Şriftin ölçüsü:
31.07.2012 10:39 | Oxunma sayı: 658
İngiltərə paytaxtında keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının ilk medalını çox gözləmək lazım gəlmədi. Olimpiadanın artıq ikinci günü təmsilçimiz Valentin Xristov fəxri kürsüdə təbrikləri qəbul etdi və ağırlıqqaldıranların yarışdıqları idman sarayınıda onun müvəffəqiyyəti şərəfinə milli bayrağımız tamaşaçıların alqışları altında yüksəyə ucaldıldı.
Əvvəlki olimpiadalarda Azərbaycanın ağır atletitka ustalarınıdan heç kim mükafatçılar sırasına daxil ola bilməmişdi. İndi isə xalqımız ilk medalın sevincini məhz bu növdə yaşadı. Xristov kəskin rəqabət şəraitində davam edən yarışın yekununda 56 kq çəki dərəcəsində çıxışlarını bürünc mükafatla başa vurdu. Birdən ağırlıqqaldırmada 127 kq nəticə göstərən Valentin təkanla 159 kq ağırlıq qaldırdı və iki hərəkətin cəmində 286 kq nəticə ilə üçüncü oldu.
Bu çəkidə çempion adını KXDR idmançısı Yun Çol Om qazandı, ikinci yeri isə çinli Vu Çinqbao tutdu.
Olimpiadanın ikinci günü daha dörd idmançımız starta çıxdı. Cüdoçu Tərlan Kərimov (66 kq) yarışa inamla başlayıb onaltıdabir finalda dünya reytinqinin lideri rusiyalı Musa Moquşkova, səkkizdəbir finalda isə misirli Əhməd Avada qalib gəlsə də, dörddəbir finalda ispan Suqon Uriarte səddini keçə bilmədi, təsəlliverici görüşdə isə Pavel Zaqrodnikə (Polşa) məğlub olub yeddinci yerlə kifayətləndi.
Afina Olimpiadasının güllə atıcılığı yarışlarının bürünc mükafatçısı İradə Aşumova pnevmatik tapançadan 10 metr məsafədəki hədəfə atəş açmaqda 39-cu yeri tutub finala çıxa bilmədi, üzgüçü Oksana Hətəmxanova və velosipedçi Yelena Çalıx da uğursuzluğa məruz qaldılar.
Yarışların ilk iki günündən sonra medal qazanmış ölkələrin siyahısında 30 dövlətin, o cümlədən Azərbaycanın adı var idi. Siyahıya 6 qızıl, 4 gümüş və 2 bürünc medalla ÇXR yığması başçılıq edirdi. Sonrakı üç yeri ABŞ (3+5+3) və İtaliya (2+3+2) komandaları tuturdular.
Dünən daha beş idmançımız yarış meydanına dəvət olundu. Əgər boksçular Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) mübarizəyə onaltıdabir finaldan başlayıb müvafiq surətdə monqolustanlı Tuqstsoqt Nyambaraya və ekvadorlu Karlos Merkadoya qarşı ilk görüşlərini keçirəcəkdilərsə, cüdoçular Rüstəm Orucov (73 kq) və Kifayət Qasımovanın (57 kq) çıxış etdikləri turnirdə Olimpiya çempionu, habelə gümüş və bürünc medalların sahibləri müəyyənəşəcəkdi. Orucovun ilk rəqibi CAR idmançısı Gideon van Zil idi, mübarizəyə səkkizdəbir finaldan qoşulan Qasımova isə onaltıdabir finalda keçirilən Kaori Matsumoto (Yaponiya) - Vesna Çukiç (Sloveniya) görüşünün qalibini gözləyirdi. Qadın ağırlıqqaldıranların turnirində də medalların taleyi bir gündə həll olunacaqdı. Bu yarışda ölkəmizi 58 kq çəki dərəcəsində çıxış edən Boyanka Kostova təmsil edirdi.
Cüdoçuların çıxışları bizə yenə sevinc gətirmədi. Orucov ilk rəqibinə ippon fəndi ilə qalib gəlsə də, növbəti görüşdə rusiyalı Mənsur İsayevə uduzub olimpiadada çıxışlarını başa vurdu, Qasımova isə elə ilk görüşdə məğlub oldu.
Bu gün daha bir neçə idmançımız, o cümlədən Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) ustalıqlarını nümayiş etdirəcəklər. Onların çıxışları ölkəmizin olimpiya hərəkatı, bütün idmanımız üçün çox əlamətdar bir vaxta təsadüf edir. Məhz bu gün - iyulun 31-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümü tamam olur. MOK prezidentinin gündəlik qayğı və diqqəti, hərtərəfli köməyi sayəsində ötən on beş il ərzində Azərbaycanda idman sürətlə inkişaf edərək bir-birindən layiqli qələbələr qazanmış və ölkəmiz dünyanın ən qüdrətli idman dövlətlərindən birinə çevrilmişdir. İdmanımızın ən yaxşı nümayəndələri, o cümlədən Elnur və Ramilə belə bir tarixi gündə tatami üzərində inamla çıxış etmək, ölkəmizi sevindirmək əzmindədirlər.
Əlavə edək ki, Olimpiya oyunlarının ikiqat çempionu olmağı arzulayan Elnur Məmmədli fəxri kürsüyə aparan yolda çıxışlarına kanadalı Antuan Val-Fortyeyə qarşı görüşlə başlayacaq, Yusubova isə startda türkmənistanlı Gülnar Xaytbayevanı sınağa çəkəcək. Onlara uğurlar arzulayaq.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.