Şriftin ölçüsü:
29.05.2012 13:01 | Oxunma sayı: 736
İradə Aşumovanın dördüncü Olimpiadası
Müstəqil Azərbaycan Respublikasının ilk olimpiyaçılarından biri güllə atıcısı İradə Aşumova iki aydan sonra özünün zəngin və şərəfli idman həyatında dördüncü dəfə Olimpiya oyunlarının startına çıxacaq. Təkcə bu fakt çox şeyə- onun yüksək ustalığına, möhkəm iradəsinə və əzmkarlığına gözəl sübutdur. Halbuki 54 yaşlı İradə xanım Londonda XXX, yubiley Olimpiadasının ən yaşlı iştirakçılarından biri olacaq.
İndi demək çətindir, Aşumova İngiltərə paytaxtında hədəfi dəqiq nişan alıb medal qazana biləcək, ya yox. Amma bir şey qəti məlumdur - çəkic tullayan Dmitri Marşin, taekvondoçular Fəridə Əzizova, Ramin Əzizov və boksçu Soltan Migitinovdan sonra ötən il Belqradda keçirilmiş Avropa çempionatında Olimpiada- 2012- yə Azərbaycan üçün beşinci lisenziyanı qazandırmış ( pnevmatik silahdan 25 metr məsafəyə atəş açmaqda) və bununla da minimum vəzifəsini yerinə yetirmiş məşhur həmvətənimiz özü üçün yaratdığı imkandan tam istifadə etmək üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Dördüncü dəfə Olimpiya oyunlarının iştirakçısı olacaq ilk Azərbaycan idmançısı Londonda göstərəcəyi nəticədən asılı olmayaraq, artıq tarixə düşmüşdür. Əgər bir çoxları, hətta kifayət qədər adlı- sanlı idmançılar həyatlarında heç olmasa bir dəfə Olimpiadanın " qapısını" öz üzlərinə aça bilmirlərsə, İradə Aşumova bu işin öhdəsindən nə az, nə də çox- dörd dəfə gəlmiş və bununla da gənclərə yaxşı nümunə göstərmişdir.
Azərbaycan idmanının pərəstişkarları, tapançalı xanımın çıxışlarını diqqətlə izləyənlər onun 10 və 25 metr məsafələrdəki hədəfə atəş açmaqda ilk qələbə və medallarının tarixinin təxminən otuz il əvvəldən başlandığını bilirlər. Bilməyənlərə isə təkcə bunu xatırladaq ki, hesabında mötəbər beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının çoxlu sayda medalı olan Aşumova hələ 1985-ci ildə Meksikanın paytaxtı Mexikoda keçirilmiş dünya çempionatının gümüş mükafatçısı olmuşdur. Sonralar isə İspaniya, Finlandiya, Norveç, Almaniya, Bolqarıstan, İtaliya və daha neçə- neçə ölkədə təşkil edilən yarışlarda fəxri kürsüyə yüksəlmişdir.
Dəfələrlə Azərbaycan birincilikləri qalibinin, SSRİ çempionu və rekordçusunun, Avropa çempionunun, dünya çempionatları və kubok yarışları mükafatçısının bir medalı isə onun zəngin nailiyyətləri siyahısında xüsusi yer tutur. Mən Afina Olimpiadasının bürünc medalını nəzərdə tuturam.
Yunanıstan paytaxtında Olimpiya oyunları Aşumova üçün sayca üçüncü Olimpiada idi. Əgər 1996-cı ildə Atlantada (ABŞ) və bundan dörd il sonra Sidneydə (Avstraliya) onun mükafatçılar sırasında yer tutmaq cəhdləri bir nəticə verməmişdisə, Afina-2004-də idmançımız öz kəsərli sözünü deməyi bacardı, bütün Azərbaycanı Olimpiya oyunlarının bürünc medalı ilə sevindirdi.
Bu böyük müvəffəqiyyətdən sonra idman dairələrində adı daha böyük hörmətlə çəkilən Aşumova Pekin Olimpiadası- 2008- in də iştirakçısı olmaq istəyində idi. Ancaq bu dəfə alınmadı, lisenziya qazana bilmədi. Bundan sonra elə görünə bilərdi ki, artıq silahı yerə qoymaq, nişangahdan uzaqlaşmaq vaxtıdır. Ancaq hadisələrin gedişinin göstərdiyi kimi, Olimpiya mükafatçımızın özü bu fikri yaxına buraxmamışdır. Ardıcıl gərgin və məqsədyönlü məşqlər sayəsində o, dördüncü dəfə Olimpiadaya vəsiqə qazanmış və bunula da sübut etmişdir ki, yenə də sərrast atəş açmağı bacarır.
Göründüyü kimi, İradə Aşumova Londona aparan yolda inamla irəliləmiş, mübariz keyfiyyətlər nümayiş etdirmişdir. Qüvvəyə inam və əzmkarlıq isə yüksək məqsədlər uğrunda mübarizədə mühüm şərtdir. Elə onun bu yaxınlarda Almaniyanın Hannover şəhərində keçirilmiş beynəlxalq turnirdə kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmaqda birinci yeri tutması, pnevmatik tapançadan 10 metr məsafədəki hədəfi dəqiq nişan almaqda göstərdiyi ikinci nəticə də çox şeydən xəbər verir.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.