Olimpiada - sınaq və şöhrət meydanı

Londonda XXX Yay Olimpiya Oyunlarının açılış mərasimi qarşısında

{nl}


Pekin Olimpiadasının finişə çatdığı 2008-ci il ilin 24 avqustundan dünya idman ictimaiyyətinin xoş bir həyəcanla gözlədiyi və nəhayət, start ərəfəsində olan London Olimpiya Oyunları həm də tarixə yubiley Olimpiadası kimi düşəcək. Artıq otuzuncu dəfədir ki, planetin bütün guşələrindən ən yaxşı idmançılar özlərinin ən ali məclisinə toplaşırlar. İngiltərə paytaxtından yüksək nəticələrlə, müstəqil komanda şəklində təmsil olunduqları əvvəlki Olimpiya oyunları ilə müqayisədə bu dəfə daha çox medalla qayıtmaq əzmində olan Azərbaycan idmanı nümayəndələri üçün 2012-ci il bir çox Olimpiya yubileyləri ilə ikiqat əlamətdardır.
İdman adamlarımıza yaxşı məlum olduğu kimi, respublikamızın atletləri Olimpiya startlarında ilk dəfə 60 il əvvəl görünmüşlər, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Olimpiadada SSRİ yığma komandası heyətində Azərbaycanın da bir neçə idmançısı mübarizə aparmışdır. Həmvətənlərimiz ilk Olimpiya medalının sevincini də məhz Finlandiya paytaxtında yaşamışlar. Bu gün biz Olimpiya yubileylərimizi xatırlayarkən 60 il əvvəl sərbəst güləş ustası Rəşid Məmmədbəyovun Helsinkidən gətirdiyi gümüş mükafata görə böyük qürur hissi keçiririk.
London Olimpiadasının müstəqil Azərbaycan Respublikasının idmançıları üçün sayca beşinci Yay Olimpiya Oyunları olmasının özü də müəyyən dərəcədə yubiley xarakteri daşıyır. Buna qədər güləşçilər, boksçular, atıcılar, cüdoçular, taekvondo və ağırlıqqaldırma ustaları, eləcə də bəzi başqa növlərin nümayəndələri Atlanta (ABŞ), Sidney (Avstraliya), Afina (Yunanıstan) və Pekində (Çin Xalq Respublikası) ölkəmizi təmsil etmişlər. Özü də böyük müvəffəqiyyətlə!
Yadınızdadırsa, olimpiyaçılarımız okeanın o tayından bir gümüş medalla qayıtmışdılar və o zaman bu uğura hamıdan çox sevinən ulu öndər Heydər Əliyev Namiq Abdullayevin sərbəst güləşdə qazandığı həmin mükafatı qızıl medala bərabər tutmuşdu. Sidney-2000-də tarixi nailiyyətə imza atdıq və Azərbaycan komanda hesabında 199 ölkə arasında çoxlarının həsəd apara biləcəyi 34-cü yeri tutdu! Bu böyük müvəffəqiyyəti, ağlagəlməz sıçrayışı Namiq Abdullayevlə stend atıcısı Zemfira Meftahəddinovanın qızıl medalları və boksçu Vüqar Ələkbərovun bürünc mükafatı təmin etdi.
Bundan dörd il sonra müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada keçirilən XXVIII Olimpiya Oyunlarında beş idmançımız fəxri kürsüdə təbrikləri qəbul etdi. Yunan-Roma güləşində Fərid Mansurov xalqımızı qızıl medalla sevindirdi, Meftahəddinova, güllə atıcısı İradə Aşumova, boksçular Ağası Məmmədov və Fuad Aslanov adlarını Olimpiadanın bürünc mükafatçılarının siyahısına yazdırdılar.
Pekin Olimpiadası-2008 isə Azərbaycana daha böyük sevinc gətirdi, birdən-birə yeddi idmançımız Olimpiya oyunlarının qəhrəmanına çevrildi. ÇXR paytaxtında medallarımızın hesabını cüdoçu Elnur Məmmədli açdı. Tatami ustamız, necə deyərlər, bir göz qırpımında beş rəqibini ippon fəndi ilə çıxılmaz vəziyyətə saldı və qaliblərin mükafatlandırılması mərasimində idman sarayında onun böyük hünəri şərəfinə sevimli vətəni Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra isə fəxri kürsüyə yüksəlmək növbəsi yunan-Roma güləşçiləri, gümüş mükafatçılar Rövşən Bayramov və Vitali Rəhimova, bürünc medalların sahibləri sərbəst üsulla güləşən Xetaq Qazyumov və qadın güləşçi Mariya Stadnikə, boksçu Şahin İmranov və cüdoçu Movlud Mirəliyevə çatdı. Nəticədə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan Azərbaycan olimpiyaçılar komandası ümumi hesabda 204 ölkə arasında 39-cu oldu.
İndi isə biz müstəqil komanda kimi beşinci Olimpiadamızın startına çıxırıq. Fərəhli haldır ki, London sınaqları hələ başlanmasa da, Azərbaycan idmançıları artıq bir uğur qazanmışlar. Təmsilçilərimiz İngiltərəyə aparan çətin yolda idmanın 16 növündə 53 lisenziyaya sahib olmuşlar ki, bu da Pekinə qazanılan vəsiqələrdən 9 lisenziya çoxdur. Ən başlıcası isə idmançılarımızın imkanlarını götür-qoy edənlər onların bir çoxunun medal qazanmaq iqtidarında olduğunu bildirirlər. Həqiqətən də, idman ictimaiyyətimiz, bütün Azərbaycan xalqı sıralarında Olimpiya oyunları, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları olan güləş, cüdo, boks, bədii gimnastika, avarçəkmə, ağırlıqqaldırma, taekvondo və digər növlər üzrə ustalarımızdan yüksək nəticələr, qələbə və medallar gözləməkdə haqlıdır.
Ölkəmizdə Olimpiya hərəkatının yubileyləri haqqında danışarkən iki mühüm məqamı xüsusi qeyd edə bilərik. Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının bu il 20-ci ildönümü tamam olmuşdur. Respublikamızda MOK 1992-ci ilin martında yaradılmış və ötən iyirmi il ərzində zəngin bir yol keçərək ümumdünya olimpiyaçılar ailəsinin ən hörmətli üzvlərindən biri kimi böyük şöhrət qazanmışdır. Azərbaycan Milli Olimpiya Komitəsinin iyirmi illik fəaliyyətinin son 15 ili isə dövlət başçımız İlham Əliyevin adı ilə sıx bağlıdır. Ölkəmizdə Olimpiya hərəkatı məhz cənab Prezidentin MOK-a rəhbərliyi, idmana və idmançılarımıza gündəlik qayğı və diqqəti, hərtərəfli köməyi sayəsində sürətli inkişafa, əsl tərəqqiyə nail olmuşdur. İlham Əliyev 1997-ci il iyulun 31-də MOK-un iclasında yekdilliklə onun prezidenti seçildikdən sonra respublikamızın hər yerində idmanın inkişafı geniş vüsət almış, maddi-texniki bazası durmadan möhkəmləndirilmiş, paytaxt Bakı ilə yanaşı, bölgələrdə də gənclərin ixtiyarına bir-birindən yaraşıqlı Olimpiya idman kompleksləri verilmiş, idmançılara öz ustalıqlarını daha da artırmaq üçün hər cür şərait yaradılmışdır.
Görülən işlərin, MOK prezidentinin rəhbərliyi ilə bütün idman təşkilatlarımızın-Gənclər və İdman Nazirliyinin, ayrı-ayrı federasiyaların, cəmiyyətlərin və klubların birgə səylə, vahid komanda şəklində həyata keçirdikləri məqsədyönlü tədbirlər nəticəsində bu gün Azərbaycan nümunəvi idman dövlətlərindən birinə çevrilmişdir və bunu bütün dünya etiraf edir.
Cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümünün Olimpiya oyunları ilinə təsadüf etməsi də xüsusi məna daşıyır. İngiltərə paytaxtında Oyunların artıq birinci həftəsində biz bu tarixi hadisəni qeyd edəcək və on beş il ərzində Azərbaycan Olimpiya hərəkatında, bütün idmanımızda keçilən böyük yolu Milli Olimpiya Komitəsinin prezidentinə minnətdarlıq hissi ilə xatırlayacağıq.
Azərbaycan rəhbərinin sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması da dövlət başçımızın insan həyatının ayrılmaz tərkib hissəsi olan və adamlara sağlamlıq, gümrahlıq bəxş edən, onlarda vətənpərvərlik hisslərini gücləndirən, qələbə əzmi, möhkəm iradə, xeyirxahlıq, Vətən sevgisi kimi nəcib keyfiyyətlər aşılayan bədən tərbiyəsi və idmana necə mühüm əhəmiyyət verdiyini bir daha təsdiq edir.
İdmançılarımız da onlara göstərilən qayğı və diqqətə, yaradılan şəraitə cavab olaraq həyatın bütün sahələrində əldə olunan böyük uğurlar sayəsində gündən-günə çiçəklənən və inkişaf edən respublikamızın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi üçün müstəqil ölkəmizin Olimpiya oyunlarında iştirakı tarixində ən çox qələbə və medallarını Londonda qazanmaq əzmindədirlər. Təmsilçilərimiz bu məqsədə çatmaq üçün Olimpiadaya lisenziya xarakterli dünya və Avropa çemionatlarında, təsnifat yarışlarında, beynəlxalq turnirlərdə böyük əzmkarlıq göstərmişlər.
