Yaxud"Qızıl çinar"ı gözləməyən fədakar insan
{nl}
"Bu mənim üçün çox gözlənilməz oldu. Bu "Qızıl çinar" təkcə İlham Zəkiyevə verilən mükafat deyildir. Bu, Azərbaycan idmançılarının qələbəsidir."
Fədakar insan olduğu qədər də təvazökarlığı ilə seçilən, Azərbaycan idmanında ən görkəmli, deməli, həm, də ən sevimli şəxsiyyətlərdən biri İlham Zəkiyev bu sözləri ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və onun adını daşıyan Fondun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə mayın 10 - da Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə Fond tərəfindən təsis edilmiş "Qızıl çinar" beynəlxalq mükafatını qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya böyük minnətdarlıq hissi ilə söylədi.
"Qızıl çinar" 2012-nin iki sahibindən biri Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanas bu yüksək mükafata Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə layiq görülmüşdürsə, əməkdar idman ustası İlham Zəkiyev beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiyinə, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırdığına, dövlət himnimizi səsləndirməklə Vətənimiz, xalqımız naminə göstərdiyi əvəzsiz xidmətlərə görə mükafatlandırılmışdır.
İlhamın necə bir qəhrəman oğul olduğunu təkcə biz özümüz yox, bəlkə də bütün idman aləmi, ən azı isə cüdo dünyası yaxşı bilir. O, Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə görmə qabliyyətini itirsə də, taleyin bu amansız zərbəsindən sarsılmamış, əksinə, möhkəm iradəsi və böyük əzmkarlığı sayəsində dünyanı təəccübləndirməyi bacarmışdır. Doğma Sumqayıtda əvvəlcə sərbəst güləş məşğələlərinə üstünlük verən, sonralar bu növü cüdoya dəyişən istedadlı idmançı artıq on ildən çoxdur ki, öz böyük nailiyyətləri ilə bütün ölkəmizi sevindirir.
İlham Zəkiyevin cəmi 32 yaşı olsa da, o, artıq Azərbaycan tarixində özünə çox layiqli yer etmişdir. Zarafat deyil, idman nailiyyətləri ilə hər birimizin böyük qürur duyduğu bu gənc böyük qələbələrə aparan çətin yolda məqsədinə artıqlamasilə çataraq zəngin mükafatlar kolleksiyası yaratmışdır.
Azərbaycanın sərvətinə çevrilmiş bu idman qənimətləri arasında nələr yoxdur?! Bakı və respublika çempionatlarının, mötəbər beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının ən yüksək mükafatları, Paralimpiya oyunlarının iki qızıl medalı.
Hər dörd ildən bir keçirilən Paralimpiya oyunlarının beynəlxalq yarışlar təqvimində xüsusi yeri var. İlham bu meydanı iki dəfə qalib kimi tərk etmiş, 2004-cü ildə müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinadan, bundan dörd il sonra isə Çin Xalq Respublikasının paytaxtı Pekindən doğma Xəzər sahillərinə çempion kimi qayıdaraq sübut etmişdir ki, tatami üzərində 100 kq-dan yuxarı çəki dərəcəsində onun tayı- bərabəri yoxdur. Zəkiyevin böyük fəxrlə XII və XIII Paralimpiya Oyunlarının çempionu adını daşıması, eləcə də onun kimi daha doqquz idmançımızın sonuncu Paralimpiadada fəxri kürsiyə yüksəlməsi mərd övladlarımızın böyük hünəri idi. Afinada qazanılan və Pekində daha da inkişaf etdirilən uğurlar sayəsində dünya bildi ki, Azərbaycanda fiziki hazırlığında problem olan şəxslərin də sağlamlığı, idman hazırlığı dövlətin gündəlik qayğısı ilə əhatə olunmuşdur. Bu idmançıların ixtiyarında Pekində startlar ərəfəsində Sumqayıtda istifadəyə verilən və təntənəli açılış mərasimində dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək qiymətləndirdiyi Paralimpiya Kompleksi kimi müasir tələblərə tam cavab verən gözəl idman bazası vardır. Müstəqil Azərbaycan Respublikasında "böyük" Olimpiada ilə yanaşı onun " kiçik qardaşı" Paralimpiya oyunlarına da hazırlıq həmişə diqqət mərkəzində olmuş və yüksək səviyyədə aparılmışdır.
Pekində Paralimpiya oyunlarının təntənəli açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı olmuş, yarışların gedişində isə bu adı tam doğrultmuş İlham Zəkiyevi Yunanıstan və Çinlə yanaşı daha neçə-neçə ölkədə, məsələn, Kanada, Braziliya, Türkiyə, Macarıstan və s. dövlətlərdə alqışlamışlar.
"Qızıl çinar" mükafatı laureatı, "Şöhrət" ordenli, Azərbaycanın əməkdar idman ustası, Paralimpiya oyunlarının ikiqat qəhrəmanı, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi, yenilməz çempion, hələ uşaq yaşlarını yaşayan İlkinlə Aynurun sevimli ataları, adı Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazılmış İlham Zəkiyev Azərbaycan üçün əlindən gələni etmiş, hətta bacardığından da çox iş görmüşdür. Ancaq çempion bununla da kifayətlənmək fikrində deyil. Avqustun 12-də Londonda XXX Yay Olimpiya Oyunları başa çatandan təxminən iki həftə sonra elə həmin şəhərdə XIV Paralimpiya Oyunları açılacaq və İlham yenidən tatami üzərinə çıxacaq. Afina və Pekindəki uğurlarını təkrar etmək, Oyunların üçqat çempionu olmaq üçün...
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.