacarmışdır.
Qadın bokçuların turnirində təmsilçimiz Yelena Bıstropovanın da (75 kq-dək) yarımfifnala çıxacağına ümid etmək olardı. Çində keçirilmiş dünya çempionatının gümüş mükafatçısı olan Yelena nigeriyalı Edit Oqoke ilə döyüşdə bu məqsədə çatmaq üçün qüvvəsinə heyfsilənmədi. Təəssüf ki, gərgin mübarizə şəraitində keçən görüşdə hakimlər rəqibin kiçik fərqlə qalib gəldiyini elan etdilər.
Ağırlıqqaldıran İntiqam Zairov da fəxri kürsüyə yüksəlmək üçün çox çalışdı. Lakin onun gücü finişdə yalnız altıncı olmağa çatdı. Təmsilçimiz 94 kq-dək çəki dərəcəsində yarışların yekununda iki hərəkətin cəmində 397 kq (182+215) nəticə göstərdi. Bu çəkidə Olimpiadanın çempionu adını isə Qazaxıstan idmançısı İlya İlin qazandı - 418 kq (185+233).
Çaparımız Camal Rəhimov Olimpiada ilə erkən vidalaşmalı oldu. O, atçapmanın konkur növündə ikinci təsnifat mərhələsindən keçə bilməyərək çıxışlarını dayandırdı.
Günün bütün yarışları başa çatdıqdan, daha 24 dəst mükafat öz sahiblərini tapdıqdan sonra məlum oldu ki, hesabında 1 gümüş və 2 bürünc medal olan (Teymur Məmmədovun hansı mükafatı qazanacağı hələlik məlum deyil və təbii ki, o cədvəldə nəzərə alınmayıb) Azərbaycan yığıması medal qazanmış ölkələrin siyahısında 41-cidir. Olimpiadanın doqquz günündən sonra cədvəldə ilk üç yer isə belə bölüşdürülürdü: Çin - 61 medal (30+17+14), ABŞ - 60 (28+14+18), Böyük Britaniya - 37 (16+11+10).
Dünən, Olimpiya oyunlarının onuncu günü yunan - Roma üsulu ilə güləşən daha iki idmançımız Həsən Əliyev (66 kq-dək) və Saman Təhmasibi (84 kq-dək) xalça üzərinə çıxacaqdılar, boksçu Məhəmmədrəsul Məcidov isə rinqə dəvət olunacaqdı. Əliyev çıxışlarına norveçli Stiq - Andre Berqə, Təhmasibi isə gürcü Vladimir Qeqeşidzeyə qarşı görüşlərlə başlayacaqdılar. Məhəmmədrəsul Məcidovu (91 kq-dan yuxarı) rusiyalı Məhəmməd Omarovla döyüş gözləyirdi.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.