Olimpiada gündən-günə sürətini artırır

Kimiyə sevinc, kimiyə də məyusluq gətirən XXX Yay Olimpiya Oyunları getdikcə sürətini artırır və hər ötən gün onun medalları uğrunda mübarizəyə daha çox idmançı qoşulur. Olimpiadanın ilk üç günündə 36 ölkə təmsilçiləri fəxri kürsüyə yüksəlib medal sevinci keçirə bilmişdilər. Onların siyahısına 17 mükafatla (9 qızıl, 4 gümüş və 4 bürünc medal) ÇXR komandası başçılıq edirdi. İkinci yeri tutan ABŞ yığmasının da hesabında 17 mükafat var idi. Lakin amerikalılar qızıl medalların sayına görə çinlilərdən geri qalırdılar (5+7+5). Üçüncü pillədə Fransa qərar tutmuşdu (3+2+3). Azərbaycan ağırlıqqaldıran Valentin Xristovun qazandığı bürünc medal sayəsində daha on ölkə ilə 26-36-cı yerləri bölüşdürürdü. 
Olimpiadanın üçüncü günü daha bir ağır atletimiz medal qazanmağa yaxın idi. Qadınların yarışında Azərbaycan idmançısı Boyanka Kostova (58 kq-dək) birdən ağırlıqqaldırmada çıxışlarını üçüncü mövqedə başa vursa da, təkanla ağırlıqqaldırma yarışlarına yekun vurulduqda məlum oldu ki, Azərbaycan idmançısı iki hərəkətin cəmində 233 kq (105+128) nəticə ilə yalnız beşinci olmuşdur. Bu çəkidə medalları isə Çin, Tailand və Ukrayna idmançıları qazandılar.
Cüdoçularımız Rüstəm Orucovla (73 kq-dək) Kifayət Qasımovanın (57 kq-dək) elə ilkin mərhələlərdə uduzub çıxışlarını başa vurduqları haqqında məlumat vermişdik. Əlavə edək ki, həmin çəkilərdə Olimpiadanın çempionu adını təmsilçilərimizi mübarizəni dayandırmağa məcbur edən cüdoçular rusiyalı Mənsur İsayev və yapon Kaori Matsumoto qazanmışlar.
Boksçularımız Elvin Məmişzadə (52 kq-dək) ilə Vətən Hüseynlinin (81 kq-dək) elə ilk görüşlərdən sonra Olimpiadadan kənarda qalacaqlarını gözləmirdik. Təəssüf ki, ümidlərimiz doğrulmadı. Məmişzadə monqolustanlı Nyambayara layiqli müqavimət göstərə bilmədi (11:18), Hüseynli isə ekvadorlu rəqibi Karlos Merkado ilə görüşün yalnız üçüncü raundunda ondan üstün ustalıq nümayiş etdirdi. Lakin bu, boksçumuza kömək etmədi və o, döyüşü hesabda kiçik fərqlə (8:9) uduzdu.
Nəticədə boksçularımız arasında birinci olaraq rinqə çıxan üç nəfərdən təkcə Soltan Migitinov (75 kq-dək) ilkin mərhələ səddini dəf edə bilmişdir. İyulun 28-də misirli Məhəmməd Hikal üzərində layiqli qələbə qazanan Soltan indi avqustun 2-də braziliyalı Falkao Florentinoya qarşı keçirəcəyi səkkizdəbir final görüşünə hazırlaşır.
Dünən Azərbaycanın daha bir boksçusu Heybətulla Hacıəliyev (64 kq-dək) rinqə çıxmışdır. Onun ilk rəqibi Tunis idmançısı idi. Bu turnirdə görüşlərə bizim vaxtla gecəyarısı start veriləcəkdi.
Ağırlıqqaldıranlarımız Sərdar Həsənovla Əfqan Bayramovun da hansı yerləri tutduqları gecə məlum olacaqdı. Onların hər ikisi 69 kq-dək çəki dərəcəsində yarışır. Sərdarın çıxış etdiyi "B" qrupunda görüşlərin başlanma vaxtı saat 14-ə təyin edilmişdisə, Əfqanın daxil olduğu "A" qrupunda rəqiblər saat 23-də mübarizəyə başlayacaqdılar.
İlkin mərhələdə uğurlu nəticə göstərib 2000 metr məsafəyə yarışda dörddəbir finala çıxan akademik qayıqlarda avarçəkənlər Aleksandr Aleksandrovla Natalya Mustafayeva yarımfinalda mübarizəni davam etdirmək hüququ qazanmaq üçün dünən dörddəbir finalda öz qruplarında ilk üç yerdən birini tutmalı idilər. Onlar bu vəzifənin öhdəsindən gəldilər və bu gün yarımfinalda çıxış edəcəklər.
Böyük ümidlərlə gözlədiyimiz cüdo yarışlarında isə tatami üzərinə çıxmaq növbəsi Pekin Olimpiadasının çempionu Elnur Məmmədli (81 kq-dək) və Ramilə Yusubovanın (63 kq-dək) idi. Ancaq onlar da komanda yoldaşları kimi uğursuz çıxış etdilər. Məmmədli rəqiblərdən heç birinin xal qazana bilmədiyi elə ilk görüşdə hakimlərin rəyinə görə Kanada idmançısına uduzdu, Yusubova isə Türkmənistan təmsilçisi üzərində qələbədən sonra səkkizdəbir finalda koreyalıya məğlub oldu.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında