Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun 3-cü mərhələsində Dmitri Vernidub (Rusiya) qalib gəlmiş, Yusif Rəqiqi (Əlcəzair) isə liderliyini qorumuşdur

23 yaşınadək velosipedçilər üçün veloturun üçüncü mərhələsində rusiyalı Dmitri Vernidub ("Samara SHVSM" komandası) qələbə qazanmışdır. D.Vernidub Qəbələdə başlamış və bitmiş 160 kilometrlik mərhələnin ikinci yarısında öndə gedən qrupa qoşulmuş və sona qədər orada qalmışdır. Üçüncü mərhələdən sonra yarışın ümumi liderliyi isə "CMC" (Dünya Velosiped Mərkəzi) komandasının təmsilçisi, Əlcəzair idmançısı Yusif Rəqiqinin əlindədir. 
Xatırladaq ki, əvvəlcə 6 velosipedçi önə keçərək əsas qrupla 2 dəqiqəyə yaxın məsafə yaratmışdır. Yürüşün təqribən 120-ci kilometrində əlavə 3 idmançı (o cümlədən, yekunda qalib adını qazanan Vernidub) öndəki qrupa qoşulmuşdur.
Finiş xəttinə cəmi 200 metr qalmış Vernidub sprintə başlamış, Körbi isə onu izləyə bilməmiş və aralanmışdır. Yarışın ümumi lideri Yusif Rəqiqi ikinci yerlə kifayətlənməli olmuşdur.
"Finiş yoxuşda yerləşdiyindən yürüşü başa çatdırmaq çox çətin idi" - mərhələ qalibi Vernidub demişdir. - "Təqibçilər bizim arxamızca gəlirdilər. Mən dönüb baxanda onların sürətlə yaxınlaşdığını gördüm. Bu məqamda avstraliyalı ‘no work' ("daha işləyə bilmirəm") deyərək yorulduğunu və mənimlə ayaqlaşa bilmədiyini söylədi. Mən düşündüm ki, o, məni aldatmağa çalışır və arxamdan sonuncu sprinti etmək istəyir. Amma tezliklə gördüm ki, onun taqəti qalmayıb. Beləliklə, mən öndə tək qaldım. "Olum, ya ölüm" qərarının vaxtı idi. Velosipedimi ən yüksək ötürücüyə keçirtdim və var gücümlə pedallı fırlatdım. Buna baxmayaraq, təqibçilər mənə az qala çatırdılar. Sonda yalnız 1 metr üstünlüyüm qaldı, amma finiş xəttini birinci mən keçdim. Doğrudan da unudulmaz qələbə idi."
"Bugünkü mərhələdə lider köynəyi geyməkdən zövq aldım," - göy köynəyin sahibi Rəqiqi söylədi. - "Üzərimizdə təzyiq hiss etmirdik. Öndəki qrupun erkən ayrılmasına baxmayaraq, komandamız yürüşü nəzarət altında saxlayırdı, çünki biz hansısa bir mərhələdə qələbəyə deyil, ümumi hesabda birinciliyimizi qorumağa çalışırdıq. Görəndə ki, öndəki qrup ilə vaxt fərqi azalır, komanda yoldaşlarım məni təqib edən qrupun önünə keçməyə kömək etdilər. Qabağa atıldım və mərhələ qalibi olmağa cəhd etdim. Təəssüf ki, Vernidubu ötə bilmədim. Növbəti iki mərhələdə göy köynəyin komandamızda qalması üçün biz əlimizdən gələni edəcəyik. Özüm isə iki dəfə ikinci olandan sonra hansısa mərhələni udmağa da çalışacam."
"Bu maraqlı mərhələdən sonra ən yaxşı azərbaycanlı köynəyini yenidən əldə etməyimə sevinirəm," - Almaniyanın "Specialized Concept Store" komandasının nümayəndəsi Tural İsgəndərov söylədi. - "Veloturun sonuna qədər bu köynəyi özümdə saxlamaq əzmindəyəm. Ümumi hesabdakı nəticəm daha yaxşı ola bilərdi, lakin marşrutla Şəkidən dönüb qayıdandan sonra lazımsız yerə yıxılmağım məni geriyə atdı. Önümdə gedən Belarus idmançısı birdən-birə velosipedini sağa verdi və mənim təkərim onunkuna dəydi. Bir də gördüm ki, yerə sərilmişəm. Pelotona çatmaq üçün çox enerji sərf etdim və sonda mərhələni 67-ci yerdə bitirdim."
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında