Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına dair təqdimat etməsi bizim üçün böyük şərəfdir

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Moskvada keçiriləcək Milli Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcəkdir.
Bu sözləri aprelin 11-də keçirilən brifinqdə "Bakı-2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva demişdir.
Bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Rusiyanın paytaxtında min nəfər nümayəndə heyətinin iştirak edəcəyi assambleyada Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyinə dair təqdimatla çıxış edəcəkdir. Ölkəmizin Moskvada yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını əlamətdar hadisə kimi qiymətləndirən K.Nurullayeva assambleyada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına dair təqdimat etməsinin böyük şərəf olduğunu diqqətə çatdırmışdır.
Vurğulamışdır ki, 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyimizin irəli sürülməsində məqsədimiz bu mötəbər tədbir vasitəsilə ölkəmizdə idmanın inkişafını daha da sürətləndirmək, sağlam həyat tərzini təbliğ etmək, gələcək nəsillər üçün möhtəşəm idman infrastrukturunu miras qoymaq və dünyaya nümunəvi Olimpiya Oyunları keçirməyə qadir olduğumuzu göstərməkdir.
Bakının bu prosesdə üstünlüklərini diqqətə çatdıran K.Nurullayeva, paytaxtımızın iqliminin beynəlxalq idman yarışları üçün əlverişli olduğunu demişdir. Bildirmişdir ki, Bakı və bütövlükdə ölkəmiz zəngin mədəniyyət, gözəl təbiət və qədim tarixə malikdir. Əksər dünya ölkələrinin iqtisadi böhran vəziyyəti yaşadığı dövrdə ən sürətli iqtisadi göstəricilərə malik Azərbaycanın paytaxtı Bakının namizədliyinin irəli sürülməsi məntiqlidir.
"TNS Global"ın keçirdiyi rəy sorğusuna görə, Azərbaycan əhalisinin 95 faizinin Bakının 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini diqqətə çatdıran natiq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən imzatoplama kampaniyasının uğurla davam etdiyini diqqətə çatdırmışdır. Nəzərə çatdırılmışdır ki, hazırda ATGTİ tərəfindən 494 min imza toplanmışdır. Bunun 111 mini paytaxt, qalanı bölgələrin payına düşür.
K.Nurullayeva vurğulamışdır ki, Olimpiya və Paralimpiya Oyunları Bakıda keçirilərsə, bu, Azərbaycanın inkişafına təkan verəcək, həm də Beynəlxalq Olimpiya hərəkatının genişlənməsinə səbəb olacaqdır. Bizim namizədliyimizin şüarı olan "Birlikdə bacarırıq" ifadəsi Azərbaycanın beynəlxalq Olimpiya ictimaiyyəti və bütövlükdə dünya ölkələri ilə dostluq və əməkdaşlığın inkişafına olan istəyini nümayiş etdirir. "Bakı-2020" Sifariş Kitabında təqdim etdiyimiz Olimpiya infrastrukturu isə ölkəmizin və regionun gələcək idman ehtiyaclarını tam ödəyəcəkdir.
ATGTİ-nin sədri Şahin İsmayılov imzatoplama kampaniyasının uğurla davam etdiyini və vətəndaşlarımızın bu aksiyada yüksək fəallıq göstərdiyini diqqətə çatdırmışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Bakı-2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov və "Bakı-2020"-nin kommunikasiya direktoru Nərgiz Birk-Petersen daxildirlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında