Güləşçilər Olimpiya medalları uğrunda mübarizəyə başlayırlar

Olimpiada - 2012-nin birinci həftəsinin sonuncu, yeddinci günü daha 22 dəst medalın sahibləri müəyyənləşdikdən sonra məlum oldu ki, mükafatçı ölkələrin siyahısında ABŞ yığması ÇXR komandasını birinci yerdən sıxışdırmışdır. İndi amerikalıların 43 medalı var idi (21+10+12), Çin idmançıları isə həm mükafatların ümumi sayına, həm də qızıl medallara görə onlardan bir medal geri qalırdılar - 42 (20+13+9). Üçüncü pillədə Cənubi Koreya irəliləyirdi - 16 (9+2+5).
Qızıl medallarının sayını 4-ə çatdıran Qazaxıstanı da qeyd etmək olar. Bu ölkə siyahıda doqquzuncu mövqeyə yüksəlmişdi. Qazaxıstana növbəti "qızılı" qadınların ağılrlıqqaldırma yarışlarında 75 kq-dək çəki dərəcəsində fəxri kürsünün zirvəsinə yüksələn Svetlana Podobedova qazandırmışdır.
Medalçı ölkələrin də siyahısı bir qədər genişlənib 54-ə çatmışdı. Hesabında bir bürünc mükafat olan Azərbaycan yığması Honkonq, Yunanıstan, İran, Qətər, Moldova, Serbiya, Sinqapur və Özbəkistanla 46-54-cü yerləri bölüşdürürdü.
Dünən, oyunların səkkizinci günü üç təmsilçimiz yarış meydanına dəvət olunmuşdur. Natalya Mustafayeva qadınların akademik qayıqlarda 2000 metr məsafəyə avarçəkmə yarışlarında 7-12-ci yerlər uğrunda mübarizə aparmışdır. O, finişdə sonuncu olmuş və nəticədə, olimpiadada çıxışlarını 12-ci yerdə başa vurmuşdur. Xatırladaq ki, bir gün əvvəl elə həmin məsafəyə kişilərin final startlarında gənc idmançımız Aleksandr Aleksandrov beşinci nəticə göstərmişdi. Bu isə zəngin təcrübəli rəqiblərlə mübarizədə kifayət qədər yüksək göstəricidir.
Yeri gəlmişkən, Aleksandrovla Mustafayeva XXX Yay Olimpiya Oyunlarının avarçəkmə yarışlarında yeganə təmsilçilərimiz deyildilər. Tezliklə biz kanoe və baydarkalarda avarçəkənlərimizin də çıxışlarını izləmək imkanı qazanacağıq. Özu də onların startlarını böyük ümidlə gözləyirik. Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi Valentin Demyanenko (200 metr), habelə Avropa çempionları Sergey Bezuqlı - Maksim Prokopenko dueti (1000 metr) öz məsafələrində finişə mükafatçılar sırasında çatmaq əzmindədirlər. Düşünmək olar ki, onlar bunun üçün əllərindən gələni edəcək və Azərbaycan idmanının şərəfini lazımınca qoruyacaqlar.
Daha bir idmançımız Camal Rəhimov da çıxışlarına dünən başladı. O, atçapma idmanının konkur növündə birinci təsnifat mərhələsində iştirak etdi. Dörd rəqibi ilə 53-cü pillədə qərarlaşmış idmançımız bu gün keçiriləcək ikinci təsnifat mərhələsi yarışlarına vəsiqə qazanmışdır.
Yarışlara dünən qoşulan digər idmançımız isə ağırlıqqaldıran İntiqam Zahirov (94 kq-dək) idi. Onun çıxış etdiyi "A" qrupunda mübarizəyə bizim vaxtla saat 23-də start veriləcəkdi. Zahirovun medallar uğrunda mübarizədə özünü necə göstərəcəyini, Olimpiadanın ikinci günü ölkəmizə bürünc medal qazandırmış komanda yoldaşı Valentin Xristovun (56 kq-dək) uğurunu təkrar edə bilib-bilməyəcəyini isə gecəyarısı biləcəkdik.
Londonda Olimpiya oyunları tədricən finişə yaxınlaşır. Bu gün növbəti, doqquzuncu yarış günüdür və güləşçilər də start ərəfəsindədirlər. Yunan-Roma üsulu ilə güləşənlərdən Pekin Olimpiadasının gümüş mükafatçısı Rövşən Bayramovla (55 kq-dək) Emin Əhmədovun (74 kq-dək) çıxışları təqvimdə bu günə nəzərdə tutulmuşdur. Qadın boksçumuz, sonuncu dünya çempionatının gümüş medalının sahibi Yelena Bıstropova da rinqə bu gün dəvət olunacaq. Yelena 75 kq-dək çəki dərəcəsində səkkizdəbir final görüşündə döyüşəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında