O, artıq Londonda medal qazanmağı bacarmışdır

Olimpiya ümidlərimiz
İngiltərə paytaxtında XXX Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək iki taekvondoçumuzdan biri Ramin Əzizov (80 kq) Olimpiadanın açılışına hələ səkkiz ay qalmış - 2011-ci il dekabrın əvvəlində Londonda olimpiyaqabağı sınaq turnirində ABŞ, Almaniya və Koreya idmançıları üzərində qələbələr sayəsində ikinci yeri tutaraq bu mötəbər yarışın gümüş mükafatçısı olmuşdur.
Əgər o, zədələndiyi üçün final görüşündən imtina etməyə məcbur olmasaydı, turnirin qalibi adı uğrunda mübarizə aparacaqdı. Bununla belə, gümüş medal da kiçik müvəffəqiyyət deyildi və Raminin həmin mükafatı Olimpiadaya aparan yolda xoş əlamət kimi yadda qalmışdır.
Ötən il Əzizov üçün daha bir neçə böyük uğurla əlamətdar olmuşdur. Taekvondoçumuz ilin əvvəlində Almaniya və ABŞ-da keçirilən mötəbər yarışlarda bütün rəqiblərinə qalib gəlib fəxri kürsünün zirvəsinə yüksəlmiş, sonra Koreyada dünya çempionatında bürünc medal qazanmışdır.
Yayda, iyunun sonu-iyulun əvvəlində Bakıda keçirilmiş Olimpiadaya lisenziya xarakterli dünya miqyaslı turnirdə isə Ramin ikiqat sevinmişdir. "Doğma divarlar" arasında, "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil edilən bu yarışda müxtəlif çəki dərəcələrində 24 olimpiya vəsiqəsi uğrunda 100-dən çox ölkədən 350 -yə qədər kişi və qadın taekvondoçu mübarizə aparırdı. Həmyerlimiz Çin, Mərakeş idmançılarını məğlubiyyətə uğratdıqdan sonra yarımfinalda Pekin Olimpiadasının finalçısı italiyalı Mauro Sarmientiyə də qalib gəldi, həlledici görüşdə isə rəqibi Yusif Kərimi ( İran) zədə səbəbindən dayanq üzərinə çıxmadı. Nəticədə Ramin 80 kq çəki dərəcəsində turnirin qızıl medalı ilə yanaşı, İngiltərə paytaxtında Azərbaycan idmanını təmsil etmək hüququ da qazandı.
Sadaladığımız yarışlarda qeydə alınan qələbələr Əzizovun nüfuzunu daha da artırdı. Təsadüfü deyil ki, Beynəlxalq Taekvondo Federasiyasının 2011- ci il üçün tərtib etdiyi reytinq cədvəlində Azərbaycan idmançısı öz çəkisində dünyada üçüncü olmuşdur.
Bu il fevralın 8-də 24 yaşı tamam olmuş Raminin fəxri kürsüdə yer aldığı digər yarışları da xatırlamaq istəsək, 2005-ci ildə Bakıda gənclər arasında Avropa birinciliyində, bundan dörd il sonra yenə paytaxtımızda Dünya kuboku turnirində, 2010-cu ildə isə İranda beynəlxalq turnirdə bürünc mükafatlar qazandığını da qeyd edə bilərik.
Olimpiya ili də taekvondoçumuz üçün yaxşı başlanmışdır. Fevralda Ramin Las Veqasda ABŞ-ın açıq çempionatında ikinci yeri tutmuş, martda İspaniyanın Alikante şəhərində beynəlxalq turnirin qızıl medalına sahib olmuşdur.
İndi isə Olimpiya oyunlarına hazırlığın ən məsul dövrüdür. Ötən hər gün bizi Olimpiadanın açılış mərasiminə yaxınlaşdırır. Gündəlik gərgin məşğələlər, təlim -məşq toplanışları, sınaq görüşləri bir-birini əvəz edir. Bütün səylər Olimpiya oyunlarını yüksək səviyyədə, tam hazırlıqla qarşılamağa yönəldilmişdir. Şübhəsiz, Londonda görüşlər çox çətin keçəcək. Başqa cür ola da bilməz. Olimpiadada bütün rəqiblər güclü olacaq və hamı İngiltərəyə medal qazanmaq arzusu ilə yola düşəcək. Amma Azərbaycanın idman ictimaiyyəti Ramin Əzizova inanır. O, yuxarıda qeyd etdiyimiz kimi, artıq bir dəfə Londonda olimpiyaqabağı sınaq turnirində medal qazanmağı bacarmış, üstəlik də, Olimpiada turnirinin keçiriləcəyi salonla tanış olmuş, bir növ mühitə uyğunlaşmışdır. İndi qalır 2011- in dekabrında qazanılmış həmin müvəffəqiyyəti 2012-nin avqustunda təkrar etmək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında