Şriftin ölçüsü:
13.06.2010 05:51 | Oxunma sayı: 604
Çempionatın 1-ci günü "A qrupu" üzrə daha bir oyun keçirilib. Fransa və Uruqvay millilərinin oyununda hesab açılmayıb. 0-0. Uruqvay yığmasının yarımmüdafiəçisi Nikolas Ladeyronun 2-ci sarı vərəqə alaraq meydandan qovulması və rəqibin azlıqda qalması da Fransa millisinə kömək etməyib.
İyunun 12-də isə 3 komanda qarşılaşıb: "B qrupu"ndan Cənubi Koreya - Yunanıstan (2-0), Argentina - Nigeriya(1-0), "C qrupu"ndan isə İngiltərə və ABŞ komandaları görüşüblər.
Bəs Dünya çempionatının qaliblərini nə gözləyir? Əlbəttə ki, ilk növbədə Dünya Kuboku və çempionluq adı. Lakin bu kubok keçicidir və onu əldə saxlamaq çox çətindir. Bundan əlavə çempionları, nəinki çempionun əlavə olaraq bütün iştirakçı komandaları 420 milyon avroluq bir mükafat fondu da gözləyir. Qızıl medalçılar 31 milyon avro, 2-ci yerin sahibi 24 milyon avro, yarımfinalçıların hər biri 20 milyon, 4/1 finalçıların hər biri 18 milyon avro, 8/1 finalçıların hər biri 9 milyon avro qazanacaqlar. Bununla yanaşı turnirin qalan komandaları da sadəcə olaraq iştiraklarına görə hərəyə 9 milyon avro alacaqlar. Onu da qeyd edək ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatınada mükafat fondu 300 milyon avro, 2002-ci il dünya çempionatının mükafat fondu isə 199 milyon avro olmuşdu.
Qalib olacaqları təqdirdə öz ölkələrində alacaqları mükafatın məbləğinə görə ispanlar 1-ci yerdədirlər - hərəyə 600 min avro. Argentinalılar bu siyahıda 2-ci yerdədirlər - hərəyə 510 min avro. Braziliyalılar isə vur-tut 180 min avro qazana bilərlər. Oyunçularının transfer qiymətlərinə görə də ispanlar 1-ci yerdə gedir. Ümumilikdə 650 milyon avro. Yəni İspaniya yığmasının hər bir oyunçusunun qiyməti 30 milyon avrodur. Bu siyahıda 2-ci yerdə isə İngiltərə millisi gəlir. Cəmi 415 milyon avro.
Oyunlara satılan biletlərin qiyməti də müxtəlifdir. Belə ki, açılış mərasiminə ən yaxşı yerə bir biletin qiyməti 450 dollar, qrup mərhələsindəki oyunlara 160 dollar, 8/1 finala 200 dollar, 4/1 finala 300 dollar, yarımfinala 600 dollar, 3-cü yer uğrunda oyuna isə 300 dollardır. Ən bahalı bilet isə finala satılıb - 900 dollar.
Bəs çempionata ev sahibliyi edən CAR bu bayramın təşkilinə nə qədər xərcləyib və nə qədər qazanc götürmək fikrindədir? Məlumatlara görə çempionatın büdcəsi 10 milyard dollar təşkil edib. Bu pullar stadionların tikintisi, nəqliyyat infrastrukturunun optimal vəziyyətə gətirilməsinə xərclənib. 2 milyard dollar təkcə yeni aeroport və vağzalların tikintisinə ayrılıb. Oyunların keçiriləcəyi 8 stadiondan beşi xüsusi olaraq çempionat üçün tikilib. Əsas stadion Sokker Siti isə əsaslı surətdə yenidən qurulub. Lakin təşkilatçılar optimisdirlər. Onlar dünya çempionatından 3 milyard dollaradək xeyir götürmək fikrindədirlər. Müqayisə üçün xatırladaq ki, 2006-ci il birinciliyindən Almaniya 300 milyon dollar xeyir götürmüşdü.
Çempionat təzəcə başlasa da bukmekerlər artıq öz proqnozlarını açıqlayıb. Onlar 2010-cu il dünya çempionatının qalibi kimi İspaniyanı görürlər. İkinci yerdə Braziliya, üçüncü yerdə isə argentinalılar gəlir. Ən şanssızlar isə Yeni Zellandiya, KXDR və Honduras komandaları sayılır. Mütəxəssislər argentinalı Lionel Messi və ingilis Ueyn Runnini isə "Qızıl budsı" mükafatına ən şanslı futbolçulardan görürlər.
11 iyunda CAR və Meksika millisi arasında keçirilən oyun yeni bir rekorda da imza atıb. Belə ki, CAR yığmasının baş məşqçisi - braziliyalı Karlos Alberto Perreyra çempionatın tarixinə başçılıq etdiyi milliləri 6 dəfə final mərhələsinə çıxaran rekordsmen-məşqçi kimi düşüb. Onun başçılığı ilə 1982-ci ildə Küveyt, 1990-cı ildə Ərəb Əmirlikləri, 1994, 2006-cı ildə Braziliya, 1998-ci ildə Səudiyyə Ərəbistanı və ən nəhayət 2010-cu ildə CAR yığması final mərhələsinə vəsiqə qazanıb.
Dünya çempionatı bəzilərinə hətta xarici dilləri də öyrənməyi məcbur edib. Belə ki, İngiltərə-ABŞ oyununu idarə edəcək hakimlər briqadası bu oyuna xüsusi hazırlaşıblar. Hər iki komandanın meydanda ingilis dilində danışacağını, hətta söyüş söyə biləcəyini nəzərə alan Karlos Simonun rəhbərlik etdiyi braziliyalı hakimlər xüsusi olaraq ingilis dilində söyüşləri öyrəniblər. Onlardan biri deyib: "Biz ingilis dilini bilirik, amma söyüşləri yox. Lakin ingilis dilində söyüşləri öyrənmək xeyrimizədir. Çünki oyunçuların meydanda bir-biriləriylə nə danışacağı çox maraqlıdır. Bu bizə çıxardığımız ədalətli qərarda kömək edəcək".
{nl}
Mahir QABİLOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.