"Sərhəd" hərbi-idman oyunlarına yekun vurulmuşdur

İyunun 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək "Sərhəd" hərbi-idman oyununun məqsədi, əhəmiyyəti və xüsusiyyətləri barədə danışmış, final turunun iştirakçılarını təbrik etmiş, uğurlar arzulamışlar.
Qeyd olunmuşdur ki, DSX sərhədlərimizin toxunulmazlığını təmin etməklə, beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparmaqla yanaşı, gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, sağlam gənclər yetişdirilməsi və onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Həmin tədbirlər sırasında "Sərhəd " hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəklini almış bu oyunlar Dövlət Sərhəd Xidməti, Təhsil, Gənclər və İdman nazirlikləri və Lider TV-nin birgə layihəsi əsasında keçirilir və gənc nəslin Vətənin, onun sərhədlərinin toxunulmazlığına inam ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Altıncı "Sərhəd" hərbi-idman oyunları Azərbaycan Sərhəd Mühafizəsinin 91-ci ildönümü ərəfəsində keçirilmişdir.
Bu il oyunlara 28 sərhədyanı rayonun 202 məktəbi (keçən ildəkindən 48 məktəb çox), həmin məktəblərin 1010 şagirdi (keçən ildəkindən 240 şagird çox) qoşulmuşdur. Oyunlara qoşulan məktəb və şagirdlərin sayının artması göstərir ki, illər keçdikcə "Sərhəd" hərbi-idman oyunları getdikcə kütləviləşir. Ciddi hazırlıq tədbirlərindən sonra aprel ayında hərbi-idman oyununa start verilmişdir. Sərhədyanı kəndlərin orta məktəbləri arasında keçirilmiş ilkin mərhələnin qalibləri növbəti mərhələyə vəsiqə almışlar. May ayında keçirilən ikinci turda isə 27 məktəbin 130 şagirdi iştirak etmişdir. Səkkiz zonada keçirilən yarışların qalibləri final mərhələsinə vəsiqə qazanmışlar.
"Sərhəd" hərbi-idman oyununun final turu iyunun 1-dən 9-dək Lənkəran sərhəd dəstəsinin ərazisində yaradılan xüsusi bazada keçirilmişdir.
Final turunda iştirakçılar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaxalanması və onun təxliyyəsi", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi" və "Ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etdirmişlər. Oyun zamanı toplanılan ümumi balların miqdarına görə İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin "Turan" komandası birinci, Ağstafa rayonunun Böyük Kəsik kənd orta məktəbinin "Sərhədçi" komandası ikinci, Füzuli rayonunun Horadiz qəsəbəsi 1 nömrəli orta məktəbinin "Ərgünəş" komandası isə üçüncü yeri tutmuşdur.
Tədbirdə bildirilmişdir ki, oyunların keçirildiyi səkkiz gün ərzində komandaların üzvləri təkcə yarışmamışlar, onlar sərhədçilərin xidməti fəaliyyəti, yaşayışı ilə yaxından tanış olmuş, asudə vaxtlarında tarixi yerlərə ekskursiyalar etmiş, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarında iştirak etmişlər.
Yarışlarda göstərdikləri əzmkarlığa, mütəşəkkilliyə, nizam-intizama görə məktəblilər və onların müəllimləri, yarışın digər iştirakçıları qiymətli hədiyyələrlə mükafatlandırılmış, diplom və fəxri fərmanlarla təltif olunmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında