Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq Qran-pri turnirinin təntənəli açılışı olmuşdur

Mayın 5-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq Qran-pri turnirinin təntənəli açılışı olmuşdur. 
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov dünya miqyaslı turnirlərin Azərbaycanda keçirilməsinin xoş bir ənənə halını almasını vurğulamışdır. Demişdir ki, ölkəmiz dünya və Avropa çempionatları, həmçinin beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan idmançıları hər dəfə məsul yarışlarda - dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq Vətənin şərəfini layiqincə qoruyur, beynəlxalq aləmdə onun nüfuzunu daha da artırmışlar. London Yay Olimpiya Oyunlarına 50 lisenziyanın qazanıldığını diqqətə çatdıran nazir bunun yeddisinin cüdoçularımızın payına düşdüyünü demişdir.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov son illər respublikamızda bir çox mötəbər idman yarışlarının təşkil edilməsindən danışmış, ölkə rəhbərliyinin idmana diqqət və qayğısını qeyd etmişdir. F.Ələkbərov Qran-pri beynəlxalq turnirinin xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilməsini onun ölkəmizdə idmanın, xüsusilə cüdonun inkişafındakı müstəsna xidmətlərinin heç vaxt yaddan çıxmadığını göstərən tədbirlərdən biri olduğunu bildirmişdir.
Beynəlxalq Cüdo Federasiyasının (BCF) idman direktoru Vladimir Barta turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, yarışın iştirakçılarına uğurlar arzulamış, layiq olanların yüksək pilləyə qalxacağına əminliyini bildirmişdir. BCF-nin prezidenti Marius Vizerin salamlarını çatdıran qonaq A.Rəhimov və F.Ələkbərova xatirə hədiyyələri təqdim etmişdir. V.Barta üzərində Azərbaycan Prezidenti İlham Əliyevin adı yazılmış kimononu A.Rəhimova təqdim etmiş və turnir açıq elan olunmuşdur.
Natiqlərin çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, tədbir bədii hissə ilə davam etdirilmişdir.
* * *
Sonra cüdo üzrə beynəlxalq Qran-pri turniri başlamışdır.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunan yarışda Azərbaycan milli komandası ilə yanaşı, 22 ölkənin yığması qüvvəsini sınayır.
Millimiz yarışda 34 (27 kişi, 7 qadın) cüdoçu ilə təmsil olunur. Qran-pri yarışlarında ümumilikdə isə 86 kişi və 34 qadın idmançı mübarizə aparır.
Turnirin ilk günündə kişilərin mübarizəsində İlqar Müşkiyev (60 kq, Azərbaycan), Masasahi Kodera (66 kq, Yaponiya), Rüstəm Orucov (73 kq, Azərbaycan), qadınların yarışında Ebru Şahin (48 kq, Türkiyə), Nodoke Tonimoto (52 kq, Yaponiya) və Kifayət Qasımova (57 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Digər cüdoçularımız Vəfa Eyvazova (48 kq), Gülşən Nəzərova (52 kq) gümüş, Turanə Seyidi (52 kq), Orxan Səfərov (60 kq), Tərlan Kərimov və Nicat Şıxəlizadə (hər ikisi 66 kq) bürünc medal qazanmışlar.
Turnirə mayın 6-da yekun vurulacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında