Şriftin ölçüsü:
15.05.2012 02:36 | Oxunma sayı: 869
Mayın 13-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotura yekun vurulmuşdur. Turun 4-cü günü - mayın 12-də beynəlxalq veloturun dördüncü mərhələsi keçirilmişdir.
İsmayıllıdan start götürmüş veloturun iştirakçıları Qəbələyə gəlmiş və bu şəhərin küçələrində 12 dəfə dövrə vuraraq 114 kilometr məsafə qət etmişlər. Finişə daha tez çatmaq üçün hər metr uğrunda gərgin mübarizə şəraitində keçən bu mərhələnin qalibi Rusiyanın "İtera-Katyuşa" komandasının nümayəndəsi Gennadi Tatarinov olmuşdur. Ukraynalı veloyürüşçü Maksim Vasilyev ("Ast-Donetsk" klubu) ikinci, Qazaxıstan idmançısı Tilegen Maydas isə üçüncü nəticə göstərmişdir. Əlcəzairli idmançı Yusif Rəqiqi ("Centre Mondial du Cyclisme" klubu) dörd turun yekununa görə liderin göy maykasını özündə saxlamışdır.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) prezidenti Pet Makueyd bu mərhələnin qalibini və mükafatçılarını təntənəli mərasimdə salamlayaraq qeyd etmişdir ki, yarış yüksək beynəlxalq səviyyədə keçirilir. Azərbaycan Velosiped İdmanı Federasiyası bu nüfuzlu yarışın dünya standartlarına uyğun təşkil edilməsi üçün lazım olan hər şeyi etmişdir.
Dördüncü mərhələnin qalibi olmuş rusiyalı veloyürüşçü mətbuat konfransında çıxış etmişdir. Qalib gəlmək üçün bütün qüvvəsini səfərbər edərək irəli çıxdığını bildirən rusiyalı veloyürüşçü demişdir: "Əlbəttə, komanda yoldaşlarım da mənə kömək etmişlər".
Veloturun sonuncu günündə beşinci mərhələnin yarışları keçirilmişdir. Bu mərhələdə pelaton 123 kilometr məsafə qət etmişdir. Belə ki, hər idmançı 12,3 kilometirlik marşrut üzrə 10 dəfə dövrə vurmuşdur.
Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə qazaxıstanlı Hurbolat Kulimbetov 2 saat 57 dəqiqə 16 saniyə göstərici ilə qalib gəlmişdir. Rusiya idmançısı Gennadi Tatarninov ikinci, Kot'de vuarlı velosipedçi İssiaka Çisse isə üçüncü olmuşdur. Ümumi komanda hesabında Rusiyanın "İtera Katyuşa" klubu birinci pillədə qərarlaşmışdır.
Sprint yarışında Maksim Vasiliyev (Ukrayna), dağlıq ərazidə yürüş zamanı göstəricilərinə görə Bəxtiyar Kozatayev (Qazaxıstan) qalib gəlmişlər. Beş günün nəticəsinə əsasən əlcəzairli Yusif Rəqiqi rəqiblərindən üstün olmuş, Tural İsgəndərov isə ən yaxşı Azərbaycan idmançısı seçilmişdir.
Yarış başa çatdıqdan sonra "Hilton Bakı" mehmanxanasında mətbuat konfransı keçirilmişdir. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) prezidenti Fazil Məmmədov bu cür yarışın ölkəmizdə ilk dəfə təşkil olunduğunu, veloturun yüksək səviyyədə təşkil olunmasında Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirmiş və turnirin əhəmiyyətindən danışmışdır.
F.Məmmədov analoji yarışın ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü çərçivəsində də təşkil olunacağını diqqətə çatdırmış və bu istiqamətdə Beynəlxalq Velosipedçiler İttifaqı (UCİ) ilə danışıqlar aparıldığını söyləmişdir. O, demişdir ki, UCİ rəhbərliyi ölkəmizdə keçirilən yarışın yüksək səviyyədə təşkil olunmasından razı qalmışdır və Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir.
UCİ-nin prezidenti Patrik Mak Quayd Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu xüsusi vurğulamış, veloturun əhəmiyyətindən danışmışdır. O, turnirin yüksək səviyyədə təşkil olunduğuna görə, ölkə rəhbərliyinə və AVİF-yə təşəkkürünü bildirmişdir. Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşdüyünü bildirən P.Mak Quayd ölkə başçısı ilə idmanın bu növünün respublikamızda inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldığını diqqətə çatdırmışdır.
Mətbuat konfaransında bildirilmişdir ki, ölkəmizdə məşhur "Tur de Frans", "Djiro de İtaliya" kimi "Tur de Azerbaijan"ın keçirilməsi nəzərdə tutulur. Bu turnirin keçirilməsi üçün hər cür şəraitin olduğu və yarışın marşrutunun hər il dəyişdiriləcəyi vurğulanmışdır.
Qeyd edək ki, turnirin ilk günü qadınların şəxsi yarışında Azərbaycan idmançısı Yelena Çalıx, kişilər arasında birinci mərhələdə Rusiyanın "İtera Katyuşa" klubu qələbə qazanmışdı. Turnirin ikinci mərhələsində ispaniyalı Dieqo Rubeo Ernenandes, üçüncü mərhələdə rusiyalı Dmitri Vernidub və növbəti mərhələdə isə Gennadi Tatarninov (Rusiya) qələbə qazanmışlar.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq velotur Beynəlxalq Velosipedçilər İttifaqının qitə turunun təqviminə daxil edilmiş 2.2 U-23 kateqoriyalı (yaşı 23-ə qədər idmançılar üçün) yarışdır. Bu yarışda 18 komanda, o cümlədən 4 xarici ölkə komandası iştirak edir.
Veloturun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyidir. Texniki xarakterli təşkilati məsələləri Almaniyanın "FREUNDE Eventlogistik" şirkəti həll edib.
{nl}
"Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.