Azərbaycan olimpiyaçılarının sıraları daha da genişlənir

Çində başa çatmış dünya Olimpiya təsnifat turnirində sərbəst üsulla güləşən Xetaq Qazyumovun (96 kq), "klassiklər" Emin Əhmədovun ( 74 kq) və Şalva Qadabadzenin (96 kq) uğurlarından sonra Londonda XXX Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək xalça ustalarının sıraları bir qədər də genişlənmişdir.
Hələlik "sərbəstlərin" 6, yunan- Roma üsulu ilə güləşənlərin 5, qadınların isə 2 lisenziyası vardır. Lakin təmsilçilərimiz Olimpiadaya 13 vəsiqə ilə kifayətlənmək fikrində deyillər. Qarşıda onları mayın əvvəllərində Finlandiyada keçiriləcək daha bir təsnifat turniri gözləyir. Bu yarışdan sonra olimpiyaçı güləşçilərimizin sayı daha da arta bilər.
Cüdoçular da lisenziya mübarizəsində məqsədə inamla nail olmuşlar. Çelyabinskdə (Rusiya) Avropa çempionatı onlar üçün reytinq xalları qazandıran sonuncu yarış idi. İndi məlumdur ki, Azərbaycanın yeddi tatami ustası İlqar Muşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Avropa çempionatının bürünc mükafatçısı Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) Olimpiadaya vəsiqə qazanmışlar. Bununla da Azərbaycan idmanı nümayəndələrinin İngiltərə paytaxtına lisenziyalarının sayı 50-yə çatmışdır. Xatırladaq ki, təmsilçilərimiz Pekin Olimpiadası-2008-ə 44 vəsiqə qazanmışdılar.
Ölkəmizin qadınlardan ibarət otüstü xokkey komandası da Yaponiyada təsnifat turnirində uğurlu çıxışlarını davam etdirir. Yığmamız ilk üç oyunda Malayziya komandasını 4:0, belaruslu rəqiblərini 3:0 və Avstriya kollektivini 5:0 hesabı ilə məğlubiyyətə uğradaraq, turnir cədvəlində 9 xalla vahid liderdir.
Xatırladaq ki, bu yarışda Olimpiadaya yeganə vəsiqə uğrunda altı komanda rəqabət aparır. Birinci yer uğrunda mübarizədə Azərbaycan xokkeyçilərinin əsas rəqibi Yaponiya kollektivi startda böyük hesabla iki qələbədən sonra növbəti görüşdə gözlənilmədən Çili ilə heç-heçə oynamış (0:0) və komandamızdan iki xal geri qalır.
Bu gün keçiriləcək dördüncü turda Azərbaycan- Yaponiya görüşü böyük maraqla gözlənilir.
Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında