Avropa futbol bayramının həyəcanları başlayır

Avropa çempionatının çətin seçmə sınaqlarından şərəflə çıxmış 14 komanda, habelə final turnirinin təşkilatçı ölkələri kimi bu sınaqlardan azad olmuş Polşa və Ukrayna yığmaları növbəti qitə birinciliyinin startı ərəfəsindədirlər. Artıq bu axşam qeydə alınacaq ilk nəticələr kimiyə sevinc gətirəcək, kimini də məyus edəcəkdir.
Çempionatın açılışına bir neçə saat qalmış qrupların tərkibini xatırladaq: "A" qrupu. Polşa, Yunanıstan, Rusiya, Çexiya. "B" qrupu. Almaniya, Portuqaliya, Hollandiya, Danimarka. "C" qrupu. İspaniya, İtaliya, İrlandiya, Xorvatiya. "D" qrupu Ukrayna, Fransa, İngiltərə, İsveç.
Qrup yarışlarının finişində hansı səkkiz komandanın dörddəbir finala çıxıb təbrikləri qəbul edəcəyini demək, əlbəttə ki, çox çətindir. Rəqiblərin hamısı- çempionat sahibləri polyaklar və ukraynalılar, hazırkı çempion İspaniya, qızıl medallara namizədlərdən söhbət düşəndə adı birincilər sırasında çəkilən Almaniya, eləcə də ruslar, fransızlar, ingilislər, hollandlar, bir sözlə, bütün çempionat iştirakçıları yüksək iddialarla yaşamaqda haqlıdırlar. Ancaq hamı yaxşı bilir ki, onların yarısının Avropanın ən güclü səkkiz komandası sırasında mübarizəni davam etdirmək arzusu heç cür həyata keçməyəcək, məğlublar çempionatla erkən vidalaşmalı olacaqlar.
Çempionat bu gün Bakı vaxtı ilə saat 21-də Varşavada Polşa-Yunanstan görüşü ilə başlanacaq. Saat 23.45- də isə Vrotslavda Rusiya və Çexiya komandaları meydana çıxacaq. Birinci turun qalan oyunlarının təqvimi belədir: 9 iyun. Xarkov. Hollandiya- Danimarka. Lvov. Almaniya- Portuqaliya 10 iyun. Qdansk. İspaniya- İtaliya, İrlandiya - Xorvatiya. 11 iyun. Donetsk. Fransa- İngiltərə, Kiyev. Ukrayna- İsveç. Qrup mərhələsinə iyunun 19-da yekun vurulacaqdır.
Dörddəbir final görüşləri iyunun 21, 22, 23 və 24-də Varşava, Qdansk, Donetsk və Kiyevdə keçiriləcəkdir. Yraımfinallar iyunun 27-28-nə təyin edilmişdir. Finalçılardan biri Donetsk, digəri isə Varşavada müəyyənləşəcək. Nəhayət, çempionatın ən mühüm, final görüşü iyulun 1-də Kiyevdə baş tutacaq.
Azərbaycanlı futbol həvəskarları, xüsusən də milli komandamızın baş məşqçisi Berti Foqts və onun köməkçiləri Rusiya və Portuqaliya yığmalarının iştirakı ilə keçiriləcək oyunları yəqin ki, ikiqat qiqqətlə izləyəcəklər. Bu komandaların hər ikisi artıq startına cəmi üç ay qalan dünya çempionatının seçmə yarışlarında bizim rəqibimiz olacaq və təbii ki, Avropa çempionatı kimi çox mötəbər yarışda onların hazırlıq səviyyəsi ilə yaxından tanış olmaq, müsbət və mənfi cəhətlərini öyrənmək üçün yaxşı imkan yaranmışdır. Onu da xatırladaq ki, dünya çempionatında Azərbaycan komandasının çıxış edəcəyi "F" qrupuna Rusiya və Portuqaliya ilə yanaşı İsrail, Şimali İrlandiya və Lüksemburq yığmaları daxildir və futbloçularımız seçmə turnirinə sentyabrın 7-də Bakıda İsrailə qarşı görüşlə başlayacaqlar.
Hələlik isə Avropa çempionatında top meydançanın mərkəzindədir. Azarkeşlər stadionların tribunalarına və teleekran qarşısına tələsirlər. Qarşıda bizi üç həftəlik böyük futbol bayramı gözləyir. Təkcə 16 finalçı ölkədə deyil, bütün qitəmizdə böyük maraq doğuran bu bayramda baş rolu, görəsən, kim oynayacaq, iyulun birinci günü UEFA prezidenti Mişel Platini Ukrayna paytaxtının "Olimpiyski" stadionunda qızıl medalları hansı xoşbəxt komandanın oyunçularına təqdim edəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında