Final, nə final!

Qalib tay-breykdə müəyyənləşdi

{nl}


Bu artıq xoş bir ənənəyə çevrilmişdir ki, hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində idmançılarımızın ən yaxın dostu olmuş ulu öndərin xatirəsinə həsr edilən kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turniri keçirilir. Dost-rəqiblər bu yarışda iştirak etməklə həm ölkə idmanının bu gün beynəlxalq dairələrdə yekdilliklə etiraf olunan böyük qələbələrinin təməlini qoymuş ümummilli liderin əziz xatirəsini bir daha böyük hörmət və ehtiramla yad edir, həm də öz voleybol bacarıqlarını yoxlamaq imkanı qazanırlar.
Dünən başa çatan turnirin mükafatları uğrunda mübarizəyə 10 komanda qoşulmuşdu. İlkin mərhələ görüşlərinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman salonunda keçirildiyi yarışda onlar iki qrupa bölünmüşdülər. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinalda oynamaq hüququ qazandılar. Finalın astanasında "Xalq qəzeti"nin voleybolçuları "Yeni Azərbaycan" dan olan rəqiblərinə qalib gəldilər. "Səs" qəzetinin komandası da öz növbəsində AzərTAc kollektivindən üstün oyun nümayiş etdirdi. Nəticədə turnirin baş mükafatı uğrunda həlledici görüşün iştirakçısı olmaq sevincini "Xalq qəzeti" və "Səs" komandaları yaşadılar.
Finalın Azərbaycan Voleybol Federasiyasının salonunda oynanılması da bu görüşə və bütövlükdə turnirə verilən böyük əhəmiyyəti təsdiq edən mühüm məqam idi. Oyunu izləmək üçün tribunalara toplaşan hər iki finalçının pərəstişkarları, həmkarları, dostları, eləcə də bitərəf azarkeşlər mübarizənin gedişini lap böyük voleyboldakı kimi əvvəldən axıradək maraqla izlədilər.
Milli Voleybol Federasiyası nümayəndələrinin hakimlik etdikləri "qızıl oyunda" rəqiblər bir-birinə layiq idi. Hər iki komanda son dərəcə gərgin mübarizə şəraitində davam edən həlledici görüşdən qalib ayrılmaq üçün böyük əzmkarlıq göstərdi və son nəticədə baş mükafata 3:2 hesabı ilə qələbə qazanan "Səs" qəzetinin voleybolçuları sahib oldular.
Dörd hissədən sonra hesab 2:2 idi və birinci yerin taleyi sonuncu, beşinci hissədə həll olundu. Tay-breykdə "Səs" qəzeti komandasının 18:16 hesabı ilə qalib gəlməsi də final görüşünün kəskin rəqabət şəraitində keçdiyini təsdiq etdi.
Lakin "Xalq qəzeti" komandasından olan həmkarlarımız da məyus olmamalıdırlar. Onlar turniri ikinci yerdə başa vurmuşlar. Başlıcası isə belə yarışlarda uduzan olmur, xatirə turnirlərində dostluq qalib gəlir.
Üçüncü yer uğrunda görüşdə AzərTAc komandası "Yeni Azərbaycan" qəzetinin voleybolçularını məğlubiyyətə uğradaraq adını turnirin mükafatçıları sırasına yazdırmışdır.
Yarışın bağlanış mərasimi də yaddaqalan oldu. Qaliblərə mükafatları Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Zöhrab Gözəlbəyli təqdim etdilər.

{nl}

Oqtay BAYRAMOV, Rafiq SALMANOV (foto) "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında