Şriftin ölçüsü:
03.08.2012 11:29 | Oxunma sayı: 711
Londonda XXX Yay Olimpiya Oyunlarının avqustun 1-nə təsadüf edən beşinci günündə təmsilçilərimiz cüdoçu Elxan Məmmədov (90 kq-dək), güllə atıcısı İradə Aşumova, qılıncoynatmanın sablya növündə Səbinə Mikina və velosipedçi Yelena Çalıx çıxışlarını fəxri kürsüdən uzaqlarda başa vursalar da, həmin gün sevinmək üçün də səbəb var idi.
Akademik qayıqlarda 2000 metr məsafəyə avarçəkmə yarışlarında Aleksandr Aleksandrov final mərhələsinə vəsiqə qazanmışdı, boksçular Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı), Məhəmməd Abdulhəmidov (56 kq-dək) və Teymur Məmmədov (91 kq) səkkizdəbir final döyüşlərindən qalib ayrılıb dörddəbir finala çıxmışdılar.
Təəssüf ki, sonradan xoşagəlməz bir xəbər eşitdik: Abdulhəmidovun yapon Satoşi Şmidzu ilə görüşünün nəticəsi ləğv edilmiş və qələbə rəqibə verilmişdir. Bununla əlaqədar azerisport.com-un yaydığı xəbərdə qeyd olunur ki, görüşdən sonra Yaponiya tərəfi yarışın keçirilməsinə məsul olan Beynəlxalq Həvəskar Boks Federasiyasına (AİBA) öz etirazını bildirmiş və federasiya da etirazı qəbul edib belə bir bəyanat yaymışdır: "Olimpiya turnirinin 106 nömrəli döyüşünə bir daha baxdıqdan sonra biz bu qənaətə gəldik ki, hakim rinqdə altı dəfə yıxılan Abdulhəmidova ən azı üç dəfə hesabı açmalı idi. Referi görüşü dayandırmalı, qələbə isə yapon boksçuya verilməli idi. Bununla əlaqədar biz görüşün nəticəsini ləğv edir və qələbəni yapon boksçuya veririk".
Konqolu Məci Mvanbanı vaxtından əvvəl tam üstünlüklə məğlubiyyətə uğradan Məcidov, avstraliyalı rəqibi ilə çox gərgin döyüşdə çətin qələbə qazanan Məmmədov isə indi dörddəbir final döyüşlərinə hazırlaşırlar. Bu mərhələdə Məhəmmədrəsulu rusiyalı Məhəmməd Omarovla görüş gözləyir. Teymurun isə rəqibi Belarus boksçusu olacaq.
Dünən daha bir boksçumuz dörddəbir finala çıxa bilərdi. Bunun üçün Soltan Migitinov (75 kq-dək) səkkizdəbir finalda braziliyalı Falkao Florentinodan üstün döyüş nümayiş etdirib onu mübarizəni dayandırmağa məcbur etməli idi. Lakin əksinə oldu, Soltan rəqibinə ciddi müqavimət göstərə bilməyib Olimpiya rinqi ilə vidalaşdı.
Olimpiadanın cüdo yarışlarında Elmar Qasımov (100 kq-dək) sonuncu ümidimiz idi. O, turnirə yaxşı başlayıb qazaxıstanlı dünya çempionu Maksim Rakova qalib gəlməyi bacardı. İndi Elmar bu müvəffəqiyyəti səkkizdəbir finalda gürcüstanlı Levon Jorjoliani ilə görüşdə bir qədər də inkişaf etdirməyə çalışmalı idi. Qasımov ikinci rəqibini də məğlubiyyətə uğradıb dörddəbir finala çıxdı. Cüdoçumuz bu mərhələdə Koreya idmançısına uduzsa da, təsəlliverici görüşlərdə bürünc medal uğrunda mübarizəni davam etdirmək hüququnu özündə saxlayırdı. Təəssüf ki, bu imkandan istifadə edilmədi. Özbəkistan idmançısına məğlub olan cüdocumuz yeddinci yerlə kifayətləndi.
Oyunların dünənki proqramında daha iki idmançımız starta çıxmışdır. Natalya Mustafayeva qadın avarçəkənlərin akademik qayıqlarda 2000 metr məsafəyə yarımfinal yarışlarında mübarizə aparmışdır. Yevgeni Lazuka isə batterflyay üsulu ilə 100 metr məsafəyə üzgüçülük yarışlarında növbəti mərhələyə çıxmaq üçün 43 iştirakçı arasında 16 ən yaxşı nəticədən birini göstərməli idi. Mustafayeva finala, Lazuka isə yarımfinala çıxa bilmədilər.
Olimpiadanın beşinci günü daha 20 dəst mükafatın sahibləri müəyyənləşmişdi. Əvvəlkitək medal qazanmış ölkələrin siyahısına Çin idmançıları başçılıq edirdilər. Onların 30 mükafatı - 17 qızıl, 9 gümüş və 4 bürünc medalı var idi. İkinci yeri 29 medalla (12+8+9) ABŞ yığması tuturdu, üçüncü pillədə isə 12 mükafata (6+2+4) sahib olan Cənubi Koreya komandası irəliləyirdi.
Hesabında bir bürünc medal olan Azərbaycan onunla eyni göstəriciyə malik Belarus, Belçika, Yunanıstan, Hindistan, Qətər, Moldova, Monqolustan, Serbiya, Sinqapur və Özbəkistanla 39-49-cu yerləri bölüşdürürdü.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.