Şriftin ölçüsü:
01.06.2012 11:04 | Oxunma sayı: 745
və ya "Adama elə gəlir ki, bu sürətlə bir günə ev də tikib hazır etmək olar"
Bu fikirlər Azərbaycan vətəndaşlarına məxsus deyil, onların müəllifləri litvalı məşhurlar, dünya basketbolunda ən tanınmış simalardan biri Rimas Kurtinaytis və 2002-ci ildə "Litva gözəli" müsabiqəsinin qalibi olmuş xanım Vayda Qriksayte Çesnauskisdir.
Hər ikisini ölkəmizlə sıx tellər bağlayır. Kurtinaytis yaxın keçmişdə dörd il ərzində Azərbaycan milli komandasının baş məşqiçisi kimi fəaliyyət göstərmiş, Vayda Qriksayte isə hazırda "Bakı" klubunda çıxış edən futbolçu Deyvidas Çesnayskisin həyat yoldaşıdır.
Mayın 26-da "Bakı Kristal Zalı" nda "Eurovision-2012"nin final yarışmasına hələ bir neçə saat qalmış müxtəlif saytlarda rast gəldiyimiz fikirlərdə qətiyyətlə bildirilirdi ki, Litva Azərbaycan təmsilçini dəstəkləyəcək, ona maksimum miqdarda səs verəcəkdir. Belə də oldu, Türkiyə, Ukrayna və Malta ilə yanaşı, bu Baltikyanı ölkə də Səbinə Babayevanın ifasını ən çox - 12 xalla qiymətləndirdi.
Burada Kurtinaytisin final ərəfəsində söylədiyi fikri xatırlatmaq yerinə düşər:- Bu birmənalıdır, mən Azərbaycana səs verəcəyəm. Bu ölkə insanlarının "Eurovision" müsabiqəsini ən yaxşı şəkildə təşkil etmək üçün necə də ürəkdən çalışdıqlarını bilirəm. Azərbaycan Olimpiya oyunlarını da yaxşı təşkil edə bilərdi. Əgər onlar nə isə bir iş görürlərsə, bu işi yaxşı yerinə yetirirlər".
Vayda Qriksayte Çesnauskis isə vətəni Litvada Azərbaycan təəssüratları barədə müsahibə verərkən öz fikirini belə ifadə etmişdi:- "Eurovision-2012" Azərbaycanda gözlənilən bayram idi. Yarışmaya hazırlıq mənim də xoşuma gəldi. Bu hazırlıqlar yalnız ötən il, yarışa təşkilatçılıq hüququ qazanıldıqdan sonra başladı. Biz də həmin vaxtdan bir ay sonra Bakıya köçdük. "Bakı" klubuna keçən Deyvidas məni və uşaqları ora apardı. Müsabiqəyə hazırlıq çox şən əhval- ruhiyyədə keçirdi. Hər şey o qədər sürətlə başa çatdı ki, adama elə gəlir, bir günə ev də tikib hazır etmək olar".
Göründüyü kimi, Bakıda rekord müddətdə tikilib istifadəyə verilən nəhəng və çox yaraşıqlı "Kristal Zal" basketbol məşqçisində və futbolçunun xanımında silinməz təəssürat yaratmışdır.
Basketbol aləminin daha iki litvalı məşhur nümayəndəsi, bu oyunda öz dövrünün ən mahir ustalarından biri Arvidas Sabonis və məşqçi Vladas Qarastas da Bakıda final günü Azərbaycan və təmsilçimiz haqqında yüksək fikirlər söyləmişlər.
Sabonis:-Azərbaycana ona görə səs verəcəyəm ki, Litvanı bu ölkə ilə səmimi və dostluq münasibətləri bağlayır. Hesab edirəm ki, azərbaycanlılar litvalıları sevən qonaqpərvər insanlardır. Mən inanıram ki, Litvada öz səsləri ilə "Eurovision"da Azərbaycan təmsilçisini dəstəkləyəcək çoxlu həmfikirim var.
Qarastas isə Azərbaycanı bu ölkəyə və onun xalqına görə dəstəkləyəcəyini bildirmişdi:-Mən dəfələrlə Azərbaycanda olmuşam, bu ölkədən çox adam tanıyıram. Azərbaycan "Eurovision"u çox yüksək səviyyədə təşkil etmişdir. Bu, diqqətəlayiq tamaşadır.
Bakıda "Eurovision-2012"nin finalı ərəfəsində litvalıların Azərbaycana və xalqımıza böyük məhəbbətlə söylədikləri fikirlər haqqında qeydlərimizi yekunlaşdırarkən artıq finaldan sonra azerisport. com-un Vilnüsdən yaydığı bir xəbərin də respublikamızda maraqla qarşılandığını qeyd edək. Litva Basketbol Federasiyasının prezidenti Arvidas Sabonisin və Moskva vilayətinin "Ximki" komandasının baş məşqçisi Rimas Kurtinaytisin Azərbaycana gəlmək istəyindən bəhs edən həmin xəbərdə yığmamızın keçmiş məşqçisi Kurtinaytis belə demişdir: "Biz çox istəyirik ki, Bakıya gələk və Azərbaycan Basketbol Federasiyası ilə əlaqə yaradaq. Bizə əməkdaşlıq etmək lazımdır. Mən artıq Arvidas Sabonis ilə danışmışam və o, bu ideyaya müsbət yanaşır. Düşünürəm ki, yaxın vaxtlarda biz Azərbaycana gələcəyik".
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.