Bu günlər bütün dünyanın diqqəti Cənubi Afrikanın paytaxtı İohannesburq şəhərinə yönəlib. 4 ildən bir keçirilən dünya çempionatına 3 gündən sonra start veriləcək. Dünyanın 32 ölkəsinin yığma komandası 8 qrup üzrə mübarizə aparacaqlar. İlk oyun isə iyunun 11-də CAR və Meksika yığmaları arasında keçiriləcək. 94 min tamaşaçının izləyəcəyi oyunun baş hakimi də artıq məlumdur. Bu, Özbəkistan vətəndaşı Rövşən İrmatovdur. O, Asiya Futbol Konfederasiyasının ən yaxşı hakimi sayılır. Onunla bərabər oyunun hakim heyəti də açıqlanıb. Hələ çempionat başlanmasa da ilk oyundan son oyuna qədər bütün biletlər satılıb. Futbol bayramı öncəsi isə müxtəlif hadisələrlə müşahidə olunur.
Belə ki, Cənubi Afrika şamanları ilk oyunun keçiriləcəyi əsas stadionun yanında inək qurban kəsiblər. Mərasimdə onlarla şaman iştirak edib. Məqsəd isə əcdadların ruhlarının bu mərasimə dəstək verməsinə nail olmaqdır. Qurbankəsmə mərasimindən sonra şamanlar stadiona daxil olaraq xeyir-dua veriblər.
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona isə FM-Metro radiosu vasitəsilə qəribə bəyanatla çıxış edib: "Əgər onun komandası çempion olarsa Buenos-Ayresin mərkəzi meydanında, Argentinanın əsas abidəsi sayılan Obeliskin ətrafında lüt qaçacaq". Onu da xatırladaq ki, Argentina yığması 2 dəfə dünya çempionu olub. Axırıncı dəfə isə 1986-cı ildə hücumçu Maradonanın liderliyi ilə bu titula layiq görülüb. Dieqo onu da bildirib ki, hücumçu Leonel Messi aldığı zədələrdən yoldaşlıq görüşlərində oynamasa da, çempionatda əsas heyətdə iştirak edəcək.
Argentina yığmasının forvardı L. Messi də öz komandasının imkanlarını yüksək qiymətləndirib. Bildirib ki, komandanın tərkibi güclü idmançılardan ibarətdir. L. Messi Argentina yığmasında onun "zəif oynadığına görə" tənqid edənlərə də cavab verib: "Heç kimə heç nəyi sübut etmək istəmirəm. Çempionata gəlmişəm ki, komandamla qələbə qazanam". Qeyd edək ki, 2009-2010 İspaniya çempionatında "Barselona"nın tərkibində keçirdiyi 35 oyunda Messi 34 qol vuraraq çempionatın ən yaxşı bombardiri adına layiq görülüb. Argentina yığmasında keçirdiyi 44 oyunda isə cəmi 13 qola imza atıb.
Braziliya yığmasının bir neçə oyunçusu isə dünya çempionatınının rəsmi topu - "Jabulani" topundan şikayətçidirlər. Hücumçu Luis Fabiano, yarımmüdafiəçi Julio Baptista və qapıçı Julio Sezar iddia edirlər ki, "Adidas" firmasının dünya çempionatı üçün xüsusi hazırladığı top havada trayektoriyasını dəyişir. Luis Fabianonun sözlərinə görə top havada sanki kimsə tərəfindən idarə olunur. Braziliya yığmasının əsas qapıçısı Julio Sezar isə topu "dəhşətli" adlandıraraq, onu supermarketlərdə satılan plasmas koslarla müqayisə edib. Yarımmüdafiəçi Julio Baptista isə topun həm oyunçular, həm də qapıçı üçün çətinlik yaratdığını bildirib. "Jabilani"dən narazılığını həm də İspaniya yığmasının qapıçısı İker Kasilyas və İtaliya hücumçusu Campaolo Patsini də bildiriblər. Onu da qeyd edək ki, DÇ-2010- nun rəsmi topu 2009-cu ilin dekabrında təqdim olunub. "Jabulani"nin sınağında Kaka, Ballak, Petr Çex kimi məşhur futbolçular iştirak ediblər.{nl}
QRUP TURNİRİ
Qrup A - Fransa, Meksika, Uruqvay, CAR
Qrup B - Argentina, Yunanıstan, Nigeriya, Cənubi Koreya
Qrup C - İngiltərə, ABŞ, Sloveniya, Əlcəzair
Qrup D - Almaniya, Serbiya, Avstraliya, Qana
Qrup E - Hollandiya, Kamerun, Yaponiya, Danimarka
Qrup F- İtaliya, Yeni Zelandiya, Paraqvay, Slovakiya
Qrup G - Braziliya, Portuqaliya, Kot-d'İvuar, KXDR
Qrup H - İspaniya, Çili, İsveçrə, Honduras
{nl}
"Jabulani" nə deməkdir? Cənubi Afrikada 11 rəsmi dil var. Onlardan biri də Zulus dilidir. Bu dildə Cənubi Afrikanın 25 faiz əhalisi danışır. "Jabulani" sözü də bu dildən götürülüb - "bayram etmək" deməkdir. Topun dizaynında 11 rəngdən istifadə olunub. 11 rəng hər komandada 11 oyunuçunun, CAR-da 11 rəsmi dilin və 11 icmanın olmasına işarədir.
Almaniya yığmasının keçmiş hücumçusu və baş məşqçisi Yurgen Klismann isə doğma komandasının imkanlarını yüksək qiymətləndirib. Bildirib ki, almanlar 2006-cı ildəki uğurlarını təkrarlayaraq yarımfinala yüksələ bilərlər. O, çempionatın favoritinin isə İspaniya komandası olacağını proqnozlaşdırıb və Mixael Ballakın iştirak etməməsininin Almaniya yığması üçün çətinlik yaradacağını nəzərə çatdırıb.
Qeyd edək ki, dünya çempionatına maraq çox böyükdür. Belə ki, Cənubi Afrikanın keçmiş prezidenti 91 yaşlı Nelson Mandele da açılışda iştiraka görə ölkəsinin idman nazirinə "Sokker Siti" stadionuna bilet üçün müraciət edib. Son illər səhhəti üzündən ictimaiyyət arasında görünməyən Mandelenın müraciəti maraqla qarşılanıb. CAR-in idman naziri Maxenseki Stofile qeyd edib ki, N. Mandeleya nəinki açılış mərasiminə, bütün oyunlara baxmaq üçün icazə verərdi. Amma inanmır ki, onun səhhəti buna imkan verər.
Dünya çempionatının sürprizlərindən biri də Ronaldino, Paulo Enrike, Sandro, Dieqo Tardelli, Aleks, Karlos Eduardo və Marsello kimi isimlərin Braziliya yığmasına düşməməsi olub.
{nl}
Mahir QABİLOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.