Şriftin ölçüsü:
20.05.2012 07:14 | Oxunma sayı: 830
Azərbaycan idmanın müstəqil komanda şəkilində təmsil olunduğu Olimpiya oyunlarında güləş ustalarımız hamımızın ürəyindən olan gözəl ənənə yaratmışlar. Ardıcıl iki Olimpiadanın qəhrəmanı sərbəst üsulla güləşən Namiq Abdullayevin 1996-cı ildə Atlantadan (ABŞ) gətirdiyi gümüş mükafat və bundan dörd il sonra Sidneydə ( Avstraliya) qazandığı qızıl medal, yunan- Roma güləşçisi Fərid Mansurovun Afina Olimpiadasında çempion zirvəsini fəth etməsi, digər "klassiklər" Pekin-2008-də fəxri kürsüyə yüksəlmiş Rövşən Bayramovla Vitalı Rəhimovun gümüş, "sərbəstlərdən" Xetaq Qazyumovla qadın güləşçi Mariya Stadnikin bürünc mükafatları idmanımızın unudulmaz nailiyyətləri siyahısında xüsusi yer tutur. Bu medalların xalqımıza bəxş etdiyi hədsiz sevinc və qürur hissləri hələ uzun müddət bizi tərk etməyəcək.
İndi isə növbədə London sınaqlarıdır. Təbii ki, İngiltərə paytaxtında ənənələri daha da inkişaf etdirib möhkəmləndirmək lazımdır. Belə bir istəkdə olmağımız təsadüfi deyil. Mütəxəssislərin fikrincə, XXX Olimpiadanın güləş yarışlarında baş rollardan birini məhz Azərbaycan komandası oynayacaq. Bu ümidlərin doğrulması bir də ona görə vacibdir ki, bu il Azərbaycan idmanı nümayəndələrinin Olimpiya oyunlarında ilk çıxışlarının və ilk qələbələrinin 60-cı ildönümü tamam olur. Xüsusi qeyd edə bilərik ki, olimpiadalarda medallarımızın hesabını sərbəst üsulla güləşən Rəşid Məmmədbəyov açmışdır. Həmyerlimiz 1952- ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş XV Olimpiya oyunlarında SSRİ yığma komandası heyətində çıxış etmiş və gümüş mükafatçı olmuşdur.
Qarşıdakı Olimpiadanın güləş yarışlarında isə müstəqil Azərbaycan Respublikasının şərəfini 13 nəfər qoruyacaq. Təmsilçilərimiz bu göstərici üzrə Avropa ölkələri arasında təkcə XXX Yay Olimpiya Oyunlarına 16 lisenziya qazanmış Rusiyadan geri qalır və Londona onlarla eyni miqdarda "bilet" sifariş etmiş Türkiyə, Gürcüstan və Ukrayna ilə ikinci- beşinci yerləri bölüşürlər. Ümumiyyətlə, qitəmizin 29 ölkəsindən Olimpiadaya 146 güləşçi vəsiqə qazanmışdır.
Xalça ustalarımızın dünya idmançılarının 1 nömrəli yarışına aparan yolda sahib çıxdıqları 13 lisenziyadan 6-sı sərbəst, 5-i yunan- Roma üsulu ilə güləşənlərin, 2-si isə qadınların payına düşür. Olimpiya oyunlarının iştirakçısı olmaq hüququ uğrunda təsnifat turnirlərində ilkin vəzifələrini yerinə yetirənlərin, demək olar, hamısı dəfələrlə xalça üzərində bərkdən-boşdan çıxmış, ən məsul yarışlarda meydanı alqışlar altında tərk etmiş təcrübəli ustalardır. Onların mükafatlar kolleksiyası kifayət qədər zəngindir. Təkcə onu demək lazımdır ki, Londondan ölkəmizə medalla qayıtmaq əzmində olan güləşçilərdən üçü artıq bütün dünyada Olimpiya oyunlarının mükafatçısı kimi tanınır. Yuxarıda xatırlatdığımiz kimi, Bayramov, Qazyumov və Stadnik Pekin-2008- də medal qazanmaları münasibətilə təbrikləri qəbul etmişlər. Onlar, eləcə də növbəti Olimpiada üçün Azərbaycana daha 10 lisenziya sevinci yaşatmış digər güləşçilərimiz "sərbəstlər" Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq ), Cəmaləddin Məhəmmədov (120 kq), "klassiklər" Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), qadın güləşçi Yuliya Ratkeviç (55 kq) nəyə qadir olduqlarını artıq sübuta yetirsələr də, indi daha böyük qələbələrə can atacaqlar. Deməli, ümid edə bilərik ki, Azərbaycan güləşçiləri XXX Yay Olimpiya Oyunlarına tam hazırlıqla yola düşəcəklər.
Əlbəttə ki, hamının məqsədi birdir- Olimpiadanın fəxri kürsüsünə yüksəlmək. Bu sadəcə arzu deyil, qüvvə və ustalığa əsaslanan böyük məqsəddir. Güləş komandalarımızın adlarının dünyanın ən güclü kollektivləri sırasında çəkilməsi, təmsilçilərimizin öz qüvvələrinə inamı və beynəlxalq dairələrdə də yekdilliklə etiraf olunan yüksək ustalığı London startlarını səbirsizliklə gözləməyimizə, böyük ümidlərlə yaşamağımıza ciddi əsas verir.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.