Şriftin ölçüsü:
28.04.2012 02:18 | Oxunma sayı: 906
Olimpiya ümidlərimiz
Gündən-günə bizə daha yaxın görünən Olimpiada - 2012-yə lisenziya xarakterli boks yarışlarına yekun vurulmuş və London rinqində təmsil olunacaq ölkələrin iştirakçılarının tərkibi müəyyənləşmişdir.
Yayda İngiltərə paytaxtına mötəbər heyətlə yola düşəcək yığmalardan biri də Azərbaycan komandası olacaq. Artıq bildiyiniz kimi, XXX Yay Olimpiya Oyunlarının medalları uğrunda yeddi boksçumuz mübarizə aparacaq. Cəmisi isə on çəki dərəcəsində qalib və mükafatçılar müəyyən ediləcək.
Azərbaycanın dəri əlcək ustaları yalnız üç çəkidə Oyunlara vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələ bilməmişlər. Amma bunu uğursuzluq kimi qiymətləndirmək olmaz, komanda ümumən yaxşı səviyyədə çıxış etmişdir. Burada belə bir müqayisə yerinə düşər ki, daha zəngin boks ənənələrinə malik Rusiya da Olimpiya rinqinə aparan yolda üç itkiyə məruz qalmış və bu ölkə 1996-cı ildə Atlantada (ABŞ) keçirilmiş Olimpiadadan sonra ilk dəfə Olimpiya oyunlarında tam heyətlə çıxış edə bilməyəcək. Onu da xatırladaq ki, dörd il əvvəl, Pekin-2008-də biz cəmi iki boksçu ilə təmsil olunmuşduq.
Londonda Azərbaycana Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacıəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) medal qazandırmağa çalışacaqlar. Onların hər biri seçmə sınaqlarından şərəflə çıxmış, təsnifat turnirlərində, dünya və Avropa çempionatlarında ölkəmizin şərəfini layiqincə qorumuşdur.
Təsadüfi deyil ki, Məcidov Olimpiadada rinqə böyük fəxrlə dünya çempionu kimi çıxacaq, Məmmədov Avropa çempionu adını daşıyır və dünya çempionatının gümüş mükafatçısıdır, Hacıəliyev də dünya çempionatında fəxri kürsüyə yüksəlməyi bacarmış, Məmişzadə, Migitinov, Abdulhəmidov və Hüseynlinin beynəlxalq rinqdə uğurları az olmamışdır.
Başlıcası isə olimpiyaçı olmaq hüquqlarını inamla sübuta yetirmiş boksçularımız lisenziya qazanmaq vəzifəsini yerinə yetirməklə kifayətlənmir, Olimpiadanın fəxri kürsüsünə aparan yolda onları bir-birindən ağır döyüşlər gözlədiyini yaxşı bilirlər. Bu səbəbdən də gərgin görüşlərə qalan vaxt ərzində yeddi əzmkar dostun yeddisi də fiziki hazırlığını daha da yaxşılaşdırmaq, ustalığını bir qədər də artırmaq üçün məşqlərdə qüvvə və bacarığını əsirgəmir. Əzmkarlıq, möhkəm iradə isə yüksək ustalıqla yanaşı, böyük qələbələrə aparan yolda çox mühüm şərtdir.
Onlar arxayınlaşmaq fikrində deyillər, əksinə, özlərini və bütün Azərbaycanı daha böyük qələbələrlə sevindirmək arzusu ilə yaşayırlar. Hərçənd Olimpiada rinqində Rusiya, Kuba, Ukrayna, Qazaxıstan kimi güclü boks dövlətlərinin nümayəndələri ilə kəskin rəqabətin nə demək olduğunu heç kimə izah etmək lazım deyil. Lakin bu, boksçularımızı qorxutmur. Olimpiadanın ən əhəmiyyətli və ən məsul yarış olduğunu, onların qələbə və medallarının ölkəmizin nüfuzunu daha da artıracağını yaxşı dərk edən cəsur döyüşçülər sevimli Vətənin şan-şöhrəti naminə əllərindən gələn hər şeyi etməyə hazırlaşır və Azərbaycan komandasının Londonda ən güclülərdən biri olacağını təsdiq etmək arzusu ilə yaşayırlar.
Bu gözəl arzunun həyata keçməsi üçün yaxşı zəmin yaradılmışdır. Azərbaycan boksçuları olimpiadalardan, bir qayda olaraq, medal və yüksək əhval-ruhiyyə ilə qayıdırlar. Sidney-2000-də Vüqar Ələkbərov bürünc medal qazanaraq Olimpiya rinqində mükafatlarımızın hesabını açmış, bundan dörd il sonra Ağası Məmmədov və Fuad Aslanov müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada onun müvəffəqiyyətini təkrar etmişlər, 2008-ci ildə Pekində Şahin İmranov da fəxri kürsünün üçüncü pilləsində böyük sevinc hissi yaşamışdır.
İndi isə ənənələri davam etdirmək və möhkəmləndirmək növbəsi Londona səfərə hazırlaşan boksçularımızındır. Onlara uğurlar arzulayaq!
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.