Bu qızmar yay günlərində isə həlledici an gəlib çatmışdır. Ən ağır sınaqlar başlanır. Olimpiya meydanlarında hər bir qələbə, hər xal və hər medal uğrunda rəqabət nə qədər güclü olsa da, Azərbaycan öz idmançılarına inanır və güvənir. Başqa cür ola da bilməz. Cüdoçular Elnur Məmmədli və Elxan Məmmədov, güləşçilər Rövşən Bayramov və Xetaq Qazyumov, xüsusi vurğulayaq ki, özünün dördüncü Olimpiadasında starta çıxacaq güllə atıcısı İradə Aşumova, bədii gimnast Aliyə Qarayeva, qadın güləşçi Mariya Stadnik, boksçular Məmmədrəsul Məcidov, Teymur Məmmədov, ağırlıqqaldıranlar Əfqan Bayramov və Valentin Xristov, taekvondo ustaları Ramin Əzizov və Fəridə Əzizova, atçapan Camal Rəhimov, avarçəkən Valentin Demyanenko kimi mahir ustalardan ibarət olimpiyaçılar komandası çox şeyə qadirdir. Ağır Olimpiya sınaqlarından şərəflə çıxanlar isə həm özləri dünyanın ən hörməli insanlarına çevrilir, həm də vətənlərinə böyük şöhrət qazandırırlar.
Bu sətirləri qələmə aldığım anlarda indi artıq çox uzaq 1966-cı il yadıma düşür. Həmin il adları Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazılmış dünya şöhrətli iki görkəmli futbol adamı İngiltərədə keçirilən dünya çempionatından respublikamıza əsl qəhrəman kimi qayıtdı. Unudulmaz Tofiq Bəhramov İngiltərə-AFR final görüşündə mürəkkəb oyun vəziyyətində ani halda qəbul etdiyi dəqiq qərarla dünya futbol tarixinə düşdü, təkrarolunmaz hücumçu Anatoli Banişevski isə SSRİ yığma komandasının dünya çempionatının bürünc medallarını qazanmasında parlaq ustalığı ilə mühüm rol oynadı. Bu da tarixdə əbədi qalacaq bir faktdır ki, nə Banişevskidən əvvəl, nə də sonra sovet komandası heç vaxt dünya çempionatında medal qazanmamışdır. Banişevski isə həm də xatirələrdə ömrü boyu sadiq qaldığı Bakıda, bütün Azərbaycanda FİFA-nın Dünya Kuboku yarışlarının ilk və yeganə mükafatçısı kimi yaşayır.
Dünyaca məşhur hakimimizin və əfsanəvi hücumçumuzun davamçıları-Azərbaycan idmanının indiki nəslinin nümayəndələri yenə İngiltərə torpağının qonağıdırlar. Həmvətənlərimiz müasir dövrün ən böyük yarışları kimi planetin hansı guşəsində yaşamalarından asılı olmayaraq bütün insanların qəlbini riqqətə gətirən növbəti Olimpiya oyunlarının startı ərəfəsindədirlər. Londonda onların hər bir medalı milli sərvətimizə çevriləcək və hamımıza hədsiz sevinc gətirəcək, hətta belə də deyə bilərik ki, ömrümüzü uzadacaq.
Azərbaycan olimpiyaçılarını qələbələrə Vətən sevgisi ruhlandıracaq. Həyata göz açdıqları elə ilk günlərdən torpağa, Vətənə məhəbbət ruhunda tərbiyə alan idmançılarımız Londona gözəl əhval-ruhiyyə ilə yola düşmüşlər. İyulun 3-də XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini Heydər Əliyev Mərkəzində yolasalma mərasimində dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin öz nitqində dediyi bu sözlər onlara yeni qüvvə vermişdir: "... Azərbaycan dövlətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar."
Aylarla, illərlə davam edən gərgin məşqlərdə qüvvə və bacarıqlarına heyfslənməyib, minlərlə kilometr məsafə qət edən, tonlarla tər tökən idmançılarımızın zəhməti bəhrəsiz qalmır. Onlar çətin yarışlarda özləri kimi iddialı rəqiblərlə ağır mübarizədə fəxri kürsüyə yüksəlməklə təmsil etdikləri ölkənin şərəfini layiqincə qoruyurlar. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyinin cəmi iyirmi ili ərzində idmanımızın keçdiyi şərəfli yol dünyanın hər yerində geniş əks-səda doğurur və uğurlarımız böyük rəğbətlə qarşılanır. London Olimpiadasından sonra isə bu rəğbət hissi ikiqat arta bilər.

{nl}

Oqtay BAYRAMOV, " Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında