Şriftin ölçüsü:
06.05.2012 11:19 | Oxunma sayı: 1045
Olimpiada-2012-yə lisenziya xarakterli yarışlarda idman ictimaiyyətimizin ümidlərini tam doğruldan Azərbaycan cüdoçuları Olimpiya oyunlarında çıxışları tarixində ilk dəfə olaraq Londonda daha mötəbər komanda şəklində mübarizə aparmaq hüququ qazanmışlar. İngiltərə paytaxtında ölkəmizi Pekin- 2008-in qəhrəmanlarından biri Elnur Məmmədli başda olmaqla yeddi tatami ustası təmsil edəcək. Cüdoçularımızın əvvəlki olimpiadalarla müqayisədə bu dəfə daha çox lisenziyaya sahib olmaları onların əzmkarlıq və ustalığının getdikcə artdığını təsdiq edir. Bu isə, əllbətə ki, daha böyük qələbələrə nikbinliyimizi bir qədər də artırır.
Əsl sınaq və şöhrət meydanı olan Olimpiadaya "bilet" sifariş etmiş çüdoçularımızı bir daha xatırladaq: İlqar Muşkiyev (60 kq) , Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100), Kifayət Qasımova (57 kq), Ramilə Yusubova (63 kq).
Bu ustaların adları beynəlxalq idman dairələrində də yaxşı tanınır. Onların çıxışlarını diqqətlə izləyənlər, şübhəsiz, Azərbaycan cüdoçularının zəngin mükafatlar kolleksiyasından da xəbərdardırlar. İndi bütün dünya yaxşı bilir ki, dörd il əvvəl Çin Xalq Respublikasının paytaxtında keçirilmiş XX1X Olimpiya Oyunlarının çempionu Elnur Məmmədli ilə yanaşı, həmin Olimpiadanın bürünc mükafatçısı Mövlud Mirəliyev də Azərbaycan cüdo məktəbinin yetirməsidir.
Əgər Olimpiadaya aparan yolda reytinq xallarını yarışdan- yarışa artırıb son nəticədə bu göstəricini tələb olunan səviyyəyə çatdıran həmyerlilərimizin müxtəlif illərdə müxtəlif turnirlərdə qazandıqları medal və mükafatları sadalamaq istəsək, yəqin ki, bütün uğurları ani halda yada salmaq çətin olar. Bununla belə, Məmmədli ilə Mirəliyevin Pekində qazandıqları böyük müvəffəqiyyət sayəsində yığma komandamızın ümumi hesabda dünyada dördüncü olduğunu və Avropa ölkələri arasında ən yaxşı nəticə göstərdiyini hələ uzun müddət unutmayacağıq. Ümumiyyətlə Londona gedəcək bütün cüdoçularımız özlərini mahir ustalar kimi göstərmişlər və onların hər biri dəfələrlə mötəbər yarışların fəxri kürsüsündə təbrikləri qəbul etmişdir.
Elmar Qasımovla İlqar Muşkiyevin də bir müvəffəqiyyətini xüsusi qeyd etmək olar. Onlar 2009 -cu ilin sentyabrında Yerevanda keçirilmiş gənclər arasında Avropa çempionatında böyük hünər göstərib ölkəmizin idman şərəfini layiqincə qorudular. Çempionatın sonuncu günü tatami üzərində rəqiblərinə aman verməyən Elmar onların hamısının öhdəsindən məharətlə gəlib fəxri kürsünün zirvəsinə yüksəldi, cüdoçumuzun çempionluğu şərəfinə idman sarayında milli bayrağımız ən yüksəyə ucaldıldı və həmvətənlərimiz Ermənistanı əzəmətli Azərbaycan himninin sədaları altında tərk etdilər. İlqar isə həmin yarışdan Bakıya gümüş medalla qayıtdı. Yeri gəlmişkən, o zaman komandamız Avropa çempionatına beş nəfərlə getmişdi və dəgər üç təmsilçimiz də mükafatçılar sırasına daxil olub çıxışlarını bürünc medallarla başa vurdu. Beş nəfərə 5 medal fantastik nəticə idi!
Beynəlxalq Cüdo Federasiyasının bu günlər açıqladığı növbəti reytinq cədvəlində Azərbaycanda idmanın bu növünün lideri, ölkəmizin tatami ustaları arasında ən yaxşı göstəriciyə malik Elnur Məmmədlinin üçüncü mövqedə olduğunu da qeyd edək. İndi Olimpiya çempionumuz və onun dostları öz uğurlarını XXX Yay Olimpiya Oyunlarında davam etdirmək əzmindədirlər. Bunun üçün hər cür əsas var. Yığmamızın baş məşqçisi Ağayar Axundzadə və onun həmkarları Olimpiadaya qalan vaxt ərzində gərgin təlim- məşq toplanışlarında yetirmələrinin hazırlığını Londonda medallar uğrunda son dərəcə ağır mübarizədə lazımi səviyyəyə çatdırmağın, Pekindəki kimi, İngiltərədən də Azərbaycana medalla qayıtmağın necə şərəfli bir iş olduğunu yaxşı dərk edir və məqsədə çatmaq üçün yorulmaq bilmədən bütün zəngin təcrübələrindən istifadə edirlər.
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.