Şriftin ölçüsü:
11.05.2012 01:11 | Oxunma sayı: 872
Mayın 9-da Bakının Azadlıq meydanında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur başlamışdır. Mayın 13-dək davam edəcək velosiped turniri Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən ölkəmizdə bu idman növünün inkişafı istiqamətində atılan önəmli addımdır.
Turnirin təntənəli açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə ilk dəfə təşkil olunan beynəlxalq yarışın əhəmiyyətini xüsusi qeyd etmiş, Azərbaycanın mötəbər yarışlara ev sahibliyi etdiyini və bu tədbirlərin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırmışdır. Nazir bildirmişdir ki, idmanın inkişafına xüsusi diqqət yetirilir, maddi-texniki baza möhkəmləndirilir, yeni infrastruktur yaradılır. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edirlər. Turnirdə iştirak edən gənclərin gələcəkdə idmanın bu növündə də peşəkar olacaqlarına əminliyini ifadə edən nazir dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, bunun nəticəsində gənclərimizin idmanın bu növündə də böyük uğurlar qazanacaqlarına əminliyini ifadə etmişdir. London Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurla çıxış edəcəklərinə inamını qeyd edən A.Rəhimov 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçiriləcəyinə ümid etdiyini bildirmişdir. Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ) beynəlxalq komissarı, veloturun komissarı Pavel Skorek turnirin yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanın bir idman ölkəsinə çevrildiyini bildirmiş və idmançılarımızın qazandığı nailiyyətlərdən söz açmışdır. BVİ-nin prezidenti Pet Makkueydin adından iştirakçıları təbrik edən P.Skorek turnirin bağlanış mərasimində beynəlxalq qurumun rəhbərinin iştirak edəcəyini vurğulamışdır. Qeyd olunmuşdur ki, 23 yaşadək velosipedçilərin beşgünlük yarışı Azərbaycanda idmanın bu növünə böyük töhfə verəcəkdir. Bu yarış BVİ-nin təqviminə edilən xoş əlavədir. Ölkəmizdə bu idman növünün azarkeşlərinin belə bir turnirin keçirilməsini səbirsizliklə gözlədiklərini bildirən P.Skorek yarışın yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan hökumətinə öz minnətdarlığını bildirmişdir. Çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov bildirmişdir ki, iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl yerlərdən birini tutan müstəqil Azərbaycanda digər sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmana da hərtərəfli dövlət qayğısı göstərilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda idman sürətlə inkişaf edir, Olimpiya idealları təbliğ olunur, idmançılarımız beynəlxalq arenalarda ciddi uğurlar qazanırlar. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan edilmişdir. Gənclərin müntəzəm şəkildə idmanla məşğul ola bilmələri üçün yeni idman və Olimpiya kompleksləri, stadionlar tikilir. Bakı hər il bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Vurğulanmışdır ki, növbəti hədəflərdən biri də 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparmaqdır. Şübhə yoxdur ki, belə bir əlamətdar vaxtda start götürən beynəlxalq velotur böyük bir idman bayramı olmaqla bərabər, həm də ölkəmizdə yeniyetmələr və gənclər arasında idmanın bu növünə marağın artmasına səbəb olacaq, velosiped idmanının dirçəldilməsinə və sürətlə inkişaf etdirilməsinə güclü təkan verəcəkdir. Bu yarışın marşrutları yalnız paytaxt Bakının deyil, həm də ölkəmizin səfalı guşələrindən olan Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının da ərazilərindən keçir. AVİF-in prezidenti veloturun hazırlanmasında və keçirilməsində fəal iştirak edənlərin hamısına, Azərbaycanda belə mötəbər turnirin təşkilinə göstərdiyi etimada və köməyə görə BVİ-nin rəhbərliyinə təşəkkürünü bildirmiş və turniri açıq elan etmişdir. Sonra Azərbaycanın Dövlət himni səsləndirilmiş və üzərində veloturun loqosu olan şarlar havaya buraxılmışdır. Daha sonra turnirdə iştirak edən komandaların təqdimatı keçirilmişdir. Veloturda ümumilikdə 18 komanda mübarizə aparır ki, bunlardan dördü - Qazaxıstan, Belarus, Moldova və Avstraliya yığmalarıdır. Digər 14 komanda isə müxtəlif ölkələri təmsil edir. Azərbaycan veloturda iki klubla təmsil olunur - "Sumqayıt" və "ATA Sport". Təqdimat mərasimindən sonra ilk yarış qadın velosipedçilər arasında keçirilmişdir. Şəxsi yarışmada 16 idmançı 25 kilometr məsafəni qət etmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yürüşdə London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançısı Yelena Çalıx 34 dəqiqə 57 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayaraq qalib olmuşdur. Alena Pavluxina (Ukrayna) ikinci, Aleksandra Sosenko (Litva) isə üçüncü pillədə qərarlaşmışlar. Kişilərin arasında keçirilən ilk mərhələ yarışında 18 komanda 30 kilometr məsafəni qət etmişdir. Rusiyanın "İtera Katyuşa" klubu finiş xəttinə 36 dəqiqə 38 saniyəyə çataraq ilk mərhələni qələbə ilə başa vurmuşdur. Qazaxıstan millisi ikinci, Almaniyanın "Specialized Consept Store" klubu üçüncü olmuşdur. Yarışda fərqləndikləri üçün "İtera Katyuşa" klubunun velosipedçisi Aleksandr Qriqorev "ATA Holding"in göy, Qazaxıstan millisinin üzvü Roman Semyonov "Azpterol"un yaşıl, "Specialized Consept Store"nin idmançıları Emanuel Buxman "Paşa Holding"in qırmızı, Tural İsgəndərov isə "Sinerci Group"un Odlar Yurdu köynəkləri ilə təltif olunmuş və ilk üç yerin sahibinə kubok təqdim edilmişdir. Köynək təqdim olunmuş idmançılar növbəti mərhələlərdə bu geyimdə çıxış edəcəklər. Yarış başa çatdıqdan sonra "Hilton Bakı" mehmanxanasında qaliblərin mətbuat konfransı keçirilmişdir. Ölkəmizdə ilk dəfə belə mötəbər yarışın keçirilməsinin əhəmiyyətindən danışan Yelena Çalıx qələbə qazandığı üçün fərəhləndiyini bildirmişdir. O demişdir: "Əsas hədəfim London Yay Olimpiya Oyunlarıdır. Hazırda bu istiqamətdə hazırlaşıram və öz üzərimdə işləyirəm. İnanıram ki, Londonda qələbə qazanıb öz azarkeşlərimi bir daha sevindirəcəyəm".
Alena Pavluxina və Aleksandra Sosenko yarışın yüksək səviyyədə təşkil olunduğunu, azarkeşlərdən möhtəşəm dəstək gördüklərini bildirmiş, azərbaycanlıların çox qonaqpərvər olduqlarını diqqətə çatdırmış və Bakının onları valeh etdiyini söyləmişlər. Kişilər arasında ilk mərhələnin qalibi olmuş "İtera Katyuşa" klubunun üzvləri Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, azərbaycanlı velosipedçilər ciddi rəqibdirlər. İdmançılar turnirin möhtəşəm təşkil olunduğu üçün təşkilatçılara minnətdarlıqlarını bildirmişlər. Qeyd edək ki, velosipedçilər ikinci mərhələ çərçivəsində Bakı-İsmayıllı marşrutu üzrə 176 kilometr məsafə, o cümlədən Böyük Qafqaz dağlarında 3 yüksəklik qət edəcəklər. 150 kilometrdən sonra pelaton veloturun ən yüksək nöqtəsinə çatacaq və enişli yolla İsmayıllıya - finiş xəttinə istiqamətlənəcəkdir. Üçüncü mərhələ 20 kilometrlik enişli yolla başlayacaqdır. Sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək Qəbələyə gələcəklər. 160 kilometrlik çətin keçilən məsafəni geridə qoyacaq yarış iştirakçıları 782 metrlik yoxuşlu yolla finiş xəttinə çatacaqlar. Dördüncü mərhələnin başlanması üçün iştirakçılar İsmayıllıya qayıdacaqlar. 35 kilometrdən sonra pelaton Qəbələyə çatacaqdır. Burada yarış iştirakçıları 12 dövrə vuracaqlar. İdmançıları çətin sınaq gözləyir - onlar hər dövrə çərçivəsində 798 metrlik hündürlüyə qalxacaqlar.Veloturun sonuncu-beşinci mərhələsinin keçirilməsi üçün iştirakçılar Bakıya qayıdacaqlar. Velosipedçilər hər biri 12,3 kilometr olan 10 dövrə vurduqdan sonra yarış başa çatacaqdır.
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.