Təhsil Nazirliyinin struktur bölməsi olan Respublika Bədən Tərbiyəsi Mərkəzi (RBTM) bədən tərbiyəsi və idmanın kütləviləşməsi, əhali arasında geniş yayılması istiqamətində böyük işlər görür, bu sahənin tələbə və şagirdlər arasında geniş təbliğ olunması, yeniyetmə və gənclərin fiziki cəhətdən sağlam böyüməsi, idman növləri ilə müntəzəm məşğul olması üçün bir sıra tədbirlər həyata keçirir.
Mərkəzin direktoru Niftalı Quliyevlə görüş zamanı, həmsöhbətim yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın Azərbaycanda yüksək səviyyədə inkişaf etdiyini, bütün sahələrdə olduğu kimi, idmanda da güclü maddi-texniki bazanın yaradıldığını diqqətə çatdırdı. N.Quliyev "Bədən tərbiyəsi və idman haqqında" qanuna uyğun olaraq, təhsil müəssisələrində bu sahənin inkişafını təmin etmək məqsədilə tədbirlər planının hazırlandığını və bunun mərkəz tərəfindən təhsil müəssisələrində mərhələlərlə həyata keçirildiyini bildirdi. İdmanın tələbə və şagirdlər arasında kütləviləşdiyini qeyd edən mərkəz direktoru gənclərimizin beynəlxalq arenalarda böyük uğurlar qazandıqlarını vurğuladı: "Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də güclü inkişaf baş verib. İdmançılarımız hər il müxtəlif mötəbər yarışlarda böyük uğurlara imza atırlar. Bu uğurların əsasını ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı təşkil edir. Paytaxt Bakıda, bölgələrimizdə tikilərək xalqın istifadəsinə verilən müasir standartlı olimpiya idman kompleksləri, stadionlar, digər idman qurğuları gələcəyin qurucusu gənc nəslin sağlamlığına xidmət edir. Təhsil müəssisələrimizdə uşaqların idmanla məşğul olmaları üçün yaradılan şərait getdikcə yüksəlir. Təhsil Nazirliyinin dəstəyi, təhsil naziri Misir Mərdanovun diqqət və qayğısı sayəsində təhsil müəssisələrimizdə bədən tərbiyəsi və idman kütləvi hal alıb. Mərkəzimiz yeniyetmə və gənclər arasında keçirilən bədən tərbiyəsi, kütləvi sağlamlıq işlərinin təşkilinə metodiki rəhbərliyi və nəzarəti həyata keçirir".
Respublika Bədən Tərbiyəsi Mərkəzi kütləvi idman tədbirlərinin təqvim planına müvafiq olaraq, tədris ili boyunca tarixi günlər və milli bayramlar münasibətilə ayrı-ayrı idman növləri üzrə yarışlar və tədbirlər keçirir. Keçirilən kütləvi tədbirlərdən biri də spartakiada yarışlarıdır. 2011-2012-ci tədris ilinin birinci yarısında 7 idman növündə keçirilmiş və dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş növbəti - VI spartakiadanın birinci mərhələsində 659 min, ikinci mərhələsində 100-mindən çox şagird mübarizə aparıb. Ötəndəfəki spartakiadaya nisbətən VI Spartakiadada daha çox komanda iştirak edib. Yarışların təkcə final mərhələsinin açılış mərasimində respublikanın 35 rayon və şəhərindən 85 komanda mübarizə aparıb. Yekun nəticələrə əsasən, şəhərlər arasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin komandası spartakiadanın qalibi olub. Sumqayıt Şəhəri üzrə Təhsil İdarəsinin və Mingəçevir Şəhər Təhsil Şöbəsinin komandaları isə, müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar. Rayon komandaları arasında Cəlilabad və Sabirabad rayon təhsil şöbələrinin komandaları birinci və ikinci yerlərə layiq görülüblər. 7, 12 və 9 saylı peşə liseylərinin komandaları isə peşə məktəbləri arasında təşkil edilən yarışlarda fərqləniblər.
Niftalı Quliyev spartakiadanın yüksək səviyyədə təşkilində Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyini xüsusi qeyd etdi. O, Gənclər və İdman Nazirliyinin köməyi ilə yarışların ən yüksək standartlara cavab verən idman zallarında, stadionlarında təşkil edildiyini, Təhsil Nazirliyinin diqqət və qayğısı sayəsində hakimlərin və komandaların yerləşdirilməsi, onların spartakiadada iştirakı, yarışlar üçün idman ləvazimatlarının alınması və s. məsələlərin yüksək səviyyədə təmin edildiyini vurğuladı. Qeyd etdi ki, ilin sonunda spartakiadanın yekunlarına həsr olunmuş mükafatlandırılma mərasimi təşkil edilir, yarışlarda fərqlənənlər mükafatlandırılırlar.
Tədris ilinin ikinci yarısında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən voleybol turnirində 153 saylı orta məktəbin, orta ixtisas təhsil müəssisələrinin şagirdləri arasında bu idman növü üzrə keçirilən yarışlarda isə Bakı Texniki Kollecin komandası birinci yeri tutub. İlk peşə ixtisas təhsil müəssisələri arasında voleybol, basketbol, atletika üzrə keçirilən birincilik böyük marağa səbəb olub. Basketbol, voleybol və atletika yarışlarında, müvafiq olaraq, 14, 7 saylı Bakı peşə liseylərinin və Şəki rayon peşə məktəbinin idmançıları birinci pillədə qərarlaşıblar. Ali məktəblər arasında isə tələbə idmançılar basketbol, voleybol, atletika və futbol növləri üzrə qüvvələrini sınayıblar. Oğlanlar arasında təşkil edilən yarışlarda Bakı Dövlət Universiteti, Texniki Universitet və Slavyan Universitetinin komandaları fərqləniblər. Qızların mübarizəsində Tibb Universiteti, Bədən Tərbiyəsi və İdman Akademiyası, Dillər Universitetinin idmançıları üstün olublar. Mərkəzin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kütləvi idman tədbirləri və yarışlarında ayrı-ayrı idman növlərində minlərlə şagird iştirak edir. Ötən tədris ilində voleybol, basketbol, atletika və futbol yarışlarında 3000-dən çox tələbə bacarığını göstərib. Voleybol yarışlarında Texniki Universitet, basketbolda Bakı Dövlət Universiteti, atletika və futbol üzrə isə Bədən Tərbiyəsi və İdman Akademiyasının təmsilçiləri daha yüksək nəticə göstəriblər.
Niftalı Quliyevin sözlərinə görə, təhsil müəssisələrində keçirilən yarışlarda iştirakçıların sayı ildən-ilə artır. Yeni tədris ilində, tədbirlər planına müvafiq olaraq, təhsil müəssisələrində bir sıra kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
{nl}
Leyla QURBANOVA, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.